Kontentə keç

Mündəricatı göstər

Bioqrafiya

Yehovaya ilk məhəbbətim dözməyə kömək etdi

Yehovaya ilk məhəbbətim dözməyə kömək etdi

1970-ci il idi. Yay təzə girmişdi. Feniksvildə (Birləşmiş Ştatlar, Pensilvaniya) Velli-Forc xəstəxanasında çarpayıda uzanmışdım. Tibb qardaşı hər yarım saatdan bir qan təzyiqimi ölçürdü. Mən, 20 yaşlı əsgər ciddi infeksion xəstəliyə tutulmuşdum. Məndən bir neçə yaş böyük olan tibb qardaşı yaman həyəcan keçirirdi. Qan təzyiqim durmadan aşağı düşürdü. Ondan soruşdum: «Heç gözünün qabağında ölən olmayıb?» Onun rəngi qaçdı və dedi: «Yox, olmayıb».

Həmin vaxt gələcəyə ümidim yox idi. Bəs necə olmuşdu ki, mən xəstəxanaya düşmüşdüm? Gəlin sizə bir az öz həyatımdan danışım.

MÜHARİBƏ İLƏ TANIŞLIĞIM

Mən Vyetnam müharibəsində cərrahiyyə otağında çalışırdım. Xəstəliyə də elə orada tutulmuşdum. Xəstələrə və yaralılara canla-başla kömək edirdim, həm də cərrah olmaq istəyirdim. Vyetnama 1969-cu ilin iyul ayında ayaq basdım. Təzə gələn əsgərlər kimi, mənə də fərqli vaxt qurşağına və qızmar havaya öyrəşmək üçün bir həftə vaxt verildi.

Məni Donq-Tamda, Mekonq deltasında yerləşən cərrahiyyə hospitalına təyin etdilər. Təyinatım təzə verilmişdi ki, yaralılar və ölülərlə dolu çoxlu helikopter gəldi. Mən çox vətənpərvər idim, işləməyi də xoşlayırdım, ona görə də dərhal işə girişmək istədim. Yaralıları hazırlayır, sonra hava ilə təchiz olunan, metaldan düzəldilmiş cərrahiyyə otaqlarına aparırdılar. Həmin o darısqal yerdə cərrah, anestezioloq və iki cərrah assistenti yaralıların həyatını qurtarmaq üçün əllərindən gələni edirdilər. Mən fikir verdim ki, iri, qara kisələri helikopterlərdən boşaltmırdılar. Mənə dedilər ki, bu kisələrdəki döyüşdə parça-parça olmuş əsgərlərin tikələridir. Müharibə ilə tanışlığım belə oldu.

ALLAHI AXTARIRDIM

Həqiqətlə gənclikdən tanışlığım var idi

Yehovanın Şahidlərinin təlimləri ilə gənclikdən tanışlığım var idi. Anam Şahidlərlə Müqəddəs Kitabı öyrənirdi, amma vəftiz olunmadı. Anama dərs keçiləndə onun yanında oturmağı çox xoşlayırdım. Bir dəfə, elə həmin vaxtlar olardı, ögey atamla Padşahlıq zalının yanından keçirdik. Atamdan buranın nə olduğunu soruşdum. O, mənə tapşırdı ki, buradakı adamlardan uzaq durum. Ögey atamı çox istədiyimdən və ona etibar etdiyimdən məsləhətinə qulaq asdım. Beləcə, mənim Yehovanın Şahidləriylə əlaqəm kəsildi.

Vyetnamdan qayıdandan sonra hiss edirdim ki, Allaha ehtiyacım var. Dəhşətli xatirələr məni mənən öldürmüşdü. Mənə elə gəlirdi ki, Vyetnamda əslində nələr törədildiyindən hamı bixəbərdir. Yadımdadır, nümayişlər keçirən etirazçılar Birləşmiş Ştatların əsgərlərini uşaq qatilləri adlandırırdılar. Belə ki, müharibədə günahsız uşaqların qırılması barədə tez-tez xəbərlər yayımlanırdı.

Ruhani aclığımı doyuzdurmaq üçün müxtəlif kilsələrə getməyə başladım. Mən həmişə Allahı sevmişəm, amma kilsələrdə gördüyüm şeylər xoşuma gəlmirdi. Axırda Yehovanın Şahidlərinin Delrey Biçdəki (Florida) Padşahlıq zalına gedib çıxdım. Bu, bazar günü, 1971-ci ilin fevral ayı idi.

Zala girəndə açıq məruzənin axırı idi. Buna görə də «Gözətçi qülləsi» görüşünə qaldım. Müzakirə edilən mövzu yadımda deyil, amma ayələri tapmaq üçün Müqəddəs Kitabı vərəqləyən balaca uşaqları hələ də xatırlayıram. Bu, mənə çox təsir etmişdi. Mən sakitcə qulaq asır və müşahidə edirdim. Padşahlıq zalından çıxanda Cim Qardner adlı 80 yaşlarında bir qardaş mənə yaxınlaşdı. Onun əlində «Əbədi həyata aparan həqiqət» adlı kitab var idi. O, kitabı mənə təklif etdi. Biz danışdıq ki, cümə axşamı səhər Müqəddəs Kitabı öyrənək.

