Kontentə keç

Mündəricatı göstər

Ölü dəniz əlyazmaları arasında tapılmış, Tövrata daxil olan «Əşiya» kitabından bir parça. Aşağıda isə «Əşiya» kitabının ərəbcə müasir tərcüməsi. Allahın Kəlamı dəyişilməz qalıb

Müqəddəs Kitab dəyişdirilib?

Müqəddəs Kitab dəyişdirilib?

Bəzi insanlar Müqəddəs Kitabın * dəyişdirildiyini düşünür. Əşiya peyğəmbər demişdi: «Allahımızın sözü əbədi qalar» (Əşiya 40:8). Allahın vədlərinin təhrif olunmadığına necə əmin ola bilərik?

Allah Öz Kəlamını təhrif olunmaqdan qorumağa qadirdir. Qədimdə kitabların üzünü əllə köçürürdülər. Köçürücülər hərflərin hamısının yazıldığını, heç birinin buraxılmadığını və ya başqa hərflə əvəz olunmadığını yoxlamaq üçün mətndəki bütün hərfləri sayırdılar. Bununla belə, səhvsiz insan yoxdur. Buna görə də bəzi köçürücülər mətndə xırda səhvlərə yol vermişdilər.

MÜQƏDDƏS KİTABIN DƏYİŞMƏDİYİNƏ NECƏ ƏMİN OLA BİLƏRİK?

Müqəddəs Kitabın minlərlə qədim əlyazması var. Onlardan birində cüzi fərq varsa, düzgün mətni müəyyən etmək üçün onu başqa əlyazmalarla müqayisə etmək olar. (Əlavə məlumat almaq üçün jw.org saytında yerləşən «Müqəddəs Kitab təhrif olunub?» adlı məqaləyə baxın.)

Götürək qədim «Ölü dəniz əlyazmaları»nı. 1947-ci ildə bədəvilərin Ölü dəniz yaxınlığında yerləşən mağaralarda tapdığı bu əlyazmalara Müqəddəs Kitabdan parçalar da daxildir. Onların iki min ildən çox yaşı var. Mütəxəssislər Müqəddəs Kitabın bu qədim əlyazmalarını əlimizdə olan Müqəddəs Kitabla müqayisə etmişdilər. Bu müqayisədən nə məlum olmuşdu?

Mütəxəssislər qədim əlyazmaları diqqətlə araşdırandan sonra təsdiq etmişlər ki, bu gün əlimizdə olan Müqəddəs Kitab orijinal mətnlə eynidir *. Əmin ola bilərik ki, Allah Müqəddəs Kitabı təhrif olunmaqdan qoruyub və bu kitab dəyişilmədən bizə gəlib çatıb.

Buna görə də Müqəddəs Kitabı dəqiqliyinə şübhə etmədən, arxayınlıqla oxuya bilərsiniz. İndi isə gəlin görək peyğəmbərlərimiz Allah haqqında nə danışıblar.

^ abz. 2 Müqəddəs Kitaba Tövrat, Zəbur və İncil daxildir.

^ abz. 7 «The Complete Dead Sea Scrolls in English», müəllif Qeza Vermes, səh. 16.