Kontentə keç

Mündəricatı göstər

Ruh bizə təlqin edir

Ruh bizə təlqin edir

«Bu ruh bizə təlqin edir ki, biz Allahın övladlarıyıq» (ROM. 8:16).

NƏĞMƏ: 109, 108

1—3. Əllinci gün bayramında hansı vacib hadisələr baş verdi və həmin hadisələrlə Müqəddəs Yazılardakı hansı peyğəmbərlik yerinə yetdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

SƏHƏR saat doqquz radələri idi. Həmin gün Yerusəlimdəkilər üçün xüsusi idi, çünki bayram günü idi. Üstəlik, bayram olduğuna görə bu gün həm də şənbə günü sayılırdı. Məbəddə səhər qurbanı artıq təqdim olunmuşdu. İndi isə baş kahin təzə taxıldan hazırlanmış iki mayalı çörəyi yelletmə təqdiməsi kimi təqdim etməyə hazırlaşırdı. Hər yerdə xoş ab-hava var idi (Lav. 23:15—20). Bu təqdimə buğda biçininin başladığını göstərirdi. Söhbət eramızın 33-cü ilinin Əllinci gün bayramından gedir.

2 Məbəddə bütün bunlar baş verən zaman məbəddən kənarda, şəhərdəki evlərin birində daha vacib bir hadisə vaqe olacaqdı. Təxminən 120 məsihi evin üst mərtəbəsindəki otağa yığışıb «aramsız dua edirdilər» (Həv. 1:13—15). Həmin vacib hadisə məhz bu şagirdlərlə baş verəcəkdi. Bu hadisə hər Əllinci gün bayramında baş kahinin yerinə yetirdiyi ayinlərlə sıx bağlı idi. Bu hadisə ilə həm də 800 il əvvəl Yuil peyğəmbərin dediyi peyğəmbərlik yerinə yetəcəkdi (Yuil 2:28—32; Həv. 2:16—21). Axı nə baş verəcəkdi? Nəyə görə bu hadisə belə vacib idi?

3 Həvarilərin işləri 2:2—4 ayələrini oxuyun. Allahın müqəddəs ruhu üst mərtəbədə yığışan həmin məsihilərin üzərinə töküldü (Həv. 1:8). Onlar eşitdikləri və gördükləri əzəmətli şeylər barədə peyğəmbərlik, yəni şahidlik etməyə başladılar. Qısa müddət ərzində oraya izdiham yığışdı. Həvari Butrus baş vermiş hadisənin mahiyyətini onlara izah etdi. Sonra o, dinləyicilərinə dedi: «Tövbə edin və qoy hər kəs günahlarının bağışlanması üçün İsa Məsihin adı ilə vəftiz olunsun, onda müqəddəs ruh ənamını alacaqsınız». Həmin gün ümumilikdə təxminən 3000 nəfər bu dəvəti qəbul edib vəftiz olundu və müqəddəs ruh aldı (Həv. 2:37, 38, 41).

4. a) Nəyə görə Əllinci gün bayramında baş verən hadisə bizim üçün böyük əhəmiyyət kəsb edir? b) Ola bilsin, çox illər əvvəl həmin gün hansı başqa hadisə baş vermişdi? (Haşiyəyə baxın.)

4 Nəyə görə 33-cü ilin Əllinci gün bayramı bizim üçün belə vacibdir? Sözsüz ki, bu, Yerusəlimdəki məbəddə icra olunan ayinlərə görə deyil. Səbəb böyük baş kahin İsa Məsihin həmin ayinlərin təmsil etdiyi hadisələri həyata keçirməsidir. [1] Həmin gün baş kahin Yehovaya iki simvolik çörək təqdim etdi. Məbəddə təqdim olunan maya qatılmış çörəklər Allahın günahlı bəşəriyyətdən seçib övladlığa götürdüyü məsh olunmuş şagirdləri təmsil edirdi. Beləcə, «nübar» adlanan məsh olunmuşlara göylər həyatına və Allahın Padşahlığında padşah olmağa yol açıldı. Bu Padşahlıq yerdə qalan itaətkar bəşəriyyətə sonsuz xeyir-dualar gətirəcək (Yaq. 1:18; 1 But. 2:9). İstər İsa Məsihlə göydə yaşamaq, istərsə də yer üzü cənnətdə əbədi yaşamaq ümidinə malik olaq, həmin gün baş vermiş hadisələr bizim həyatımıza böyük təsir göstərir!