Həmin bazar günü gecə işdə idim. Mən Boka Ratonda (Florida) özəl klinikada təcili tibbi yardım otağında işləyirdim. İş növbəm axşam saat 11-dən səhər 7-ə kimi idi. Gecə sakit keçdiyindən «Həqiqət» kitabını oxuyurdum. Böyük tibb bacısı mənə yaxınlaşdı, kitabı əlimdən dartıb aldı, üzünə baxıb qışqırdı: «Sən də onlara qoşulmusan?» Mən kitabı onun əlindən alıb dedim: «Hələ kitabın yarısındayam, amma, görünür, siz deyən olacaq!» O, məndən əl çəkdi və mən həmin gecə kitabı başa vurdum.

Mənə Müqəddəs Kitabı Çarlz Teyz Rasseli tanıyan məsh olunmuş Cim Qardner öyrətmişdi

Dərs keçməyə başlamazdan əvvəl Qardner qardaşdan soruşdum: «Nə öyrənəcəyik?» «Sənə verdiyim kitabı», — deyə o cavab verdi. Mən dedim: «Onu artıq oxumuşam». Qardner qardaş mehribancasına cavab verdi: «Yaxşı, gəl birinci fəsli gözdən keçirək». Görəndə ki, nə qədər fikrin üstündən keçmişəm mat qaldım. O, məndə olan Kral Yakovun Müqəddəs Kitabından mənə çoxlu ayələr oxutdurdu. Axır ki, mən Yehova Allah haqqında öyrənməyə başladım. Nəvazişlə Cim adlandırdığım Qardner qardaş həmin səhər «Həqiqət» kitabının üç fəslini mənə keçdi. Ondan sonra hər cümə axşamı səhər biz üç fəsil keçirdik. Bu dərslər mənə ləzzət edirdi. Rassel qardaşı şəxsən tanıyan bu məsh olunmuş qardaşın məni öyrətməsi mənim üçün böyük şərəf idi!

Bir neçə həftədən sonra müjdənin təbliğçisi oldum. Cim çox şeydə, o cümlədən ev-ev təbliğdə mənə kömək edirdi (Həv. 20:20). Cimlə birlikdə təbliğ etdikcə, yavaş-yavaş təbliği sevməyə başladım. Mən hələ də təbliğə böyük bir şərəf kimi baxıram. Allahın əməkdaşı olmaq necə də gözəldir! (1 Kor. 3:9).

YEHOVAYA İLK MƏHƏBBƏTİM

İndi isə sizə Yehovaya olan ilk məhəbbətimdən danışmaq istəyirəm (Vəhy 2:4). Bu məhəbbət mənə müharibənin dəhşətli xatirələrinə tab gətirməyə, eləcə də bir çox başqa sınaqlara dözməyə kömək edib (Əşy. 65:17).

Yehovaya məhəbbətim müharibənin dəhşətli xatirələrinə və başqa sınaqlara dözməyə mənə kömək edir

1971-ci ilin iyul ayında Yanki stadionunda «Allahın adı» adlı vilayət konqresində vəftiz olundum

1971-ci ilin baharının bir günü mənim üçün xüsusi gündür. Valideynlərimin mənə yaşamağa icazə verdiyi evdən çıxarılmışdım. Atalığım öz mülkündə Yehovanın Şahidinin qalmasını istəmirdi. Həmin vaxt pulum az idi. İşlədiyim klinikada iki həftədən bir maaş alırdım. Pulumun çoxuna təbliğə geyinmək və Yehovanı layiqincə təmsil etmək üçün pal-paltar almışdım. Ehtiyatda bir az pulum var idi, amma böyüdüyüm Miçiqan ştatındakı bankda idi. Ona görə də bir neçə gün maşınımda qalmalı oldum. Yanacaq doldurma məntəqələrinin ayaqyolunda isə üzümü təraş edir və yuyunurdum.

Maşında qaldığım günlərin birində təbliğ görüşündən bir neçə saat əvvəl Padşahlıq zalına gəlmişdim. Klinikada növbəm təzə qurtarmışdı. Padşahlıq zalının arxasında, heç kimin görmədiyi bir yerdə oturdum. Vyetnamla bağlı dəhşətlər, yanan insan bədənlərinin iyi, qanlı səhnələr yadıma düşdü. Yalvarışlı səslə: «Mən yaşayacağam? Mən yaşayacağam?» — deyə məndən imdad diləyən cavan əsgərlərin üzü gəlib gözümün qabağında durdu, səsi qulağımda cingildəməyə başladı. Mən bilirdim ki, onlar öləcəklər. Amma var gücümlə çalışırdım ki, bunu onlara hiss etdirməyim, onları sakitləşdirim. Beləcə, zalın həyətində oturan vaxt hisslər məni çulğadı.

