Allaha xidmət etmək ona məlhəmdir!
Keniyada iki pioner qardaş təbliğ edərkən onları bir evə dəvət etdilər. Onlar evə daxil olanda çarpayıda uzanmış balaca bir kişini görüb təəccübləndilər. Onun çox balaca bədəni və qısa qolları vardı. Qardaşlar ona Allahın «axsaqlar ceyran kimi hoppanacaq» vədi barədə danışanda o gülümsədi (Yeşaya 35:6).
Pionerlər öyrəndilər ki, hal-hazırda 30-dan çox yaşı olan Onesmus natamam osteogenez, yəni sümüklərin kövrəkliyi xəstəliyi ilə anadan olub. Onun sümükləri o qədər kövrəkdir ki, bir balaca ağırlıq düşən kimi sınır. Bu xəstəliyin tam müalicəsi olmadığından Onesmus həyatının qalan hissəsini ağrı içində və əlil arabasında keçirməyə məhkum olduğunu düşünürdü.
Onesmus Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Lakin anası onun məsihçi görüşlərinə getməsinə razı deyildi. Çünki o düşünürdü ki, yığıncağa getməsi oğlunun sağlamlığı üçün təhlükəli ola və ağrılarını daha da şiddətləndirə bilər. Buna görə də qardaşlar şərait yaradırdılar ki, Onesmus görüşlərin audioyazısına öz evində qulaq asa bilsin. Beş ay öyrəndikdən sonra Onesmus riski gözə alıb yığıncaq görüşlərində iştirak etmək qərarına gəldi.
Məsihçi görüşlərində iştirak etməklə Onesmusun ağrıları şiddətləndimi? Xeyr, tamamilə əksinə oldu. «Dinmək bilməyən ağrılarım yığıncaq görüşlərində, sanki, azalırdı», — deyə Onesmus bölüşür. O düşünürdü ki, əldə etdiyi ümidin sayəsində özünü daha yaxşı hiss edir. Oğlunun əhval-ruhiyyəsinin yaxşılaşdığını görmək anasını o qədər sevindirdi ki, o da Müqəddəs Kitabı öyrənmək istədi. O deyir: «Allaha xidmət etmək oğluma məlhəmdir».
Çox keçməmiş Onesmus vəftiz olunmamış təbliğçi oldu. Bir müddətdən sonra o vəftiz olundu və hal-hazırda xidməti köməkçi kimi xidmət edir. Ayaqlarını və bir qolunu işlədə bilməsə də, Onesmus Yehovaya xidmətdə əlindən gələni etmək istəyirdi. O, köməkçi pioner olmaq arzusunda idi, amma buna tərəddüd edirdi. Çünki bilirdi ki, onun əlil arabasını yanındakı adam sürməli olacaq. O, ürəyindəki narahatçılığı həmimanlılarına açıb deyəndə onlar ona dəstək olacaqlarını bildirdilər. Onlar sözlərinin üstündə durub köməkçi pioner xidmətində Onesmusa kömək etdilər.
Bacı-qardaşlara yük olacağından narahat olmasına baxmayaraq, ürəyindən daimi pioner olmaq keçirdi. Lakin bir dəfə oxuduğu gündəlik ayə onu ruhlandırdı. Bu, Məzmur 34:8 ayəsi idi: «Dadın, görün Rəbb nə qədər şirindir!» Bu ayənin üzərində düşündükdən sonra Onesmus daimi pioner olmaq qərarına gəldi. İndi o, həftənin dörd günü xidmətə çıxır və ruhən inkişaf edən bir neçə nəfərlə Müqəddəs Kitab öyrənməsi keçirir. O, 2010-cu ildə Pioner Xidməti Məktəbini keçib. Həmin məktəbdə müəllimlərindən birinin ilk dəfə ona xoş xəbəri çatdıran iki qardaşdan biri olması Onesmusu necə də sevindirmişdi!
Hal-hazırda Onesmusun valideynləri vəfat etsə də, yığıncaqdakı bacı-qardaşlar ona hər gün qayğı göstərirlər. Əldə etdiyi bütün xeyir-dualara görə o, çox minnətdardır və heç bir sakinin «xəstəyəm» deməyəcəyi günü səbirsizliklə gözləyir (Yeşaya 33:24).