NECƏ MƏSH OLUNURLAR?

5. Haradan bilirik ki, bütün məsh olunmuşlar eyni cür məsh olunmur?

5 Əgər siz başına alov dilləri qonan şagirdlərdən biri olsaydınız, həmin günü heç vaxt unutmazdınız. Sizdə müqəddəs ruhla məsh olunduğunuza zərrə qədər də şübhə olmazdı, xüsusilə də əgər başqa dildə danışmaq ənamını alsaydınız (Həv. 2:6—12). Bəs müqəddəs ruhla məsh olunanların hamısı həmin o 120 şagird kimi, möhtəşəm şəkildə məsh olunur? Xeyr. Həmin gün Yerusəlimdə olan digər adamlar vəftiz olunanda məsh olundular (Həv. 2:38). Onların başının üstündə alov dili peyda olmadı. Üstəlik, məsh olunmuşların hamısı vəftiz olunan vaxt məsh olunmurlar. Səməriyyəlilər vəftiz olunandan bir qədər sonra müqəddəs ruhla məsh olunmuşdular (Həv. 8:14—17). Digər tərəfdən, Kornili və onun ev əhli vəftiz olunmamışdan qabaq müqəddəs ruhla məsh olunmuşdular. Bu, istisna hal idi (Həv. 10:44—48).

6. Bütün məsh olunmuşlar nəyə sahib olur və bu, onlarda hansı hissi yaradır?

6 Məsh olunmuşların hamısı məsh olunduqlarını eyni cür başa düşmür. Bəziləri göylər dəvətini aldığını dərhal dərk edir, digərləri isə bunu anlamağa, yəni qəbul etməyə vaxt lazım gəlir. Ancaq məsh olunmanın necə baş verdiyindən asılı olmayaraq, məsh olunmuşların hər biri həvari Bulusun dediyi bir şeyə sahibdir: «Siz iman edəndən sonra Allah Məsih vasitəsilə sizi vəd edilmiş müqəddəs ruhla möhürlədi. Bu ruh mirasımıza zəmanətdir» (Efes. 1:13, 14). Müqəddəs ruhun onlarda bu cür, xüsusi şəkildə fəaliyyət göstərməsi gələcək üçün bir növ beh, girov rolunu oynayır. Aldığı zəmanət məsh olunmuş məsihidə seçildiyinə dair daxili əminlik, arxayınlıq yaradır. (2 Korinflilərə 1:21, 22; 5:5 ayələrini oxuyun.)

7. Hər bir məsh olunmuş göylər mükafatını almaq üçün nə etməlidir?

7 Məsihinin bu zəmanəti alması o deməkdirmi ki, o mütləq göylər mükafatını alacaq? Xeyr. Həmin məsihi göylər dəvətini aldığına əmin olur. Ancaq göylər mükafatını alıb-almayacağı onun dəvətinə axıradək sadiq qalmasından asılıdır. Həvari Butrus bunu belə izah etmişdi: «Qardaşlar, buna görə də aldığınız dəvəti və Allah tərəfindən seçildiyinizi doğrultmaq üçün var qüvvənizlə çalışın. Bunu etsəniz, heç vaxt yıxılmayacaqsınız. Onda Ağamız və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığının qapısı üzünüzə geniş açılacaq» (2 But. 1:10, 11). Buna görə də hər bir məsh olunmuş məsihi sadiq qalmaq üçün mübarizə aparmalıdır. Əks təqdirdə, o, göylər dəvətini itirəcək (İbr. 3:1; Vəhy 2:10).

MƏSH OLUNDUQLARINI NECƏ BİLİRLƏR?

8, 9. a) Nəyə görə əksər insanlar məsh olunmağın nə demək olduğunu başa düşməyə çətinlik çəkirlər? b) İnsan göyə getməyə dəvət aldığını necə bilir?

