Kontentə keç

Mündəricatı göstər

«Hər cür insana» şəfqət göstərək

«Hər cür insana» şəfqət göstərək

İSA MƏSİH şagirdlərinə xoş xəbəri necə təbliğ etməli olduqlarını öyrədərkən bu xəbərin heç də hamı tərəfindən xoş qarşılanmayacağını da demişdi (Luka 10:3, 5, 6). Bizim dövrümüz haqqında da eyni şeyi demək olar. Biz xidmətdə aqressiv danışan, hətta kobud rəftar edən insanlara rast gəlirik. Bu cür insanlarla üzləşən zaman onlara qarşı şəfqətli davranmaq çətin gələ bilər.

Şəfqətli insan başqasının nəyə ehtiyac duyduğunu, hansı problemlərinin olduğunu görür, ona canı yanır və kömək etmək istəyir. Amma əgər təbliğ etdiyimiz insanlara qarşı şəfqət hissini itirsək, onlara təbliğ etmək üçün şövqümüz də, kömək etmək istəyimiz də sönəcək. Ocağa nə qədər çox oksigen daxil olursa, o, bir o qədər gur yanır. Eynilə, şəfqət hissimiz çoxaldıqca, xidmətə şövqümüz də alovlanacaq! (1 Salon. 5:19).

Şəfqət göstərmək çətin olan vəziyyətlərdə belə, bu xüsusiyyəti təzahür etdirməyə bizə nə kömək edə bilər? Gəlin görək bu sahədə Yehovadan, İsa Məsihdən və həvari Bulusdan necə örnək ala bilərik.

ALLAHIMIZ YEHOVA KİMİ ŞƏFQƏTLİ OLAQ

Minilliklərdir Yehovanın adına qara yaxılır. Amma yenə də «O, naşükürlərə və pislərə qarşı xeyirxahdır» (Luka 6:35). Onun xeyirxahlığı səbrində əks olunur. Yehova «hər cür insanın» xilas olmasını istəyir (1 Tim. 2:3, 4). O, pisliyə nifrət etsə də, insanlar Onun üçün çox dəyərlidir. Yehova heç kimin ölməsini istəmir (2 But. 3:9).

Şeytanın imansızların zehnini necə kor etdiyi Yehovaya məlumdur (2 Kor. 4:3, 4). Çoxları yalan təlimlərin təsiri altında böyüyüb, odur ki, onlara həqiqəti qəbul etmək çətindir. Yehova bu cür insanlara kömək etməyi çox istəyir. Bunu haradan bilirik?

Yehovanın neynəvalılara qarşı münasibətini xatırlayaq. Xalqın zorakı olmasına baxmayaraq, Yehova Yunus peyğəmbərə demişdi: «Bəs Mən bu böyük şəhərə, Neynəvaya necə qıyım? Axı orada yaxşını pisdən ayıra bilməyən yüz iyirmi mindən çox insan var» (Yun. 4:11). Yehova Onun haqqında həqiqəti bilməyən bu xalqın halına acıyırdı, buna görə də Yunus peyğəmbəri göndərmişdi ki, onları doğru yola çağırsın.

Yehovadan örnək alan bizlər də insanları qiymətləndiririk. Odur ki, hətta xoş xəbərə hay verməyəcəyini düşündüyümüz insanlara belə, təbliğ etməyə can atırıq.

İSA MƏSİH KİMİ ŞƏFQƏTLİ OLAQ

Yehova Allah kimi, İsa Məsihin də insanlara ürəyi yanırdı, çünki onlar «çobansız qoyunlar kimi yazıq və dağınıq idilər» (Mət. 9:36). İsa onların nə üçün bu vəziyyətdə olduğunu anlayırdı. Bilirdi ki, onu dinləməyə gələnlər din xadimlərinin yalan təlimlərinə və pis rəftarına məruz qalmış insanlardır. İsa həmçinin başa düşürdü ki, çoxları müxtəlif səbəblərə görə onun davamçısı olmayacaq. Bununla belə, onlara «çox şey» öyrədirdi (Mark 4:1—9).

