Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Xaç

Xaç

Çoxları xaçı xristian dininin simvolu kimi qəbul edir. Amma onlardan bəzilərinin fikrincə, xaçı boyundan asmaq, yaxud evlərdə və kilsələrdə sərgiləmək mütləq deyil.

İsa Məsih xaç üzərində edam edilib?

İNSANLAR NƏ DEYİR?

 

Bəzilərinin fikrincə, romalılar İsa Məsihi xaçın — bir-birinə çarpaz bərkidilmiş iki taxta parçası üzərində edam olunub.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

İsa Məsih dirəkdən asılaraq öldürülmüşdü (Həvarilərin işləri 5:30). Müqəddəs Kitabda İsa Məsihin edam edildiyi aləti təsvir edən sözlər iki yox, bir dirək mənasını verir. Yunanca stauros sözünün mənası «dirəkdir. Bu söz xaçın ekvivalenti deyil» («Crucifixion in Antiquity»). Həvarilərin işləri 5:30 ayəsində istifadə olunan ksilon sözü «romalıların edam cəzası verdikləri şəxsləri üzərində mıxladıqları adi şaquli sütun və ya dirək» mənasını verir *.

İsa Məsihin edam edildiyi üsula qədim israillilərə verilən qanunda da rast gəlmək olar. Qanunda deyilirdi: «Ölümə layiq günah işləyən adam öldürülüb dirəkdən asılarsa, onun cəsədi gecəni dirəkdə qalmamalıdır. O, həmin gün basdırılmalıdır, çünki dirəkdən asılan adam Allahın lənətinə düçar olub» (Qanunun təkrarı 21:22, 23). Bu qanuna istinad edərək həvari Bulus vurğulamışdı ki, İsa Məsih «özü bizim əvəzimizə lənətli oldu, çünki yazılıb: “Dirəkdən [ksilon] asılan adam lənətə düçar olub”» (Qalatiyalılara 3:13). Beləcə, həvari göstərdi ki, İsa Məsih adi taxta dirəyin üzərində edam olunub.

«İsanı dirəkdən asıb öldürdülər» (Həvarilərin işləri 10:39).

İsa Məsihin ilk davamçıları ibadətlərində xaçdan istifadə edirdilər?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, İsa peyğəmbərin ilk davamçıları xaça sitayiş edirdilər. Xaç həmin dövrdə Roma allahlarının simvolu idi. İsa Məsihin ölümündən 300 il sonra Roma imperatoru Konstantin öz ordusunun rəmzi kimi xaçdan istifadə etdi və bundan sonra xaç xristian kilsəsinin simvolu sayıldı.

Göründüyü kimi, xaçdan bütpərəstlər öz allahlarına ibadətdə istifadə edirdilər. Belə olan halda, İsa Məsihin davamçıları öz ibadətlərində xaçdan istifadə edərdilər? Əlbəttə ki, yox. Onlar yaxşı bilirdilər ki, Allah ta qədimdən nəyinsə surətinə ibadət etməyi qadağan edib və onlar «bütpərəstlikdən qaçın» əmrinə tabe olmalıdırlar (Qanunun təkrarı 4:15—19; 1 Korinflilərə 10:14). Allah gözəgörünməz varlıqdır. Buna görə də İsa Məsihin ilk davamçıları Allaha yaxınlaşmaq üçün əşyalardan və rəmzlərdən istifadə etmirdilər. Onlar Allaha ruha uyğun ibadət edirdilər, yəni Allahın müqəddəs ruhunun rəhbərliyinə tabe olurdular, həmçinin «həqiqətə uyğun» ibadət edirdilər, yəni ibadətləri Müqəddəs Kitabda yazılmış Allahın iradəsinə müvafiq idi (Yəhya 4:24).

«[Allaha] düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər» (Yəhya 4:23).

İsa peyğəmbərə ehtiramımızı necə göstərə bilərik?

İNSANLAR NƏ DEYİR?

 

«Bu tamamilə təbii və məntiqlidir ki, xilas aləti xüsusi hörmətin və ehtiramın simvolu olmalıdır... Kiminsə surətinə hörmət edirsənsə, deməli, həmin şəxsin özünə də hörmət edirsən» («New Catholic Encyclopedia»).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Biz İsa peyğəmbərə borcluyuq, çünki məhz onun ölümü günahlarımızın bağışlanmasını, Allaha yaxınlaşmağımızı və əbədi həyatı almağımızı mümkün edib (Yəhya 3:16; İbranilərə 10:19—22). Ancaq bu o demək deyil ki, biz bu ənama görə minnətdarlığımızı İsa Məsihi təmsil edən hansısa rəmzi müqəddəs tutmaqla və ya ona iman etdiyimizi sadəcə dildə deməklə göstərməliyik. Axı iman «əməlsiz ölüdür» (Yaqub 2:17). Bəs biz İsa Məsihə iman etdiyimizi necə göstərə bilərik?

Müqəddəs Kitabda deyilir: «Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir. Biz belə bir qənaətə gəldik: hamı ölü vəziyyətdə olduğu üçün bir nəfər hamı üçün öldü. O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş kəs üçün yaşasınlar» (2 Korinflilərə 5:14, 15). İsa Məsihin hər kəsin uğrunda atdığı bu addım bizi təşviq etməlidir ki, onun həyat tərzindən örnək alaq. Bu, İsa Məsihə hörmət göstərməyin ən ləyaqətli yoludur.

«[Allahın] iradəsi budur ki, [İsa Məsihi] qəbul edib ona iman edən hər kəs əbədi həyata qovuşsun» (Yəhya 6:40).

^ abz. 8 «A Critical Lexicon and Concordance to the English and Greek New Testament», (11th Edition, by Ethelbert W. Bullinger, pages 818-819).