Kontentə keç

Mündəricatı göstər

Üzünüzdən təbəssüm əksik olmasın

Üzünüzdən təbəssüm əksik olmasın

KİMSƏ sizə gülümsəyəndə özünüzü necə hiss edirsiniz? Yəqin siz də qeyri-ixtiyari gülümsəyir və qarşı tərəfin əhvali-ruhiyyəsinin sizə necə sirayət etdiyinin fərqinə varırsınız. Bəli, təbəssümdən təbəssüm doğur və insanda xoş hisslər oyadır. Fərqi yoxdur gülümsəyən yaxınınızdır, yoxsa tanımadığınız biri. Maqdalena adlı bir xanım deyir: «Mərhum ərim Corcun çox mehriban bir təbəssümü var idi. Onunla gözlərimiz toqquşanda ürəyimə rahatlıq, sakitlik çökürdü».

Səmimi təbəssüm müsbət əhvali-ruhiyyənin, məsələn, sevinc, xoşbəxtlik və nəşə kimi hisslərin ifadəsidir. Bir məqalədə yazılıb ki, gülümsəmək hər bir insana xasdır. Həmin məqalədə həmçinin deyilir ki, hətta dünyaya yeni gələn körpə də «üz ifadələrini ayırd edə bilir... Təbəssüm bizə həm qarşı tərəfin əhvalını müəyyən etməyə, həm də onunla sonrakı rəftarımıza təsir edir» (Psixoloji Elmlər Assosiasiyasının «Müşahidəçi» adlı onlayn jurnalı).

ABŞ-ın Harvard Universitetinin tədqiqatçıları bir qrup ortayaşlı xəstə və onlara qulluq edən tibb işçiləri arasında araşdırma aparıblar. Tibb işçilərinin simalarında «mülayimlik, qayğıkeşlik, diqqət və şəfqət» əks olunanda xəstələr özlərini daha yaxşı hiss edirdilər və bu, onların fiziki, əqli sağlamlığına müsbət təsir göstərirdi. Tibb işçiləri soyuq münasibət göstərəndə isə bunun tam əksi olurdu.

Təbəssümün özümüzə də faydası az deyil. Məsələn, araşdırmalar göstərir ki, təbəssüm insanın özünə əminliyini, xoşbəxtlik hissini artırır və stressi azaldır. Qaşqabaqlı olmaq isə insanın ziyanına olur.

TƏBƏSSÜM ƏHVALI QALDIRIR

Yehovanın Şahidi olan Maqdalena və ailəsi nasizm ideologiyasını qəbul etmədikləri üçün İkinci Dünya müharibəsi zamanı Almaniyanın Ravensbrük həbs düşərgəsinə sürgün edilmişdilər. O deyir: «Bəzən keşikçilər bizə digər məhkumlarla söhbət etməyə icazə vermirdilər, ancaq onlar üz ifadəmizə nəzarət edə bilməzdilər. Kifayət idi ki, anamla bacımın üzündə təbəssüm görüm. Dərhal əhvalım qalxır və dözməyə gücüm olurdu».

Bəlkə də həyat qayğılarınız ucbatından gülməyin nə demək olduğunu unutmusunuz. Ancaq yaddan çıxarmayın ki, hisslər düşüncələrdən doğur (Məsəllər 15:15; Filippililərə 4:8, 9). Buna görə də nə qədər çətin olsa da, çalışın mümkün qədər diqqətinizi xoş, müsbət şeylərə cəmləyəsiniz *. Müqəddəs Kitabı oxumaq və dua etmək çoxlarına bu sahədə kömək edib (Mətta 5:3; Filippililərə 4:6, 7). Allahın Kəlamında «xoşbəxtlik», «sevinc» və bu qəbildən olan sözlərə yüz dəfələrlə rast gəlinir! Bəlkə, vaxt ayırıb hər gün bir-iki səhifə oxuyasınız? Kim bilir, bir də görəcəksiniz ki, üzünüzə gülüş qonub.

Bundan əlavə, başqalarının sizə gülümsəməyini gözləməyin. Təşəbbüsü üzərinizə götürüb kiminsə gününə az da olsa xoşbəxtlik qatın. Bəli, sizin təbəssümünüz özünüzə və ətrafınızdakı insanlara verə biləcəyiniz ilahi nemətdir.

^ abz. 8 «Oyanın!» jurnalının 2013-cü il noyabr sayında dərc olunan «Sizin üçün də hər gün “bayramdır”?» adlı məqaləyə (rus.) baxın.