Kimsə ilk dəfədən dinləmək istəməyəndə ruhdan düşməyin

Həyatında baş verənlər insanın həqiqətə münasibətini dəyişə bilər

İnsanlar çatdırdığımız müjdəni xoş qarşılamayanda, bunun səbəbi barədə düşünə bilərik. Ola bilsin, bəzilərinin Tövrat, Zəbur və İncillə bağlı yanlış təsəvvürləri var. Yaxud onlar bizi başqa dinlərin nümayəndələri ilə səhv salırlar. Ya da kimlərəsə haqqımızda yalan məlumatlar verilib. Bir başqaları isə qorxurlar ki, bizimlə münasibətlərinə görə qohumları və ya qonum-qonşuları onlara pis baxacaq.

Təbliğ etdiyimiz bəzi insanların xoş xəbərə hay verməmələrinə səbəb aldıqları emosional travma ola bilər. Xüsusi təyinatlı müjdəçi olan bir bacımız deyir: «Təbliğ etdiyim ərazinin bir hissəsində yaşayan əhali baş vermiş müharibədə bütün mal-mülkünü itirib. Bu insanların gələcəyə heç bir ümidi yoxdur. Çox pərişan haldadırlar və heç kəsə etibarları qalmayıb. Bu ərazidə təbliğ etməyimizə mane olan insanlarla tez-tez rastlaşırıq. Hətta bir dəfə təbliğ edən zaman üstümə hücum çəkmişdilər».

İnsanların pis rəftarına baxmayaraq, bu bacı şəfqət hissini necə qoruyur? O deyir: «Bu cür hallarla üzləşəndə Məsəllər 19:11 ayəsini yadıma salıram. Orada deyilir: “Anlayış hiddəti ləngidər”. Təbliğ etdiyim insanların nələrdən keçdiyi barədə düşünməyin sayəsində onlara şəfqətlə yanaşa bilirəm. Həm də ki, onların hamısı aqressiv münasibət göstərmir. Həmin ərazidə təkrarən söhbət etdiyimiz mülayim insanlar az deyil».

Gəlin özümüzə sual verək: «Təbliğ etdiyim insanların yerində olsaydım, xoş xəbərə necə yanaşardım?» Misal üçün, əgər sizə dəfələrlə Yehovanın Şahidləri haqda yalanlar danışsaydılar, onlara qarşı necə davranardınız? Bəlkə də, bu vəziyyətdə siz də onları qəbul etməzdiniz. Bu zaman sizə təbliğ edən insanın şəfqət göstərməsi lazım gələrdi. İsa Məsih demişdi ki, insanların bizimlə necə rəftar etməsini istəyiriksə, biz də onlarla elə rəftar etməliyik. Odur ki, onların vəziyyətlərini başa düşməyə və bunu etmək çətin olsa belə, şəfqət göstərməyə çalışmalıyıq (Mət. 7:12).

HƏVARİ BULUS KİMİ ŞƏFQƏTLİ OLAQ

Həvari Bulus hətta təbliğinə şiddətlə qarşı çıxanlara şəfqət göstərirdi. Görəsən nə üçün? Bulus öz keçmişini unutmurdu. O deyir: «Əvvəllər mən küfr danışır, Allahın xalqını təqib edirdim və çox azğın adam idim. Bütün bunlara baxmayaraq, mənə mərhəmət göstərildi, çünki mən cahil və imansız olduğum üçün belə hərəkət edirdim» (1 Tim. 1:13). O başa düşürdü ki, Yehova Allah və İsa Məsih ona böyük mərhəmət göstərib. Yəqin təbliğ etdiyi bəzi insanlar Bulusa özünü xatırladırdı.

