Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU

Xəstəlikdən qorunmağın yolları

Xəstəlikdən qorunmağın yolları

Orqanizmimiz hər gün gözlə görünməyən, amma olduqca təhlükəli «düşmənlərlə» mübarizə aparır. Bu düşmənlər, məsələn, bakteriyalar, viruslar və parazitlər sağlamlığımızı təhlükə qarşısında qoyur *. Bədənimizdə gedən bu mübarizədən çox vaxt xəbərimiz olmur, çünki xəstəliyin simptomları özünü göstərməmiş immun sistemi bu düşmənləri dəf edir, ya da məhv edir. Amma bu mübarizədə bəzən zərərli mikroblar qalib gəlir, beləcə, dava-dərmana və digər müalicə üsullarına ehtiyac yaranır.

Minilliklər boyu insanlar mikroskopik və kiçik orqanizmlərin təhlükəsindən bixəbər olublar. Lakin 19-cu əsrdə alimlər isbat etdilər ki, zərərli mikroblar xəstəliklərə səbəb olur və o vaxtdan insanlar özlərini xəstəlikdən daha yaxşı qoruya bilirlər. Alimlərin bu kəşfindən sonra bəzi infeksion xəstəliklərə, məsələn, çiçək xəstəliyinə və poliomielitə (uşaq iflici) yoluxma təhlükəsi xeyli azaldı. Lakin son illər sarı qızdırma və denge qızdırması kimi digər xəstəliklər yenidən baş qaldırıb. Görəsən buna səbəb nədir? Növbəti amillərə nəzər salaq.

  • Hər il milyonlarla insan səyahət edir və zərərli mikroblar da onlarla birgə bir yerdən başqa yerə daşınır. Bir jurnalda yazılanlara əsasən, bir ölkədən o biri ölkəyə səyahət edən insanlar «ciddi infeksion xəstəliklərin yayılmasına» səbəb ola bilər («Clinical Infectious Diseases»).

  • Bəzi bakteriyaların antibiotiklərə müqaviməti artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdar edir: «Dünya post-antibiotik erasına doğru irəliləyir, o zaman isə geniş yayılmış bir çox infeksiyalar... yenidən ölümcül ola bilər».

  • Kütləvi iğtişaşlar və kasıbçılıq ucbatından dövlətin xəstəliklərin qarşısını almaq cəhdləri boşa çıxır.

  • Əksər insanlar xəstəlikdən qorunmağın yollarını bilmirlər.

Vəziyyətin belə acınacaqlı olmasına baxmayaraq, siz özünüzü və ailənizi qorumaq üçün çox şey edə bilərsiniz. Növbəti məqalədə göstərilir ki, hətta inkişaf etməkdə olan ölkələrdə yaşayasınız belə, sadə üsullarla xəstəliyin qarşısını ala bilərsiniz.

^ abz. 3 Əksər mikroblar xəstəlik törətmir. Bu jurnalda söhbət səhhətimiz üçün təhlükəli olan mikroorqanizmlərdən gedəcək.