Kontentə keç

Mündəricatı göstər

Birlikdə ibadət etmək vacibdir

Birlikdə ibadət etmək vacibdir

«Onlar... həvəslə birlikdə vaxt [keçirirdilər]» (HƏV. 2:42).

NƏĞMƏ: 20, 119

1—3. a) Məsihilər həmimanlıları ilə bir yerdə olmağı qiymətləndirdiklərini necə göstərmişlər? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Bu məqalədə nəyi müzakirə edəcəyik?

KEÇMİŞ Sovet İttifaqında yaşayan Korinanın 17 yaşı olanda anasını həbs edib əmək düşərgəsinə göndərmişdilər. Sonralar onun özünü də evlərindən minlərlə kilometr uzağa, Sibirə sürgün etmişdilər. Orada onunla qul kimi rəftar edirdilər. Bəzən şiddətli şaxtalarda onu əynində nazik paltar bayırda işlədirdilər. Belə ağır şəraitə baxmayaraq, Korina ilə bir bacı sözü bir yerə qoymuşdular ki, nə olursa-olsun mütləq yığıncağa gedəcəklər.

2 Korina deyir: «Axşam biz işlədiyimiz fermadan çıxdıq. 25 kilometr yol gedib dəmir yol stansiyasına çatdıq. Qatar gecə ikidə yola düşdü. Altı saat qatarla yol gedəndən sonra daha 10 kilometr yolu piyada gedib yığıncaq keçirilən yerə çatdıq». Bu boyda yolu getməyə dəyərdi? Korina deyir: «Görüşdə “Gözətçi qülləsi”ni araşdırdıq, Padşahlıq nəğmələri oxuduq. Ruhumuz pərvazlandı, imanımız möhkəmləndi». Onlar fermaya üç gündən sonra qayıtdılar, ancaq bu üç gün ərzində ferma müdiri nə Korinanın, nə də o biri bacının işdə olmadığından xəbər tutmamışdı.

3 Yehovanın xalqı həmimanlılarla bir yerdə olmağı həmişə qiymətləndirib. Məsihi yığıncağı yaranandan dərhal sonra İsanın davamçıları həvəslə birlikdə vaxt keçirməyə başlamışdılar (Həv. 2:42). Yəqin ki, siz də həmişə yığıncaq görüşlərində olmaq istəyirsiniz. Bununla belə, bütün məsihilər kimi, siz də müxtəlif çətinliklərlə üzləşirsiniz. Məsələn, iş, gərgin qrafik, yorğunluq ucbatından görüşlərə müntəzəm olaraq gəlmək heç də asan olmur. Bəs bu çətinlikləri aşmağa və yığıncağa daim gəlməyə bizə nə stimul verə bilər? [1] Müqəddəs Kitabı öyrətdiyimiz adamlara və başqalarına yığıncağa gəlməyin vacibliyini necə başa sala bilərik? Bu məqalədə birlikdə toplaşıb ibadət etməyin vacibliyini göstərən səkkiz amili araşdıracağıq. Bu amilləri üç hissəyə ayırmaq olar: yığıncaq görüşlərinə gəlməyin sizə hansı xeyri var? Başqalarına hansı faydanı gətirir? Nəyə görə Yehovanı razı salır? [2]

SİZƏ FAYDASI

4. Yığıncaq görüşləri bizim Yehova haqda biliyimizi necə artırır?

4 Görüşlərdə təlim alırıq. Hər yığıncaq görüşündə Yehova Allah haqqında biliyimizi artırırıq. Məsələn, ötən illərdə biz yığıncaqda Müqəddəs Kitab dərsində «Allahın məhəbbətindən ayrılmayın» kitabını öyrənirdik. Məgər bu kitabdan Allahın keyfiyyətləri barədə öyrənəndə, bacı-qardaşların sidqi-ürəkdən verdiyi şərhlərə qulaq asanda səmavi Atanıza məhəbbətiniz artmırdı? Yığıncaqda çıxışları, səhnəcikləri, Müqəddəs Kitabın qiraətini diqqətlə dinləyəndə Allahın Kəlamını daha yaxşı başa düşürük (Nəh. 8:8). Həmçinin Müqəddəs Kitabdan həftə üçün olan fəsilləri mütaliə edib hazırlaşanda, başqalarının da yığıncaqda söylədiyi fikirlərə qulaq asanda görün xəzinənizi nə qədər ruhani incilərlə doldurursunuz?