Həvari Bulus bəzən yalan dini təlimlərə sıx bağlı olan insanlarla qarşılaşırdı. O, bu zaman necə davranırdı? Həvarilərin işləri 17:16 ayəsində deyilir ki, Afinada olarkən Bulus şəhərin bütlərlə dolu olduğunu görüb bərk əsəbiləşmişdi. Bununla belə, o, məhz əsəbinə səbəb olan bütlər haqda danışaraq insanlara gözəl şahidlik vermişdi (Həv. 17:22, 23). O, təbliğ etdiyi insanların vəziyyətini nəzərə alaraq təbliğ üsulunu dəyişirdi ki, «kimlərisə xilas edə» bilsin (1 Kor. 9:20—23).

Biz də təbliğ zamanı pis münasibət göstərən, yalan təlimlərə inanan insanlarla rastlaşarkən həvari Bulus kimi davranıb, onlar haqqında bildiklərimizin əsasında xoş xəbəri müjdələyə bilərik (Əşy. 52:7). Doroti adlı bir bacı deyir: «Təbliğ etdiyim ərazidəki insanlara Allahın qəddar olduğu və hamını ağır hökmə düçar edəcəyi aşılanır. Mən onları Allaha olan imanlarına görə tərifləyir və diqqətlərini Onun Müqəddəs Kitabda yazılmış gözəl xüsusiyyətlərinə, gələcəklə bağlı verdiyi vədə yönəldirəm».

PİSLİYƏ YAXŞILIQLA QALİB GƏLƏK

Bilirik ki, son yaxınlaşdıqca bəzi insanların xüsusiyyətləri getdikcə daha betər olacaq (2 Tim. 3:1, 13). Lakin yol verməməliyik ki, cəmiyyətdə mənəvi dəyərlərin tənəzzülə uğraması bizim şəfqət hissimizi və sevincimizi itirməyimizə səbəb olsun. Əmin ola bilərdik ki, «pisliyə yaxşılıqla» qalib gəlməyimiz üçün Yehova bizə dayaq olacaq (Rom. 12:21). Öncül olan Cesika adlı bacımız deyir: «Təbliğ zamanı özündən razı, bizə və xoş xəbərə xor baxan insanlara tez-tez rast gəlirəm. Bu, adamı qıcıqlandıra bilər. Söhbətə başlayanda ürəyimdə dua edirəm ki, Yehova bu insana Onun gözü ilə baxmağıma kömək etsin. Onda öz hisslərim haqda yox, insana necə kömək edə biləcəyim haqda düşünürəm».

Biz əbədi həyata aparan yolda yeriməyə meyilli olanları axtarmağa davam edirik

Həqiqəti öyrətmək üçün göstərdiyimiz cəhdlər bir gün nəticə verə bilər

Biz həmçinin təbliğdə əməkdaşımızı da ruhlandırmalıyıq. Cesika bacı deyir: «İkimizdən birinin təbliği xoşagəlməz hadisə ilə nəticələnən zaman çalışıram bu haqda çox danışmayım. Əksinə, söhbəti ruhlandırıcı mövzulara, məsələn, bəzilərinin mənfi münasibətinə baxmayaraq, xidmətimizin yaxşı alınmasına yönəldirəm».

Yehova xidmətdə qarşılaşdığımız çətinliklərdən agahdır. Görün Ondan örnək alaraq mərhəmətli davrandığımızı görəndə O, necə şad olur! (Luka 6:36). Əlbəttə, Yehovanın mərhəmətinin bir həddi var. Əminik ki, O, lazım bildiyi vaxtda bu şər dünyaya son qoyacaq. O vaxta qədər isə təbliğimizin təxirəsalınmaz olduğunu unutmamalıyıq (2 Tim. 4:2). Gəlin bizə həvalə olunan təbliğ işini bundan sonra da böyük şövqlə icra edək və «hər cür insana» şəfqət göstərək.