Kontentə keç

Mündəricatı göstər

Quzunun toy günündə sevinin!

Quzunun toy günündə sevinin!

«Bir yerdə sevinək, şadlanaq... çünki Quzunun toy günüdür» (VƏHY 19:7).

1, 2. a) Kimin toyu göydə xüsusi sevincə səbəb olacaq? b) Bununla əlaqədar hansı suallar yaranır?

TOYA hazırlıq görmək həmişə vaxt tələb edir. Ancaq biz diqqətimizi xüsusi toy mərasiminə — bir padşahın toy mərasiminə cəmləyəcəyik. Bir təsəvvür edin: təxminən 2000 ildir ki, hazırlıq işləri görülür! Çox tezliklə bəy öz gəlininə qovuşacaq. Tezliklə Padşahın sarayından şən musiqi sədaları gələcək və səmavi izdiham oxuyacaq: «Yahı mədh edin! Çünki Qadir Allahımız Yehova padşahlıq etməyə başladı! Bir yerdə sevinək, şadlanaq və Onu şöhrətləndirək, çünki Quzunun toy günüdür və gəlin hazırdır» (Vəhy 19:6, 7).

2 Bu ayədə haqqında danışılan «Quzu» İsa Məsihdir (Yəh. 1:29). Onun toy mərasimi göydə böyük sevincə səbəb olacaq. Bəs o, toy üçün necə libas geyinib? Onun gəlini kimdir? Gəlin toya necə hazırlanıb? Mərasim nə zaman olacaq? Bu toy göydəkiləri sevindirdiyi kimi, yer üzündə əbədi yaşamaq ümidi olanları da sevindirəcəkmi? 45-ci məzmuru araşdırmağa davam etdikcə bu sualların cavabını böyük həvəslə nəzərdən keçirəcəyik.

ONUN PALTARLARINDAN ƏTİR İYİ GƏLİR

3, 4. a) Bəyin toy libası barədə nə deyilir və onun sevincini nə artırır? b) «Şahzadə xanımlar» və Bəyin sevincinə şərik olan «mələkə» kimlərdir?

3 Məzmur 45:8, 9 ayələrini oxu. Bəy İsa Məsih padşaha layiq toy libasını geyinir. Onun qiyafəsindən keçmişdə İsraildə müqəddəs məsh yağının tərkibinə daxil olan mirra və darçın kimi «gözəl [ətriyyatların]» qoxusu gəlir (Çıx. 30:23—25).

4 Toy mərasimi yaxınlaşdıqca sarayını bürüyən səmavi musiqi Bəyin sevincini birə-beş artırır. Onun sevincinə «mələkə», yəni Allahın təşkilatının səmavi hissəsi şərikdir; buna «şahzadə xanımlar», yəni müqəddəs mələklər daxildir. Göydən: «Bir yerdə sevinək, şadlanaq... çünki Quzunun toy günüdür», — deyən səsləri eşitmək necə də həyəcanlandırıcıdır!

GƏLİN TOYA HAZIRDIR

5. «Quzunun [arvadı]» kimdir?

5 Məzmur 45:10, 11 ayələrini oxu. Bəyin kim olduğunu öyrəndik, bəs gəlini kimdir? O, İsa Məsihin başçılıq etdiyi yığıncağın üzvlərindən ibarət bir gəlindir. (Efeslilərə 5:23, 24 ayələrini oxu.) Onlar Padşahlıqda Məsihlə birgə idarə edəcəklər (Luka 12:32). Müqəddəs ruhla məsh edilmiş bu 144 000 məsihçi «Quzu hara getsə,.. onun ardınca gedirlər» (Vəhy 14:1—4). Onlar «Quzunun [arvadı]» olurlar və onun səmavi məskənində birgə yaşayırlar (Vəhy 21:9; Yəh. 14:2, 3).

6. Nəyə görə məsh olunmuşlara «şah qızı» deyə müraciət olunur və nə üçün onlar «öz xalqını» unutmağa təşviq olunurlar?

6 Gələcək gəlinə təkcə «ey qız» deyə yox, həm də «şah qızı» deyə də müraciət olunur (Məz. 45:13). Bu «şah» kimdir? Yehova məsh olunmuş məsihçiləri Öz «övladları» kimi qəbul edib (Rom. 8:15—17). Onlar səmavi gəlin olduqlarından onlardan tələb olunur ki, «öz xalqını, [cismani] ata evini [unutsunlar». Onlar daim «göyə aid şeylər haqqında [düşünməlidirlər], yerə aid şeylər haqqında yox» (Kolos. 3:1—4).