5. Yığıncaq görüşləri sizə Müqəddəs Kitabdan öyrəndiklərinizi tətbiq etməyə və xidmətdə püxtələşməyə necə kömək edir?

5 Görüşlərdə həyatımızın hər bir sahəsində Müqəddəs Kitab prinsiplərini tətbiq etməyi öyrənirik (1 Salon. 4:9, 10). Məsələn, «Gözətçi qülləsi»ndəki məqalələr Allahın xalqının tələbatları nəzərə alınaraq tərtib olunur. Heç elə olmayıb ki, «Gözətçi qülləsi» araşdırıldıqdan sonra məqsədlərinizi yenidən saf-çürük edəsiniz, dindaşınızı bağışlamaq, yaxud dualarınızı yaxşılaşdırmaq qərarına gələsiniz? Həftəarası keçirilən görüş bizi xidmətə hazırlayır. Burada müjdəni təbliğ etməyi, Müqəddəs Kitab həqiqətlərini başqalarına öyrətməyi öyrənirik (Mət. 28:19, 20).

6. Yığıncaq görüşləri bizi necə ruhlandırır və möhkəm qalmağa necə kömək edir?

6 Görüşlərdə ruhlanırıq. Bu dünya bizi mənən, cismən və ruhən sıxıb əzir. Yığıncaq görüşləri isə bizi ruhlandırır və möhkəmləndirir. (Həvarilərin işləri 15:30—32 ayələrini oxuyun.) Çox vaxt bu görüşlərdə Müqəddəs Kitabın yerinə yetən peyğəmbərliklərini nəzərdən keçiririk. Bunun sayəsində, Yehovanın gələcəklə bağlı verdiyi vədləri həyata keçirəcəyinə imanımız artır. Sözsüz ki, bizi təkcə kürsüdən çıxış edənlərin sözləri ruhlandırmır. Bacı-qardaşlarımızın verdiyi şərhlərə qulaq asanda, onların həmd nəğmələrini necə ürəkdən oxuduğunu eşidəndə ruhumuz təzələnir (1 Kor. 14:26). Görüşdən əvvəl və sonra onlarla söhbət edəndə böyük bir ailənin üzvü olduğumuzu hiss edir və təravətlənirik (1 Kor. 16:17, 18).

7. Nəyə görə yığıncaqda olmaq vacibdir?

7 Görüşlərdə müqəddəs ruhdan kömək alırıq. İsa Məsih demişdi: «Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin» (Vəhy 2:7). Bəli, İsa müqəddəs ruhun vasitəsilə yığıncaqları idarə edir. Günaha yol verməmək, cəsarətlə və bacarıqla təbliğ etmək, düzgün qərarlar vermək üçün bizim müqəddəs ruha böyük ehtiyacımız var. Məgər bu ruhu almaq üçün biz hər fürsətdən istifadə etməli deyilik? Yığıncaq görüşləri də məhz belə bir fürsəti bizim üçün yaradır.

BAŞQALARINA FAYDASI

8. Bacı-qardaşlar bizi yığıncaqda görəndə, şərhlərimizi və həmd nəğmələrini oxumağımızı eşidəndə bu, onlara necə kömək edir? («Yığıncaqdan qayıdanda xəstəliyi yadından çıxır» adlı çərçivəyə də baxın.)

8 Görüşlər bacı-qardaşlara sevgimizi göstərmək üçün bir fürsətdir. Bəzi bacı-qardaşlar böyük çətinliklərlə üzləşirlər. Təəccüblü deyil ki, həvari Bulus məsihiləri bir-birinə qarşı diqqətli olmağa təşviq etmişdi. «Diqqətli olmaq» kimi tərcümə olunan feil həm də «qayğı göstərmək» mənasını verir. Bulus sonra isə izah etmişdi ki, məsihilər yığıncaqlardan qalmamaqla bir-birinə qayğı göstərə bilərlər (İbr. 10:24, 25). Siz yığıncağa gəlməklə göstərirsiniz ki, bacı-qardaşlar diqqətinizə və qayğınıza layiqdir və onlarla vaxt keçirmək sizə xoşdur. Üstəlik, ürəkdən şərh verməyiniz və həmd nəğmələrini oxumağınız onları ruhlandırır (Kol. 3:16).

9, 10. a) Yəhya 10:16 ayəsindən qardaşlarla bir yerdə olmağın vacibliyi barədə nə öyrənirik? b) Müntəzəm olaraq yığıncağa gəliriksə, ailə üzvləri tərəfindən rədd olunan dindaşlarımıza necə kömək edə bilərik?