8 Allahın xidmətçilərinin böyük əksəriyyəti məsh olunmağın nə demək olduğunu başa düşməyə çətinlik çəkir. Bu, normaldır, çünki özləri məsh olunmayıblar. Allahın əzəli niyyəti o idi ki, insanlar yer üzündə əbədi yaşasınlar (Yar. 1:28; Zəb. 37:29). Bəzi insanların göydə padşah və kahin kimi xidmət etmək üçün seçilməsi qeyri-adi bir şeydir. Bu, zərurətdən doğan bir tədbirdir. İnsan göylər dəvəti alanda onun düşüncəsi, baxışları, ümidi kökündən dəyişir. (Efeslilərə 1:18 ayəsini oxuyun.)

9 Bəs insan göylər dəvəti aldığını, yəni bu xüsusi zəmanətə sahib olduğunu necə bilir? Bunun cavabını həvari Bulusun Romadakı məsh olunmuş qardaşlara yazdığı sözlərdən görmək olar. O, «müqəddəs olmaq üçün çağırılmış» bu qardaşlara demişdi: «Bu ruh bizi kölə edib yenidən qorxuya salmır, bu ruhun vasitəsilə biz oğulluğa götürülürük və bu ruhun təşviqi ilə “Atacan, Ata!” — deyə çağırırıq. Bu ruh bizə təlqin edir ki, biz Allahın övladlarıyıq» (Rom. 1:7; 8:15, 16). Sadə dillə desək, Allah müqəddəs ruhu vasitəsilə insana aydın edir ki, o, Padşahlığın gələcək varisi olmağa dəvət olunub (1 Salon. 2:12).

10. «Kimsənin məsh olunmuş məsihini öyrətməsinə ehtiyac yoxdur» sözlərini necə başa düşmək olar?

10 Allahdan bu xüsusi dəvəti alan insanlar kiminsə bunu təsdiqləməsinə ehtiyac duymurlar. Yehova onların ağlında və ürəyində şübhə yeri qoymur. Həvari Yəhya məsh olunmuş məsihilərə demişdi: «Siz Müqəddəs Allah tərəfindən məsh olunmusunuz; hamınız həqiqəti bilirsiniz». Sonra əlavə etmişdi: «Sizə gəldikdə isə, Ondan aldığınız məsh sizdədir və kimsənin sizi öyrətməsinə ehtiyac yoxdur. Ondan aldığınız məsh həqiqətdir, yalan deyil, o sizə hər şeyi öyrədir. O, sizi öyrətdiyi kimi, siz də sizi məsh edənlə vəhdətdə qalın» (1 Yəh. 2:20, 27). Hamı kimi bu insanların da ruhani öyüd-nəsihətə ehtiyacı var. Ancaq kiminsə onların məsh olunduğunu təsdiq etməsinə ehtiyac yoxdur. Kainatdakı ən qüdrətli qüvvə onları buna əmin edir!

YENİDƏN DOĞULURLAR

11, 12. Məsh olunmuş məsihidə hansı şübhələr ola bilər, ancaq o, nəyə qətiyyən şübhə etmir?

11 Müqəddəs ruh insanı məsh olunduğuna əmin edəndə onda böyük dəyişikliklər baş verir. İsa daxildə gedən bu prosesi «yenidən doğulmaq», yaxud «yuxarıdan doğulmaq» adlandırmışdı [2] (Yəh. 3:3, 5, haşiyə). Sonra izah etmişdi: «“Yenidən doğulmalısınız” dediyimə təəccüblənmə. Külək istədiyi səmtə əsir. Sən onun səsini eşidirsən, amma haradan gəlib hara əsdiyini bilmirsən. Ruhdan doğulmuş hər adam da belədir» (Yəh. 3:7, 8). Bəli, məsh olunmayan adama məsh olunmuş olmağın nə demək olduğunu tam izah etmək qeyri-mümkündür.