7. a) Məsih gələcək gəlinini necə hazırlayıb? b) Gəlin gələcək ərinə necə münasibət bəsləyir?

7 Əsrlər ərzində Məsih gələcək gəlinini səmavi toy mərasiminə hazırlayıb. Həvari Pavel izah edir ki, Məsih «yığıncağı sevdi və özünü onun yolunda fəda etdi ki, onu Allahın sözü vasitəsilə yuyub təmizləsin və pak etsin, beləcə, yığıncaq bütün gözəlliyi ilə, ləkəsiz, qırışsız və sairəsiz, müqəddəs şəkildə və ismətlə onun qarşısına çıxsın» (Efes. 5:25—27). Pavel qədim Korinf şəhərindəki məsh olunmuş məsihçilərə demişdi: «Nikah bağlayacağınız kişiyə sizi mən nişanlamışam. Buna görə də sizi tərtəmiz bakirə qız kimi, Məsihə təqdim etmək üçün sizdən ötrü Allahın qeyrətinə bənzər qeyrət çəkirəm» (2 Kor. 11:2). Bəy və Padşah olan İsa Məsih gələcək gəlinin ruhani «gözəlliyi»ni qiymətləndirir. Eyni zamanda, gəlin də onu ağa kimi qəbul edir və gələcək əri kimi ona itaət edir.

GƏLİN «PADŞAHIN YANINA... GƏTİRİLİR»

8. Gəlinin cah-calal içində təsvir olunması nəyə görə münasibdir?

8 Məzmur 45:13, 14a ayələrini oxu. Gəlin padşahın toyu üçün «cah-calalla» hazırlanmış şəkildə təsvir olunur. Vəhy 21:2 ayəsində gəlin şəhərlə, yəni Yeni Yerusəlimlə müqayisə olunub və o, «nişanlısı üçün bəzənib-düzənmişdi». Bu səmavi şəhər «Allahın calalı ilə par-par parıldayır» və «çox qiymətli daş kimi, büllur tək bərq vuran yəşəm daşı kimi işıldayırdı» (Vəhy 21:10, 11). Yeni Yerusəlimin cah-calalı «Vəhy» kitabında gözəl təsvir olunur (Vəhy 21:18—21). Təəccüblü deyil ki, məzmurçu da gəlini cah-calal içində təsvir edir! Hər şeydən əlavə, padşahın toyu göydə olacaq.

9. Gəlin kimin yanına gətirilir və o hansı libasdadır?

9 Gəlin Bəyin — Allahın təyin etdiyi Padşahın yanına gətirilir. Bəy gəlini «Allahın sözü vasitəsilə yuyub [təmizləməklə] və pak [etməklə]» hazırlayır. O, müqəddəs və ismətlidir (Efes. 5:26, 27). Həmçinin gəlin mərasim üçün münasib libasda olmalıdır. Və o, belə də görünür! Onun «paltarları qızıl tikmələrə bürünmüş»dür və o, «padşahın yanına əlvan libasda [gətiriləcək]». Quzunun nikah mərasimində «gəlinə zərif kətandan biçilmiş təmiz, parlaq libas geyinməyə icazə verildi. Zərif kətan müqəddəslərin saleh işlərini bildirir» (Vəhy 19:8).

TOY GÜNÜ YETİŞİB

10. Quzunun toyu nə zaman olacaq?

10 Vəhy 19:7 ayəsini oxu. Quzunun toyu nə zaman olacaq? Gəlin toy mərasimi üçün hazır olsa da, sonrakı ayələrdə bəhs olunan şeylər toyun özünü yox, böyük müsibətin son mərhələsini aydın təsvir edir (Vəhy 19:11—21). Bu o deməkdir ki, nikah mərasimi Bəy və Padşah olan Məsih yekun qələbəsini çalmazdan öncə baş verəcək? Xeyr. «Vəhy» kitabında təsvir olunan görüntülər xronoloji ardıcıllıqla verilməyib. 45-ci məzmurda qeyd olunur ki, toy mərasimi Padşah İsa Məsih qılıncını belinə bağlayıb düşmənləri üzərində «uğur qazan»andan sonra baş verir (Məz. 45:3, 4).

