Kontentə keç

Mündəricatı göstər

Bəlşəzzarın adının həkk olunduğu saxsı silindr

Bilirsiniz?

Bilirsiniz?

Arxeologiya Bəlşəzzarın mövcudluğunu və Babildə padşah olduğunu necə təsdiqləyir?

UZUN illər boyu Müqəddəs Kitab tənqidçiləri Dənyal kitabında bəhs olunan Bəlşəzzar padşahın mövcud olmadığını iddia edirdi (Dən. 5:1). Onların bu qənaətə gəlməsinə səbəb padşahın varlığına dair arxeoloji dəlillərin olmaması idi. Lakin 1854-cü ildə vəziyyət dəyişdi. Necə?

Həmin il Con Teylor adlı Britaniya konsulu indiki İraqın cənubunda yerləşən qədim Ur şəhərində bəzi dağıntılar aşkar etdi. O, böyük bir qüllədə bir neçə gil silindr tapdı. Silindrin hər biri 10 santimetr uzunluğunda idi və üzərində mixi yazılar həkk olunmuşdu. Silindrlərdən birinin üzərindəki mətnə Babil padşahı Nabonid və onun böyük oğlu Bəlşəzzara həsr olunmuş uzun ömür duası daxil idi. Bəli, tapıntı Bəlşəzzarın mövcudluğunu sübut etdi. Tənqidçilər bununla razılaşmalı idi.

Amma Müqəddəs Kitabda nəinki Bəlşəzzarın mövcudluğu, hətta onun padşah olduğu qeyd olunub. Tənqidçilər buna da şübhə ilə yanaşırdı. Misal üçün, XIX əsrdə ingilis alimi Uilyam Talbot yazmışdı ki, bəzilərinin fikrincə, «Bəlşəzzar atası Nabonidlə eyni vaxtda hakimiyyət sürüb. Lakin buna kiçik dəlil belə yoxdur».

Bu məsələ də öz həllini tapdı. Digər silindrin üzərindəki yazılar aşkar etdi ki, Bəlşəzzarın atası padşah Nabonid bir neçə il paytaxtda olmayıb. Bəs padşahın yoxluğunda ölkəni kim idarə edib? «Britaniya ensiklopediyası»nda yazılıb: «Nabonid ölkədə olmadığı vaxt taxtı və ordunun böyük bir qismini Bəlşəzzara tapşırmışdı» («Encyclopaedia Britannica»). Odur ki, Bəlşəzzar həmin vaxtlarda Babildə atasının hakimiyyət şəriki olub. Beləliklə, arxeoloq və alim Alan Millardın qeyd etdiyi kimi, «Dənyal kitabında Bəlşəzzarın “padşah” adlanması» yerindədir.

Sözsüz ki, Allahın xidmətçiləri üçün Dənyal kitabının etibarlı olduğuna və Allahdan ilham aldığına dair ən böyük sübut elə Müqəddəs Kitabın özündədir (2 Tim. 3:16).