Təbiətdən nə öyrənirik?
Təbiətdən nə öyrənirik?
«Gəl heyvanlardan soruş, sənə öyrədər, göydəki quşlardan soruş, onlar sənə danışar. Yerə diqqət ver, o, sənə aşılayar, dənizdəki balıqlar sənə anladar» (ƏYYUB 12:7, 8).
SON illərdə alim və mühəndislər, sözün əsl mənasında, bitki və heyvanlardan öyrənməyə başlayıblar (Əyyub 12:7, 8). Onlar yeni mexanizm və materiallar yaratmaq və ya mövcud olanları təkmilləşdirmək məqsədilə müxtəlif canlıları öyrənərək onların bioloji quruluşlarını təkrarlamağa çalışırlar. Elmin bu sahəsi biomimetika adlanır. Növbəti nümunələri nəzərdən keçirdikcə düşünün: bütün yaradılan şeylərə görə əslində şərəfə kim layiqdir?
İnsanların balinanın üzgəcindən öyrəndikləri
Aviasiya konstruktorları qozbel balinadan nə öyrənə bilərlər? Görünür, çox şey. Böyük qozbel balinanın çəkisi təxminən 30 tondur. Bu, dolu yük maşınının çəkisinə bərabərdir. Balinanın elastik olmayan bədəni və qanadabənzər böyük üzgəcləri var. Lakin təəccüblüsü odur ki, bu 12 metrlik canlı suda iti hərəkət edə bilir. Misal üçün, yemlənmək üçün qozbel balina xırda balıq və xərçəngkimilər sürüsünün altına keçib spiralvari xətt üzrə, yəni dövrə vura-vura, yuxarı üzməyə başlayır. Eyni vaxtda ağzından çoxlu xırda köpüklər buraxır. Bu bir metr yarım diametri olan «köpük toru» xırda balıqları suyun səthinə qaldırır. Onda balina ağzını açıb yemini rahatca udur.
Ancaq alimləri əsasən bir şey maraqlandırır: necə olur ki, ağırtərpənən canlı kimi görünən bu balina az diametrli spiralvari xətt üzrə üzə bilir? Araşdırmalar nəticəsində bəlli olub ki, sən demə, bütün sirr üzgəcinin quruluşunda imiş. Üzgəcin ön kənarı təyyarənin qanadı kimi, hamar yox, dilik-dilikdir, şişəbənzər çıxıntılarla örtülüdür.
Balina sürətlə su qatlarını yaranda, bu çıxıntılar onun qalxma qüvvəsini artırır, suyun müqavimət qüvvəsini isə azaldır. Bu necə baş verir? Təbiətşünaslıq üzrə bir jurnalda izah olunur ki, balina su səthinə dikinə qalxanda da, bu çıxıntıların sayəsində su axını üzgəcdən nizamlı və bərabər şəkildə keçir. Əgər üzgəcin ön tərəfi hamar olsaydı, onda balina dövrə vura-vura qalxa bilməzdi. Su üzgəclərin arxasına burulub kiçik burulğanlar əmələ gətirərdi və bu da balinanın qalxma qüvvəsini azaldardı.
Bu kəşf praktiki olaraq necə tətbiq oluna bilər? Bu üzgəc əsasında düzəldilmiş təyyarə qanadına hava axınını idarə etmək üçün daha az sayda qanad-arxalığı və ya digər mexanizmlər tələb olunar. Belə qanadlar daha təhlükəsiz və etibarlı, onlara qulluq etmək isə daha asan olardı. Biomexanika üzrə mütəxəssis Con Lonq hesab edir ki, yaxın gələcəkdə «hər təyyarənin qanadına qozbel balinanın üzgəcindəki kimi çıxıntılar quraşdırılacaq».
Qağayı qanadına bənzər
Əlbəttə, hamıya bəllidir ki, təyyarə qanadları quş qanadlarının əsasında düzəldilib. Bu yaxınlarda isə mühəndislər orijinala daha yaxın olmağa müvəffəq olublar. «Nyu Sayəntist» jurnalında qeyd olunur ki, «Florida Universitetinin tədqiqatçıları... qağayı kimi havada süzə, şığıya və sürətlə yüksəyə qalxa bilən uzaqdan idarə olunan təyyarə modelini hazırlayıblar».