11. Məsih yekun qələbəsinə doğru necə irəliləyəcək?

11 Bu səbəbdən belə qənatə gələ bilərik ki, hadisələr növbəti ardıcıllıqla baş verəcək: əvvəlcə, «böyük [fahişə]», yalan dinin dünya imperiyası olan Böyük Babil üzərində hökm icra olunacaq (Vəhy 17:1, 5, 16, 17; 19:1, 2). Sonra Məsih Şeytanın yer üzündəki sisteminin qalan hissəsini Har-Magedonda, «Qadir Allahın böyük günündə» məhv etməklə Allahın hökmünü icra edəcək (Vəhy 16:14—16; 19:19—21). Sonda isə, Cəngavər-Padşah Şeytanı və cinlərini dibsiz ümmana atıb onları ölü, yəni fəaliyyətsiz vəziyyətə salaraq yekun qələbəsini çalacaq (Vəhy 20:1—3).

12, 13. a) Quzunun toyu nə zaman olacaq? b) Göydə Quzunun toy mərasiminə sevinənlər kimlər olacaq?

12 Məsihin iştirakı zamanı məsh olunmuş məsihçilər yerüzü həyatlarını başa vuranda göylər həyatına dirildilirlər. Böyük Babil məhv olunduqdan bir qədər sonra İsa gəlin sinfinin qalan üzvlərinin hamısını özü üçün toplayacaq (1 Salon. 4:16, 17). Beləcə, Har-Magedon müharibəsindən əvvəl «gəlin» sinfinin bütün üzvləri göydə olacaq. Müharibdən sonra Quzunun toy mərasimi baş tutacaq. Bu necə də sevindirici hadisə olacaq! «Quzunun toy ziyafətinə dəvət alanlar xoşbəxtdirlər», — deyə Vəhy 19:9 ayəsində qeyd olunur. Gəlin sinfinin 144 000 üzvünün hamısı xoşbəxt olacaq. Bəy və Padşah İsa padşahlığında somvolik mənada onunla birgə süfrədə yeyib-içən hakimiyyət şəriklərinin hamısını öz yanında görəndə sevinci yerə-göyə sığmayacaq (Luka 22:18, 28—30). Lakin Quzunun toyunda sevinənlər təkcə Bəy və gəlin olmayacaq.

13 Əvvəldə qeyd etdiyimiz kimi, səmavi izdiham birgə oxuyur: «Bir yerdə sevinək, şadlanaq və Onu [Yehovanı] şöhrətləndirək, çünki Quzunun toy günüdür və gəlin hazırdır» (Vəhy 19:6, 7). Bəs Yehovanın yerdəki xidmətçiləri barədə nə demək olar? Bu sevincə onlar da şərik olacaqlarmı?

«ONLAR SEVİNCLƏ» GƏTİRİLƏCƏKLƏR

14. 45-ci məzmurda xatırlandığı kimi, gəlinin «rəfiqələri» kimlərdir?

14 Məzmur 45:12, 14b, 15 ayələrini oxu. Zəkəriyyə peyğəmbər qabaqcadan demişdi ki, axır zamanda müxtəlif millətlərdən olan adamlar məmnuniyyətlə ruhani İsrailin qalığı ilə əməkdaşlıq edəcək. O yazmışdı: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək» (Zək. 8:23). Məzmur 45:12 ayəsində bu simvolik «on adam» haqqında «Sur xalqı» və «xalqın varlıları» kimi bəhs edilir. Onlar məsh olunmuş qalığın yanına hədiyyələrlə gələrək onun lütfünə və ruhani köməyinə sığınır. 1935-ci ildən milyonlarla insan qalığın onları «salehliyə [döndərməsinə]» yol verib (Dan. 12:3). Məsh olunmuş məsihçilərin bu sadiq həmkarları həyat tərzlərini təmizləyib ruhani cəhətdən bakir olurlar. Gəlinin «rəfiqələri» özlərini Yehovaya həsr ediblər, eləcə də Bəy və Padşah olan İsanın sadiq təbəələri olduqlarını sübut ediblər.

15. Rəfiqələr gəlin sinfinin yer üzündə qalan üzvləri ilə necə əməkdaşlıq edirlər?

15 Gəlin sinfinin qalığı «Padşahlıq haqqındakı bu xoş xəbər»in bütün yer üzündə təbliğ edilməsinə canla-başla kömək etdikləri üçün «rəfiqələri»nə xüsusilə minnətdardırlar (Mat. 24:14). «Gəl!» — deyən təkcə «müqəddəs ruh və gəlin» deyil. Bunu eşidənlər də: «Gəl!» — deyir (Vəhy 22:17). Bəli, məsh olunmuş gəlin sinfinin: «Gəl!» — dediyini eşidən «başqa [qoyunlar]» onlara qoşularaq yer üzünün bütün sakinlərinə: «Gəl!» — deyirlər (Yəh. 10:16).