12 Göylər dəvətini alan məsihilərdə belə suallar yarana bilər: «Nəyə görə mən seçilmişəm? Nəyə görə başqası yox, məhz mən?» Onlar özlərinin bu dəvətə layiq olduğuna şübhə edə bilərlər. Lakin bu dəvəti aldıqlarına əsla şübhə etmirlər. Bu dəvəti aldıqlarına görə onların ürəyi sevincdən cuşa gəlir, minnətdarlıqla dolub-daşır. Onlar həvari Butrusun keçirdiyi hissləri keçirirlər. O, Allahdan ilham alaraq yazmışdı: «Ağamız İsa Məsihin Atası və Allahına şükürlər olsun! O, böyük mərhəmətinə görə İsa Məsihi diriltməklə bizə yeni həyat verib canlı ümidə qovuşdurdu. O, bizə əbədi, ləkəsiz və solmaz miras verdi. Bu miras sizin üçün göydə qorunub saxlanılır» (1 But. 1:3, 4). Məsh olunmuşlar bu sözləri oxuyanda səmavi Atalarının şəxsən onlarla danışdığına zərrə qədər də şübhə etmirlər.

13. Müqəddəs ruhla məsh olunan insanın düşüncəsi necə dəyişir və bu dəyişikliyə nə səbəb olur?

13 Allahın ruhu bu məsihilərə məsh olunduqlarını təlqin etməzdən əvvəl onlar yer üzündə yaşamağa ümid edirdilər. Onlar Yehovanın yer kürəsini təmizləyəcəyi vaxtı həsrətlə gözləyiblər, həmin vaxtda yaşamağı arzulayıblar. Dirilən doğmalarını qarşılayacağı vaxtı xəyallarında canlandırıblar. Tikəcəkləri evdə yaşamağı, əkdikləri ağacların bəhrəsindən yeməyi səbirsizliklə gözləyiblər (Əşy. 65:21—23). Bəs onların düşüncələri niyə dəyişdi? Ona görə yox ki, onlar bu ümiddən bezdilər. Yaxud emosional sarsıntı, əzab çəkdikləri üçün fikirlərindən daşındılar. Nə də yerdə əbədi yaşamaq birdən-birə onlara cansıxıcı, darıxdırıcı gəldiyi üçün və ya göyün yeni hüdudlarını kəşf etmək istədikləri üçün onlar yerdən imtina etmədilər. Onlar üçün bu qərarı verən Allah oldu. Allahın ruhu onları dəvət edəndə, həm də onların düşüncəsini və ümidini dəyişdi.

14. Məsh olunmuşlar yer üzündəki həyatlarına necə yanaşırlar?

14 Bəs bu, o deməkdirmi ki, məsh olunmuş məsihilər ölmək istəyir? Həvari Bulus bu suala belə cavab vermişdi: «Bu çadırda olan bizlər ağır yük altında inildəyirik. Biz onu əynimizdən çıxarmaq yox, başqasına bürünmək istəyirik ki, həyat faniliyi yox etsin» (2 Kor. 5:4). Onlar bu həyata maraqlarını itirməyiblər, bu həyatın tez başa çatmasını istəmirlər. Əksinə, onlar yaşadıqları hər günü dostları və qohumları ilə birgə Yehovaya xidmətə həsr etmək istəyirlər. Ancaq nə işlə məşğul olurlarsa-olsunlar, gələcəklə bağlı möhtəşəm ümidləri ağıllarından çıxmır (1 Kor. 15:53; 2 But. 1:4; 1 Yəh. 3:2, 3; Vəhy 20:6).

SİZ DƏVƏT OLUNMUSUNUZ?

15. İnsanın müqəddəs ruhla məsh olunduğuna nə dəlalət etmir?

15 Ola bilsin, sizi düşündürür ki, görəsən, bu dəvəti almısınız, yoxsa yox. Əgər bu dəvəti aldığınızı ehtimal edirsinizsə, bu suallar barədə düşünün. Siz xidmətə həddindən artıq can yandırırsınız? Allahın Kəlamını cidd-cəhdlə araşdırır, «Allahın dərin sirlərini» tədqiq etməyi sevirsiniz? (1 Kor. 2:10). Yehovanın xidmətinizə xüsusilə xeyir-dua verdiyini hiss edirsiniz? Yehovanın iradəsini yerinə yetirmək eşqi ilə alışıb-yanırsınız? Başqalarına ruhani cəhətdən kömək etməyi özünüzə borc bilirsiniz? Həyatınızda Yehovanın əlini açıq-aşkar hiss edirsiniz? Əgər bu suallara «bəli» deyə cavab verirsinizsə, onda bu, o deməkdirmi ki, siz göylərə dəvət almısınız? Xeyr. Çünki bu hisslər təkcə göylərə dəvət alan məsihilərə xas deyil. Yehovanın ruhu yerdə yaşamağa ümid edən insanlarda da eyni qüvvə ilə fəaliyyət göstərir. Əgər sizi düşündürürsə ki, görəsən, göydə yaşamağa dəvət olunmusunuz, ya yox, bu, artıq göstərir ki, siz dəvət olunmamısınız. Yehovanın dəvət etdiyi kəslərdə dəvət olunduqlarına heç bir şübhə olmur! Onlar buna əmindirlər!