Qağayılar qanadlarını dirsəkdən və çiyindən bükərək havada iti manevrlər edə bilirlər. Yuxarıda adı çəkilən jurnalda deyilir ki, bu qanadın quruluşunun əsasında konstruktorlar «60 santimetrlik təyyarə modelinə bir-birinə birləşdirilmiş milləri idarə edərək qanadları hərəkətə gətirən kiçik mühərrik quraşdırmışlar». Məharətlə düzəldilmiş bu qanadların sayəsində kiçik təyyarə hündür binalar arasında süzə və şığıya bilir. Bəzi hərbçilər iri şəhərlərdə kimyəvi və bioloji silahların axtarışında istifadə etmək üçün belə yüksəkmanevrli təyyarələrin hazırlanmasına böyük maraq göstərirlər.
Gekkon kərtənkələsinin pəncəsi
Quruda yaşayan heyvanlardan da çox şey öyrənmək olar. Məsələn, kiçik ölçülü gekkon kərtənkələsi divarlara dırmaşa və tavandan başıaşağı sallana bilir. Bu kərtənkələnin qeyri-adi qabiliyyəti insanlara ta qədimdən məlumdur (Məsəllər 30:28). Gekkon kərtənkələsi cazibə qüvvəsini aşmağa necə müvəffəq olur? Onun sirri nədədir?
Gekkonun hətta şüşə kimi hamar səthlərə də yapışa bilməsinin səbəbi pəncə səthini örtən mikroskopik tükcüklərdir. Onun pəncəsi yapışqan ifraz etmir, əksinə, çox kiçik molekulyar qüvvə əmələ gətirir. İki səthin molekulları van der Vaals qüvvələri kimi tanınan çox zəif cəzbedici qüvvələr sayəsində bir-birilə birləşirlər. Adətən cazibə qüvvəsi bu cür qüvvələri asanlıqla dəf edə bilir, buna görədir ki, biz əllərimizi divara söykəyib ona dırmaşa bilmirik. Ancaq gekkonun pəncəsindəki xırda tükcüklər divarla təmasa girən səthin sahəsini genişləndirir. Gekkonun pəncələrindəki minlərlə tükcüklər sayəsində artan van der Vaals qüvvələri kərtənkələnin çəkisini saxlamaq üçün kifayət edən cazibə qüvvəsi hasil edir.
Bu kəşfi təcrübədə necə tətbiq etmək olar? Velkro və ya ilgəkli yapışdırıcı lentlər (təbiətdən götürülmüş başqa bir ideya *) əvəzinə gekkonun pəncələri prinsipi əsasında düzəldilmiş sintetik materialların istehsalında. Bir jurnalda bir tədqiqatçının sözləri sitat gətirilərək deyilir ki, gekkonun pəncəsi əsasında düzəldilmiş sintetik materiallar xüsusilə «tibb sahəsində yararlı ola bilər, çünki bəzi hallarda kimyəvi yapışqanlardan istifadə etmək qətiyyən olmaz» («The Economist»).
Bütün bunların səbəbkarı kimdir?
Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) isə əqrəb kimi yeriyən çoxayaqlı robot layihəsinin üzərində işləyirdi; finlandiyalı mühəndislər isə, nəhəng həşərat kimi, böyük maneələri aşa bilən altıayaqlı traktor düzəldiblər. Digər tədqiqatçılar şamağacının qozasındakı kimi açılıb-örtülən kiçik qapaqları olan material icad ediblər. Bu materialdan paltar geyinmiş adamın bədən temperaturu tənzimlənir. Avtomobil istehsalçıları bədəni yüksək aerodinamik xüsusiyyətlərə malik sandıq balığının əsasında avtomobil layihəsi üzərində işləyirlər. Digər tədqiqatçılar isə yüngül, eyni zamanda daha möhkəm zirehli paltar hazırlamaq məqsədilə balıqqulağı molyuskalarının amartizasiya xüsusiyyətlərini öyrənirlər.