16. Yehova başqa qoyunları hansı şərəfə layiq görüb?

16 Məsh olunmuş qalıq öz əməkdaşlarını sevir və çox şaddır ki, Bəy Atası Yehova bu başqa qoyunları Quzunun səmavi toyunun sevincinə şərik olmaq şərəfinə layiq görüb. Peyğəmbərlikdə deyilir ki, gəlinin bu «rəfiqələri» «sevinclə, şadlıqla [gətiriləcək]». Bəli, yer üzündə əbədi yaşamaq ümidinə malik olan başqa qoyunlar göydə Quzunun toyu olanda bütün varlıqlara birgə sevinəcəklər. Həmçinin «Vəhy» kitabda da «böyük... izdiham»ın üzvlərinin «taxtın və Quzunun qarşısında» durduğu təsvir olunur. Onlar ruhani məbədin yer üzündəki daxili həyətində Yehovaya müqəddəs xidməti icra edirlər (Vəhy 7:9, 15).

Quzunun toyu gəlinin rəfiqələrinə sevinc gətirəcək (16-cı abzasa bax)

«ATA-BABALARININ YERİNİ OĞULLARIN TUTACAQ»

17, 18. Quzunun nikahı hansı mənada bəhrələr gətirəcək və Məsih Minillik hakimiyyəti zamanı kimlərin atası olacaq?

17 Məzmur 45:16 (Yeni Dünya tərcüməsi) ayəsini oxu *. Məsihin səmavi gəlininin «rəfiqələri» bu nikahın yeni dünyada bəhrələrini görəndə onların sevinmək üçün daha çox səbəbləri olacaq. Bəy və Padşah olan İsa yer üzünə nəzər salacaq, əvvəllər onun yerdə ata-babaları olmuş kəsləri dirildəcək və onlar onun yerdəki oğulları olacaqlar (Yəh. 5:25—29; İbr. 11:35). Onların içindən «bütün yer üzündə əmir» təyin edəcək. Şübhəsiz, Məsih yeni dünyada rəhbərliyi üzərlərinə götürəcək kəsləri bugünkü sadiq ağsaqqalların arasından da seçəcək (Yeşaya 32:1).

18 Minillik Hökmranlığı zamanı Məsih başqalarının da atası olacaq. Əslində, əbədi həyatı alan yer üzünün bütün sakinləri buna İsa Məsihin fidyə qurbanlığına iman gətirdikləri üçün nail olacaqlar (Yəh. 3:16). Bununla da İsa onların «Əbədi Ata»sı olacaq (Yeşaya 9:6, 7).

ONUN «ADINI NƏSİLLƏRDƏN-NƏSİLLƏRƏ» ÇATDIRIRLAR

19, 20. 45-ci məzmurda xatırlanan möhtəşəm hadisələr bu gün bütün məsihçilərə necə təsir edir?

19 Məzmur 45:1, 17 ayələrini oxu. Əslində, 45-ci məzmurda qələmə alınan hadisələrin bütün məsihçilərə aidiyyəti var. Tezliklə göydə qardaşlarına və Bəyə qovuşacaqlarını bilmək məsh olunmuşların yer üzündəki qalığını heyrətə gətirir. Başqa qoyunlara məxsus olanlar şanlı Padşahlarına daha çox itaətkarlıq göstərməyə və onun gəlininin yer üzündəki qalığı ilə əməkdaşlıq etmək şərəfinə layiq görüldüklərinə görə minnətdar olmağa təşviq olunurlar. Toydan sonra Məsih və həmkarları yerin sakinlərinin üzərinə bol-bol nemətlər yağdıracaq (Vəhy 7:17; 21:1—4).

20 Allahın Padşahlığının Padşahı ilə əlaqədar «yaxşı [sözlərin]» həyata keçməsini gözlədiyimiz ərəfədə biz onun adını başqalarına çatdırmağa təşviq olunuruq. Gəlin biz də Padşaha «sonsuza qədər... həmd oxuyacaq» kəslərin arasında olaq.

^ abz. 17 Məzmur 45:16 (YD): «Ata-babalarının yerini oğulların tutacaq, onları bütün yer üzündə əmir qoyacaqsan».