9 Görüşlər bizi bacı-qardaşlarımızla birləşdirir. (Yəhya 10:16 ayəsini oxuyun.) İsa Məsih özünü çobanla, ardıcıllarını isə sürü ilə müqayisə etmişdi. Təsəvvür edin: iki qoyun təpənin başında, iki qoyun dərədə, o birisi isə başqa yerdə otlasa, onlara sürü demək olar? Adətən, qoyun sürüsü bir yerdə, çobanın nəzarəti altında otlayır. Biz özümüzü başqalarından təcrid etsək, Çobanımızın arxasınca gedə bilmərik. Biz «bir çobanın» rəhbərliyi altında «bir sürüdə» birləşmək üçün digər məsihilərlə bir yerə toplaşmalıyıq.

10 Yığıncaq görüşləri bizə bir ailə kimi birləşməyə kömək edir (Zəb. 133:1). Bəzi iman bacı-qardaşlarımızı valideynləri, doğma bacı-qardaşları rədd edib. Ancaq İsa vəd etmişdi ki, onların ruhani ailəsi olacaq. Bu ailə onları sevəcək, onları qayğı ilə əhatə edəcək (Mark 10:29, 30). Siz müntəzəm olaraq yığıncağa gələndə bu əziz dindaşlarımızdan hansısa üçün ata, ana, bacı və ya qardaş olursunuz. Bu, bizi əlimizdən gələni edib bütün yığıncaq görüşlərinə gəlməyə təşviq etmir?

YEHOVANI RAZI SALIRIQ

11. Yığıncaq görüşlərinə gələndə Yehovanın qarşısında hansı borcumuzu yerinə yetiririk?

11 Görüşlərə gələndə Yehovanın qarşısında borcumuzu yerinə yetiririk. Yehova bir Yaradan kimi alqışa, calala, şükran və şərəfə layiqdir. (Vəhy 7:12 ayəsini oxuyun.) Biz görüşlərdə dua etməklə, həmd nəğməsi oxumaqla, Yehova haqqında danışmaqla bir xilqət kimi öz borcumuzu yerinə yetiririk: Ona ibadət edirik. Bizə o qədər yaxşılıq edən Allahı şərəfləndirmək bizim üçün böyük fəxrdir.

12. Yehovanın əmrinə itaət edib yığıncağa gələndə Yehova nə hiss edir?

12 Biz həmçinin Yehova Allaha itaət etməyə borcluyuq. O, xidmətçilərinə əmr edib ki, xüsusilə də axırzamanda yığıncaqlardan qalmasınlar. Biz bu əmrə könül xoşluğu ilə itaət edəndə Yehova razı qalır (1 Yəh. 3:22). O, bizim hər dəfə yığıncaq görüşlərinə gəlmək üçün göstərdiyimiz səyləri görür və qiymətləndirir (İbr. 6:10).

13, 14. Biz yığıncaq görüşlərində Yehova Allahla İsa Məsihə necə yaxınlaşırıq?

13 Görüşlərə gələndə göstəririk ki, Yehovaya və Onun Oğluna yaxın olmaq istəyirik. Yığıncaq görüşlərində Böyük Nəsihətçimiz Kəlamı vasitəsilə bizə rəhbərlik verir (Əşy. 30:20, 21). Hətta imanımıza şərik olmayan adamlar da yığıncağımıza gələndə belə nəticəyə gəlirlər: «Həqiqətən də, Allah sizinlədir» (1 Kor. 14:23—25). Yehova müqəddəs ruhu ilə yığıncaq görüşlərinə, orada verilən təlim proqramına rəhbərlik edir. Buna görə də görüşlərdə Yehovanın səsini dinləyir, Onun qayğısını hiss edirik. Beləcə, Ona yaxınlaşırıq.

14 İsa demişdi: «İki ya üç adam mənim adım naminə bir yerə yığışanda mən də orada, onların arasındayam» (Mət. 18:20). İsanın sözləri, prinsip etibarilə, yığıncaq görüşlərinə də aiddir. Yığıncağın başı olan Məsih Allahın xalqının yığıncaqları arasında gəzir (Vəhy 1:20—2:1). Bir təsəvvür edin! Bizim yığıncaqlarda möhkəmlənməyimiz üçün Yehova Allahla İsa Məsih fəal surətdə çalışır. Sizcə, Yehova Allah görəndə ki, biz Ona və Oğluna yaxınlaşmaq üçün əlimizdən gələni edirik, hansı hissləri keçirir?

