ÖLKƏLƏR VƏ XALQLAR
İspaniyaya səyahət
İSPANİYA həm ərazi, həm də əhali baxımından rəngarəng ölkədir. Ölkənin böyük hissəsi buğda tarlaları, üzüm bağları və zeytun ağacları ilə örtülüdür. İspaniyanın cənubu ilə Afrika qitəsini cəmi 14 kilometrlik su sahəsi ayırır.
Avropanın cənub-qərb hissəsində yerləşən bu əraziyə finikiyalılar, yunanlar, karfagenlilər və bir çox digər xalqlar köçmüşdü. Eramızdan əvvəl üçüncü əsrdə romalılar bu ərazini işğal edib Hispaniya adlandırmışdılar. Bu ölkə sonralar vestqotlar və mavrlar tərəfindən də zəbt olunmuşdu. Hər birinin mədəni irsi bu ərazidə dərin iz qoyub.
2015-ci ildə 68 milyondan çox insan İspaniyaya səyahət edib. İnsanları buranın isti günəşi, qızıl qumlu
sahilləri, həmçinin incəsənət, tarix və memarlıq inciləri cəlb edir. İspaniyaya gələn qonaqların çoxu buranın mətbəxini çox bəyənir. İspan mətbəxini əsasən dəniz məhsulları, vetçina, souslar, salatlar və zeytun yağı əlavə olunmuş tərəvəzlər təşkil edir. İspan mətbəxi omlet, paelya və tapas kimi yeməkləri ilə dünyaca məşhurdur.İspanlar mehriban və istiqanlı xalqdır. Əhalinin çoxu Roma katoliki olsa da, çox az adam kilsəyə gedir. Son illərdə İspaniyaya Afrika, Asiya və Latın Amerika ölkələrindən xeyli insan köçüb. Bu insanların çoxu öz dinləri və adət-ənənələri barədə danışmağı sevirlər. Yehovanın Şahidləri onlarla müxtəlif mövzular barədə Müqəddəs Kitab əsasında söhbət edirlər və bu söhbətlər gözəl bəhrələr gətirir.
2015-ci il ərzində 10 500-dən çox Yehovanın Şahidi ümumilikdə 70 ibadət evi tikmiş və ya təmir etmişdi. Bələdiyyələr bu layihələrin bəziləri üçün torpaq sahəsi ayırmışdı. Yehovanın Şahidləri mühacirləri nəzərə alaraq, ibadət görüşlərini ispan dilindən əlavə, 30-dan çox dildə keçiriblər. 2016-cı ildə İsa Məsihin ölümünü anmaq üçün Yehovanın Şahidlərinin keçirdiyi xüsusi mərasimdə 186 000-dən çox insan iştirak etmişdi.