Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Tikanlı əjdahanın dərisi

Tikanlı əjdahanın dərisi

AVSTRALİYADA yaşayan tikanlı əjdaha adlı kərtənkələ (Moloch horridus) dumandan, rütubətdən və nəm torpaqdan suyu canına hopdurur. Sonra o, suyu ağzına doğru ötürür. Necə? Ola bilsin, bunun sirri kərtənkələnin füsünkar dərisindədir.

Kərtənkələnin dərisindəki kanallar kapilyarlar vasitəsilə dərialtı kanallarla birləşib. Bunun sayəsində su onun ağzının kənarlarına doğru ötürülür

Məlumat. Tikanlı əjdahanın dərisi pulcuqlarla örtülüdür. Bəzi alimlər fikirləşir ki, şeh damcıları pulcuqlardan sərt dəriyə süzülür və dərinin yarıaçıq kanallarına tökülür. Pulcuqların arasında yerləşən və bir-biri ilə birləşən bu kanallar kərtənkələnin ağzının kənarlarına gəlib çıxır.

Bəs bu kərtənkələnin qravitasiya qüvvəsini pozaraq suyu ayaqlarına, bədəninə və oradan ağzına ötürməsi necə mümkündür? O, qarnını nəm səthə sürtərək suyu canına necə çəkir?

Tədqiqatçılar tikanlı əjdahanın sirrini öyrəndilər. Kərtənkələnin dərisindəki kanallar kapilyarlar vasitəsilə dərialtı kanallarla birləşib. Bu kanalların quruluşu sayəsində kapilyar təzyiqi yaranır, yəni qravitasiya qüvvəsinə zidd olsa da, su dar aralara keçir. Kərtənkələnin dərisi süngər kimidir.

Biomimikri İnstitutunun prezidenti Canin Binyas bildirir ki, binaları rütubətli havadan təmizləyib sərinləşdirmək və içməli su ilə təmin etmək üçün mühəndislər suyu hopdurma texnologiyasından yararlana bilərlər.

Necə fikirləşirsiniz? Tikanlı əjdahanın dərisinin suyu hopdurması təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?