Təbiətdə faydalı və öyrənməli çox şey olduğundan alimlər minlərlə müxtəlif bioloji sistemləri özünə daxil edən məlumat bazası yaratmışlar. «Ekonomist» jurnalında deyilir ki, alimlər bu məlumat bazasından «öz layihələrində yaranan problemlərin təbii həllini tapa bilərlər». Bu bazaya daxil olunan bioloji sistemlər «bioloji patentlər» adlanır. Adətən, patentin sahibi — yeni ideyanın və ya ixtiranın ona aid olduğunu rəsmi şəkildə təsdiq etdirən şəxs və ya şirkət olur. Görün bioloji patentlərin məlumat bazası haqqında həmin jurnalda nə deyilir: «Biomimetikanın orijinal ideyalarını “bioloji patent” adlandırmaqla alimlər, bir növ, təbiətin patentin sahibi olduğunu etiraf etmişlər».
Bu dahiyanə fikirləri təbiət necə həyata keçirə bilib? Bir çox alimlər təbiətin bu möcüzələrini milyonlarla il davam edən təkamülün cəhd və səhvlərinə şamil edirlər. Digər alimlər isə tamamilə başqa cür fikirləşirlər. Mikrobioloq Maykl Bihinin «Nyu-York Tayms» qəzetinin 2005-ci il sayında yazdığı sözlərə diqqət yetirin: «[Təbiətdə hər şeyin] müəyyən məqsədlə yaradıldığının aydın təzahürü sayəsində sadə, eyni zamanda təkzibedilməz əsas gətirmək mümkündür: əgər hansısa bir şey ördəyə oxşayır, onun kimi yeriyir və vaqqıldayırsa və əksini sübut edən heç bir fikir gətirilmirsə, bunun ördək olduğuna şübhə qalmır». Bu sözlərlə o, nə demək istəyir? «Bir şeyin müəyyən məqsədlə yaradıldığı aydın görünürsə, bunu danmaq düzgün olmazdı».
Əlbəttə, təhlükəsiz və daha çox funksiyalı təyyarə qanadı yaradan mühəndis icadına görə tərifə layiqdir. Universal sarğı materialı, daha keyfiyyətli parça, yaxud da daha qənaətli mühərrik ixtira edən alimlər haqqında da eyni şeyi demək olar. Lakin müəlliflik hüquqlarını pozaraq başqasının fikrini və ya ixtirasını mənimsəyən istehsalçı qanun pozuntusuna yol verir və cinayətkar hesab olunur.
İndi isə düşünün: yüksəkixtisaslı mütəxəssislər öz layihələrində yaranan mürəkkəb problemləri həll etmək üçün təbiətin dahiyanə fikirlərini mənimsəyirlər və eyni zamanda iddia edirlər ki, bütün bunlar şüursuz təkamülün nəticəsidir. Bu nə dərəcədə məntiqəuyğundur? Əgər nəyinsə surəti şüurlu mühəndisin olduğuna dəlalət edirsə, bəs onda onun əsli haqqında nə demək olar? Əslində kim daha çox ehtirama layiqdir: təcrübəli mühəndis, yoxsa onun etdiklərini təkrarlayan şagird?
Məntiqi nəticə
Hər şeyin müəyyən məqsədlə yaradıldığını göstərən çoxsaylı sübutları nəzərdən keçirdikdən sonra bir çox insanlar məzmurçunun sözlərilə razılaşırlar: «Ey Yehova, gördüyün işlər necə də çoxdur! Hər birini hikmətlə görmüsən. Yer üzü xilqətinlə doludur» (Zəbur 104:24). Müqəddəs Kitab yazarlarından biri olan həvari Bulus da eyni qənaətə gəlmişdir: «[Allahın] gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür və yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:19, 20).
Bununla belə, Müqəddəs Kitaba hörmətlə yanaşan və Allaha inanan bir çox insan düşünür ki, Allah təbiətin gözəlliklərini təkamül vasitəsilə yaradıb. Maraqlıdır, Müqəddəs Kitab bu haqda nə deyir?
