Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

O, yeməkxanada məhəbbət gördü

O, yeməkxanada məhəbbət gördü

YEHOVANIN qurduğu ziyafətlər əsil ruhani bayramdır. Allahın xalqı ruhani ziyafətlərə toplaşanda birgə yemək yemək də onların sevincini artırır.

1919-cu ilin sentyabr ayında Müqəddəs Kitab Tədqiqatçıları Ohayo ştatının Sidar-Point şəhərində (ABŞ) səkkizgünlük konqres keçirmişdilər. Hotellər qonaqları otaq və yeməklə təmin etməli idi, ancaq gözləniləndən minlərlə çox adam gəlmişdi. Adamların çoxluğundan hürkən ofisiantların hamısı işdən çıxdı. Yeməkxana meneceri çarəsiz halda cavan qonaqlardan kömək istədi, çoxları canla-başla razı oldu. Seydi Qrin onlardan biri idi. Bacı deyirdi: «Ömrümdə birinci dəfə idi ki, ofisiantlıq edirdim. Amma çox maraqlı idi».

1982-ci il, Syerra–Leone

Sonrakı illərdə konqreslərdə yeməkxana təşkil edilməsi sayəsində çoxlu sayda könüllü sevinclə bacı-qardaşlara kömək edirdi. Həmçinin dindaşları ilə çiyin-çiyinə çalışmaq bir çox gəncləri qarşılarına ruhani məqsədlər qoymağa həvəsləndirmişdi. 1937-ci ildəki konqresdə yeməkxanada xidmət edən Qladis Bolton bacı deyirdi: «Başqa-başqa ölkələrdən gələn insanlarla tanış oldum, onların problemlərin öhdəsindən necə gəldiklərini eşitdim. Məndə öncül olmaq istəyi məhz həmin vaxt yarandı».

Konqresə gələn Byula Kovi bacı deyir: «Bacı-qardaşlar işə elə can qoyurdular ki, hər şey yağ kimi gedirdi». Amma çətinliksiz də ötüşmürdü. 1969-cu ildə Anjelu Manera qardaş Kaliforniyanın Los-Anceles şəhərindəki Docer stadionuna çatanda xəbər tutdu ki, yeməkxanada xidmət etməyə təyin olunub. O deyirdi: «Bunu eşidəndə şoka düşdüm!» Hazırlıq işlərinə mətbəxə qaz xətti çəkmək üçün 400 metr uzunluğunda xəndək qazmaq da daxil idi.

1951-ci il, Frankfurt, Almaniya

1982-ci ildə Syerra–Leonedə çalışqan könüllülər əvvəlcə ərazini təmizlədilər, sonra isə əllərində olan materiallardan yeməkxana tikdilər. 1951-ci ildə Almaniyanın Frankfurt şəhərində tədbirli qardaşlar parovoz icarəyə götürmüşdülər, onun buxarında eyni vaxtda qırx qazan yemək bişirmək olurdu. Bir saata 30 000 qab yemək süfrəyə verilmişdi. 576 qab yuyan bacı-qardaşın işini yüngülləşdirmək üçün konqresə gələnlər özləri ilə çəngəl-bıçaq gətirmişdilər. Myanmanın Yanqon şəhərində qayğıkeş aşpazlar xaricdən gələn qonaqların yeməyinə acı ədviyyatdan nisbətən az qatmışdılar.

«ONLAR YEMƏYİ AYAQ ÜSTƏ YEYİRLƏR»

1950-ci ildə Birləşmiş Ştatlarda keçirilən konqresdə Ani Pogensi bacı qızmar günəş altında yemək üçün uzun növbəyə dayananda çox ruhlanmışdı. Niyəsini o, belə izah etmişdi: «Avropadan gəmi ilə gələn iki bacının səmimi söhbətinə qulaq yoldaşı olmuşdum». Onlar konqresə gəlmək üçün Yehovanın onlara necə kömək etdiyindən danışırdılar. Bacı deyirdi: «Mənə elə gəlirdi ki, konqresdə bu iki bacıdan xoşbəxti yoxdur. Yayın cırhacırı, uzun növbə onların heç vecinə də deyildi».

1963-cü il, Seul, Koreya

Böyük konqreslərin çoxunda iri yeməkxana çadırlarında sıra ilə hündür stollar qoyulurdu ki, konqresə gələnlər yeməklərini ayaq üstə tez yeyib qurtarsınlar və başqalarına yer versinlər. Belə olmasaydı, nahar vaxtı minlərlə adamın yemək yeməsi mümkün olmazdı. Yehovanın Şahidi olmayan bir nəfər demişdi: «Bu, nə qəribə dindir? Onlar yeməyi ayaq üstə yeyirlər».

Hökumətin hərbi və mülki nümayəndələri gördükləri nizam-intizama heyran qalmışdılar. NyuYorkun Yanki stadionundakı yeməkxanaya baxış keçirəndən sonra Birləşmiş Ştatların Ordu heyəti Britaniya Döyüş şöbəsinin mayoru cənab Folknerə də gedib yeməkxanaya baxmağı təklif etmişdi. O da arvadı ilə 1955-ci ildə Tuikenemdə (İngiltərə) keçirilən «Zəfər çalan Padşahlıq» konqresinə getmişdi. O, yeməkxanada məhəbbət gördüyünü demişdi.

Onilliklər boyunca çoxlu könüllülər konqresə gələnlər üçün sevə-sevə qidalı və baha başa gəlməyən yeməklər hazırlayıblar. Lakin bu böyük işi görmək üçün çox sayda könüllü saatlarla işləməli, hətta konqresin bəzi hissələrini, yaxud hamısını buraxmalı olurdu. 1970-ci illərin sonlarında konqresdə yemək vermək işi sadələşdirildi. 1995-ci ildən etibarən konqresə gələnlərdən özləri ilə yemək gətirmək xahiş olundu. Əvvəllər yemək hazırlayan və paylayan könüllülər bundan sonra ruhani ziyafətdən və ünsiyyətdən faydalana bildi *.

Yehova Allah həmimanlılarına canla-başla xidmət edən xidmətçilərindən olduqca razıdır! Ola bilsin, bəziləri yeməkxanada işlədiyi o xoş günlərin xiffətini çəkir. Lakin bir şey yəqindir: məhəbbət hələ də bizim ruhani ziyafətlərimizin əsas ədvəsidir (Yəh. 13:34, 35).

^ abz. 12 Sözsüz, hal-hazırda konqresin digər şöbələrində könüllülərin yardımına ehtiyac olur.