16. Allahın ruhunu alan hər kəsin göylər dəvətini almadığını haradan bilirik?

16 Müqəddəs Kitabda göydə yaşamağa ümid etməyən, ancaq müqəddəs ruh alan bir çox mömin insanlar haqda yazılıb. Onlardan biri Vəftizçi Yəhya idi. İsa Məsih onu tərifləmişdi, eyni zamanda demişdi ki, o, səmavi Padşahlıqda olmayacaq (Mət. 11:10, 11). Davudun da üzərinə müqəddəs ruh enmişdi (1 İşm. 16:13). O, çox ruhani düşüncəli insan idi, hətta Allahdan ilham alaraq Müqəddəs Kitabın bəzi hissələrini yazmışdı (Mark 12:36). Bununla belə, Əllinci gün bayramında həvari Butrus Davudun göyə qalxmadığını demişdi (Həv. 2:34). Yehova müqəddəs ruhu vasitəsilə bu adamlara qüdrətli işlər görməyə güc vermişdi, amma bu ruh onlara göylər həyatına seçildiklərini təlqin etməmişdi. Bu, o demək deyil ki, onlar kifayət qədər sadiq deyildilər, yaxud da göydə padşahlıq etməyə yaramırdılar. Sadəcə olaraq, Yehova onları yer üzündəki cənnətdə yaşamaq üçün dirildəcək (Yəh. 5:28, 29; Həv. 24:15).

17, 18. a) Bu gün Allahın xidmətçilərinin əksəriyyəti nəyə ümid edir? b) Növbəti məqalədə hansı suallar müzakirə olunacaq?

17 Bu gün Allahın xidmətçilərinin əksəriyyəti göylər dəvəti almayıb. Onlar da Davud, vəftizçi Yəhya və qədimdə yaşayan digər sadiq kişi və qadınlar kimi eyni ümidə malikdirlər. İbrahim peyğəmbər kimi, Allahın Padşahlığının rəhbərliyi altında yer üzündə yaşamağı səbirsizliklə gözləyirlər (İbr. 11:10). Göydə yaşamaq üçün seçilən 144 000 nəfərdən hal-hazırda yer üzündə az adam qalıb (Vəhy 12:17). Bu, o deməkdir ki, onların əksəriyyəti artıq sonadək sadiq qalaraq ölüb.

18 Bəs yerdə yaşamağa ümid edənlər məsh olunduğunu deyən kəslərə necə yanaşmalıdır? Əgər yığıncağınızda kimsə Məsihin ölümünü anma mərasimində simvollardan qəbul etməyə başlayarsa, onunla necə davranmalısınız? Göylər dəvətini aldığını deyənlərin sayının artması sizi narahat etməlidirmi? Bu suallar növbəti məqalədə müzakirə olunacaq.

^ [1] (4-cü abzas) Əllinci gün bayramı, çox güman ki, Sina səhrasında Qanunun verildiyi günlə üst-üstə düşür (Çıx. 19:1). Əgər bu belədirsə, onda Yehova Musanın vasitəsilə həmin gün israilliləri Qanun əhdinə daxil etdiyi kimi, İsa Məsih də həmin gün yeni xalqı, ruhani İsraili yeni əhdə daxil etmişdi.

^ [2] (11-ci abzas) Yenidən doğulmağın nə demək olduğu barədə əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2009-cu il 1 aprel sayının 3—11 səhifələrinə (rus.) baxın.