15. Yığıncaq görüşlərinə gəlməklə Yehovaya tabe olmaq istədiyimizi necə göstəririk?

15 Görüşlərə gələndə Yehovanın hakimiyyətini dəstəklədiyimizi göstəririk. Yehova bizə yığıncaq görüşlərinə gəlməyi əmr etsə də, bizi buna məcbur etmir (Əşy. 43:23). Buna görə də bizim Onu nə dərəcədə sevdiyimizi, hakimiyyətini nə dərəcədə dəstəklədiyimizi göstərmək imkanımız var (Rom. 6:17). Məsələn, müdir bizdən arada yığıncaq görüşlərini buraxıb işləməyi tələb edə bilər. Həmimanlılarımızla birgə toplaşmayaq deyə, hökumət bizə cərimə, həbs cəzası və ya daha ağır cəza ilə hədə-qorxu gələ bilər. Yaxud bəzən elə ola bilər ki, biz yığıncağa getməyib dincəlmək istəyərik. Belə vəziyyətlərdə seçim etməli oluruq: kimə xidmət edəcəyik? (Həv. 5:29). Biz Yehovanın hakimiyyətini dəstəkləməyi seçəndə Onun qəlbini sevindiririk (Məs. 27:11).

YIĞINCAQLARDAN QALMAYIN

16, 17. a) Haradan bilirik ki, birinci əsrdəki məsihilər üçün çox vacib idi? b) Corc Qanqas qardaş yığıncaq görüşlərinə necə yanaşırdı?

16 İlk məsihilər heyrətamiz möcüzələr baş verən Əllinci gün bayramından sonra bir müddət görüşlər keçirib sonra pərən-pərən düşmədilər. Onlar sonralar da həvarilərdən həvəslə təlim almağa, birlikdə vaxt keçirməyə davam etdilər (Həv. 2:42). Yunan dilindən «həvəslə» kimi tərcümə olunan söz var gücü ilə çalışıb dözmək, mətin qalmaq mənasını verir. Roma idarəçiliyi altında yaşayan, yəhudi din xadimlərinin təqibləri ilə üzləşən o məsihilər üçün görüşlərə gəlmək asan deyildi. Ancaq onlar dəyanət göstərirdilər.

17 Bu gün də Yehovanın bir çox xidmətçiləri yığıncaq görüşlərini yüksək qiymətləndirir. 22 ildən çox Rəhbərlik Şurasının üzvü olan Corc Qanqas demişdi: «Bacı-qardaşlarla bir yerdə olmaq mənə qol-qanad verir. Onları görəndə ürəyim açılır. İbadət evinə tez gəlməyəndə elə bil nəyisə əldən vermişəm. Görüş qurtaranda isə heç oradan getmək istəmirəm. Allahın xalqı ilə ünsiyyət edəndə sevincim yerə-göyə sığmır. Onlarla olanda özümü evimdə, ailə üzvlərimin arasında, ruhani cənnətdə hiss edirəm. Kompasın əqrəbi şimalı göstərdiyi kimi, mənim də fikrim-zikrim həmişə yığıncaqdır».

18. Siz yığıncaq görüşlərinə necə yanaşırsınız və nə etmək əzmindəsiniz?

18 Siz də Yehovaya ibadət etmək üçün bacı-qardaşlarla birgə toplaşmağa bu cür yanaşırsınız? Onda hətta çətin olanda belə, əlinizdən gələni edib həmişə yığıncaq görüşlərinə gəlin. Belə etsəniz, «Yehova, məskən etdiyin evi... sevirəm» deyən Davud padşahın sözlərinə şərik olduğunuzu göstərəcəksiniz (Zəb. 26:8).

^ [1] (3-cü abzas) Bəzi bacı-qardaşlarımız özlərindən asılı olmayan səbəblərdən, məsələn, ciddi xəstəlik ucbatından yığıncaq görüşlərində müntəzəm iştirak edə bilmirlər. Onlar əmin ola bilərlər ki, Yehova onların vəziyyətini başa düşür və ürəkdən etdikləri ibadəti yüksək qiymətləndirir. Ağsaqqallar bu cür bacı-qardaşlara ruhani proqramdan faydalanmağa kömək edə bilərlər. Məsələn, onların görüşlərə telefonla qulaq asmasını təşkil edə bilərlər, yaxud görüşləri yazıya alıb onlara verə bilərlər.

^ [2] (3-cü abzas) «Yığıncaq görüşlərinə gəlmək nə üçün vacibdir?» adlı çərçivəyə baxın.