Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Qədimdə ibranilər ayları, illəri necə müəyyən edirdilər?

İBRANİLƏR Vəd edilmiş diyarda olanda dünyəvi təqvim ili torpağın şumlandığı və əkin işlərinin başladığı vaxtdan hesablanırdı. Bu isə sentyabr-oktyabr aylarına təsadüf edirdi.

Ay təqvimi (hərəsi 29 və ya 30 gün olmaqla) 12 aydan ibarət idi. Bu təqvim Günəş təqvimindən daha qısa olurdu. Buna görə də insanlar zamanı hesablamaq üçün istifadə olunan bu iki üsulu bir-birinə uyğunlaşdırmağın yollarını tapmalı idilər. Bunun üçün onlar Ay təqviminə ya əlavə günlər, ya da periodik olaraq ay artırırdılar. Çox vaxt bunu növbəti il başlamamışdan öncə edirdilər. Beləcə, təqvim əkin, yaxud biçin mövsümünə uyğun gəlirdi.

Amma Yehova Musa peyğəmbərin dövründə xalqına demişdi ki, dini təqvim əviv (nisan) ayında başlamalıdır, bu, yaz mövsümünə düşürdü (Çıx. 12:2; 13:4). Həmin ay israillilər bayram qeyd edirdi və bu zaman arpa biçinindən Yehovaya nübar təqdim edirdilər (Çıx. 23:15, 16).

«Əlavə ayı nə zaman artırmağı müəyyənləşdirmək üçün sadə üsuldan istifadə olunurdu»,— deyə alim Emil Şürer öz kitabında qeyd edir. — «Nisan ayında Ay bədirlənən vaxt (14 nisan) qeyd olunan Pasxa bayramı həmişə yaz gecə-gündüz bərabərliyindən sonra baş tutmalı idi... Buna görə də ilin axırına yaxın yəhudilər görəndə ki, Pasxa bayramı yaz gecə-gündüz bərabərliyindən əvvələ düşəcək, onda təqvimdə nisan ayından əvvələ bir ay (13-cü ay) artırırdılar» («The History of the Jewish People in the Age of Jesus Christ, (175 B.C.–A.D. 135»).

Yehovanın Şahidləri Məsihin ölümünü anma mərasiminin tarixini bu üsula əsasən müəyyən edirlər. Bu tarix yaz fəslinə, ibrani təqvimi ilə 14 nisana düşür. Müəyyən olunan tarix bütün dünyada yığıncaqlara qabaqcadan bildirilir. *

Bəs ibranilər ayın nə vaxt qurtardığını və yeni ayın nə vaxt başladığını haradan bilirdilər? Bu gün bunu bilmək çox asandır, sadəcə çap formatda və ya elektron cihazımızda olan təqvimə baxmaq kifayətdir. Amma Müqəddəs Kitabın yazıldığı dövrdə bu heç də asan deyildi.

Daşqın olan dövrdə bir ay 30 günə bərabər idi (Yar. 7:11, 24; 8:3, 4). Amma sonra ibranilərdə təqvim aylarının müddəti standart 30 gün olmadı. Hər ay səmada təzə ayın göründüyü vaxtdan hesablanırdı.

Bir dəfə həm Davud, həm də Yonatan «sabah təzə ay mərasimidir» ifadəsini işlətmişdi (1 İşm. 20:5, 18). Bununla onlar növbəti ayın başladığını nəzərdə tuturdular. Belə çıxır ki, artıq eramızdan əvvəl on birinci əsrdə aylar qabaqcadan hesablanırdı. Görəsən, adi israilli yeni ayın başladığını haradan bilirdi? Yəhudi qanunlarının və adət-ənənələrinin şifahi toplusu olan Mişnada bununla bağlı müəyyən məlumat var. Mişnaya əsasən, yəhudilərin Babil əsarətindən geri qayıtdıqları dövrdən sonra Sinedrion (yəhudi ali məhkəməsi) bu işlə məşğul olurdu. Məhkəmə ilin yeddi ayı, hər ayın 30-u bir araya yığışırdı. Növbəti ayın nə zaman başlayacağını onlar müəyyən edirdilər. Bəs onlar bu tarixi nəyə əsasən müəyyən edirdilər?

Yerusəlim ətrafında yüksəklikdə qoyulmuş gözətçilər səmanı diqqətlə müşahidə edirdilər və təzə ayın çıxdığını görən kimi dərhal bu haqda Sinedriona məlumat verirdilər. Sinedriondakılar yeni ayın çıxdığına dair kifayət qədər sübutun olduğu qənaətinə gələndə yeni ayın başladığını elan edirdilər. Bəs əgər buludlar və ya duman ucbatından gözətçilər ayı görə bilmirdilərsə, onda necə? Belə məqamda hazırkı ayın 30 gün olduğu elan olunurdu, təzə ay isə növbəti gün başlayırdı.

Mişnada izah olunur ki, Sinedrionun qərarı barədə əhaliyə xəbər vermək üçün Yerusəlimin yaxınlığındakı Zeytun dağında ocaq yandırılırdı. Bu xəbəri bütün İsrail ərazilərinə yaymaq üçün digər yüksəkliklərdə də ocaq yandırılırdı. Sonralar bu xəbəri camaata carçılar vasitəsilə çatdırırdılar. Beləcə, bütün İsraildə, Yerusəlimdə və digər ərazilərdə yaşayan yəhudilər yeni ayın başladığını bilirdilər. Bunun da sayəsində hamı mövsümi bayramları eyni vaxtda qeyd edə bilirdi.

Əlavə olunmuş sxem ibranilərin təqvimindəki ayları, bayramları, mövsümləri başa düşməyə kömək edir.

^ «Gözətçi qülləsi»nin 1990-cı il 15 fevral sayının 15-ci səhifəsinə və 1977-ci il 15 iyun sayında yerləşən «Oxucuların sulları» rubrikasına baxın.