[Haşiyə]
^ Velkro ayıpəncəsi bitkisinin toxumlarının quruluşu əsasında yaradılmış qarmaqlı, ilməli yapışqan lentdir.
[Yazı]
Təbiətdə bu qədər gözəlliklər haradandır?
[Yazı]
Təbiətdəki gözəlliklərin patenti kimə məxsusdur?
[Çərçivə/Şəkillər]
Əgər nəyinsə surəti şüurlu mühəndisin olduğuna dəlalət edirsə, bəs onda onun əsli haqqında nə demək olar?
Qağayı qanadı əsasında yaradılmış yüksək manevretmə qabiliyyətinə malik təyyarə
Gekkon kərtənkələsinin pəncələri çirklənmir, iz buraxmır, teflondan başqa istənilən səthə asanlıqla yapışır və sonra qopur. Alimlər bu möcüzəni təkrarlamağa çalışırlar
Yüksək aerodinamika xüsusiyyətlərinə malik sandıq balığı avtomobil yaradıcıları üçün ilham mənbəyidir
[Mənbə götürülüb]
Airplane: Kristen Bartlett/University of Florida; gecko foot: Breck P. Kent; box fish and car: Mercedes-Benz USA
[Çərçivə/Şəkillər]
İNSTİNKTİV HİKMƏTƏ SAHİB SƏYAHƏTÇİLƏR
Bir çox canlılar səyahət zamanı instinktiv hikmətə sahib olduqlarını göstərirlər (Məsəllər 30:24, 25). İki nümunəni nəzərdən keçirək.
◼ Qarışqaların hərəkət sistemi. Yem dalınca yollanan qarışqalar yuvalarına qayıtmaq üçün yolu necə tapırlar? Britaniya tədqiqatçıları aşkar etmişlər ki, qarışqalar geriyə yolu yalnız qoyduqları qoxu nişanları ilə yox, həmçinin cığırlarla tapa bilirlər. Burada onların köməyinə həndəsi qanunlar gəlir. «Nyu Sayəntist» jurnalında izah olunur ki, «firon qarışqaları yuvadan müxtəlif səmtlərə şaxələnən və 50—60 dərəcə bucaq altında olan cığırlar açırlar». Cığırların bu cür quruluşunda nəzərəçarpan nədir? Yuvasına qayıdan qarışqa yolayrıcına çatanda instinktiv olaraq ən az əyilən cığırı seçir və beləcə yolu azmadan yuvasına gəlir. Məqalədə deyilir ki, «qarışqaların yaratdıqları bu yolayrıcı sistemi onların cığırlarla hərəkətini tənzimləyir, hər iki istiqamətdə hərəkət edən qarışqaların toqquşmasının qarşısını alır, onları yanlış istiqamətə gedib güclərini itirməkdən qoruyur».
◼ Quşların kompası. Bir çox quşlar uzun məsafələri hava şəraitindən asılı olmayaraq böyük dəqiqliklə qət edirlər. Bu necə mümkündür? Tədqiqatçılar aşkar etmişlər ki, quşlar Yerin maqnit sahəsini hiss edirlər. Bununla belə, «Yerin maqnit sahəsinin qüvvə xətləri əraziyə görə dəyişir və həmişə şimalı göstərmir», — deyə «Sayens» jurnalında qeyd olunur. Belə isə köçəri quşlara yolu azmamağa nə kömək edir? Görünür, quşlar öz daxili kompaslarını qüruba enən günəşə əsasən nizamlayırlar. Gün batarkən mövqeyi yerin en dairəsindən və ilin fəslindən asılı olaraq dəyişir. Alimlər düşünür ki, quşlara bu dəyişikliklərə uyğunlaşmağa «ilin fəslini onlara bildirən bioloji saatları» kömək edir.
Kim qarışqaları həndəsi qanunları tətbiq etmək qabiliyyəti ilə yaradıb? Kim quşları kompasla, bioloji saatla və bu mexanizmlərin göndərdiyi məlumatı oxuyan beyinlə yaradıb? Şüursuz təkamül? Yoxsa dahi Yaradan?
[Mənbə götürülüb]
© E.J.H. Robinson 2004