Var gücümlə çalışıram ki, heç vaxt, xüsusilə də sınaqlar və çətinliklər zamanı Yehovaya olan ilk məhəbbətimi itirməyim

Gözümün yaşı sel kimi axa-axa dua edirdim (Zəb. 56:8). Dirilmə ümidi barədə dərindən düşünməyə başladım. Onda mənə çatdı ki, Yehova Allah gördüyüm qətliamları, mənim və başqalarının yaşadığı mənəvi əzabı dirilmə vasitəsilə yox edəcək. Allah həmin cavanları həyata qaytaracaq, onların Allah haqqında öyrənməyə imkanı olacaq (Həv. 24:15). Həmin anda ürəyim Yehovaya məhəbbətlə dolub daşdı və bu məhəbbət ürəyimin dərinliyinə işlədi. Həmin gün heç vaxt yadımdan çıxmır. O vaxtdan bəri var gücümlə çalışıram ki, heç vaxt, xüsusilə də sınaqlar və çətinliklər zamanı Yehovaya olan ilk məhəbbətimi itirməyim.

YEHOVA MƏNƏ QARŞI LÜTFKAR OLUB

Müharibədə insanlar vəhşiliklər törədir. Mən də istisna deyildim. Ancaq ən çox sevdiyim iki ayə mənə çox kömək edir. Birincisi Vəhy 12:10, 11 ayələridir. Orada deyilir ki, İblis təkcə verdiyimiz şəhadətlə yox, həm də Quzunun qanı ilə məğlub edilir. İkincisi Qalatiyalılara 2:20 ayəsidir. Bu ayədən bilirəm ki, İsa Məsih mənim uğrumda canını fəda edib. Yehova İsanın qanı sayəsində məni təmiz görür və etdiyim günahları bağışlayır. Bunu bilmək vicdanımı təmizləyir və məni təşviq edir ki, başqalarının mərhəmətli Allahımız Yehova haqqında həqiqəti bilməsi üçün əlimdən gələni edim (İbr. 9:14).

Keçmişə baxanda başa düşürəm ki, Yehova həmişə qeydimə qalıb. Məsələn, Cim maşında qaldığımı bilən kimi məni pansionu olan bir bacı ilə calaşdırdı. Mən əminəm ki, Yehova Cim və həmin qayğıkeş bacı vasitəsilə mənə qalmağa rahat yer verdi. Yehova çox xeyirxahdır. O, sadiq xidmətçilərinin qeydinə qalır.

NƏZAKƏTLİ OLMAĞI ÖYRƏNİRƏM

1971-ci ilin mayında bəzi işlərimi həll etmək üçün Miçiqana getməli oldum. Floridadan yola düşməzdən əvvəl Delrey Biç yığıncağından ədəbiyyat götürüb avtomobilimin yük yerini doldurdum, sonra isə Ştatlararası 75 yolu ilə şimala üz tutdum. Floridadan sonra gələn Corciya ştatından hələ çıxmamış avtomobildəki bütün ədəbiyyat qurtarmışdı. Padşahlıq haqda müjdəni hər yerdə şövqlə təbliğ edirdim. Həbsxanalarda dayanıb təbliğ edirdim, hətta istirahət məkanlarının kişi tualetlərinə də traktat qoyurdum. Bu günədək mənə maraqlıdır ki, görəsən, o vaxt əkdiyim toxumlardan cücərəni oldumu (1 Kor. 3:6, 7).

Ancaq etiraf etməliyəm ki, ilk dəfə həqiqəti öyrənəndə o qədər də nəzakətli deyildim, xüsusilə də doğmalarıma təbliğ edərkən. Yehovaya olan ilk məhəbbətim o qədər güclü idi ki, mən cəsarətlə, ancaq sərt şəkildə şahidlik edirdim. Mən qardaşlarım Conla Ronu çox istədiyimdən həqiqəti onlara zorla qəbul etdirməyə çalışırdım. Sonralar kobudluğuma görə onlardan üzr istədim. Ancaq mən həmişə dua edirəm ki, onlar da həqiqəti qəbul etsinlər. O vaxtdan, Yehova məni öyrədir və mən artıq daha nəzakətlə təbliğ edir və təlim verirəm (Kol. 4:6).

ÜRƏYİMDƏ YERİ OLAN İNSANLAR

Ürəyimdə Yehovanın Öz yeri var. Amma orada başqaları üçün də yer var. Onlardan biri sevimli həyat yoldaşım Syuzandır. Mən elə həyat yoldaşı istəyirdim ki, Padşahlıq işini görməkdə mənə kömək etsin. Syuzan möhkəm, ruhani qadındır. İndiyədək yadımdadır, onunla görüşən vaxtlar idi. Onun yanına gəlmişdim. Syuzan Kranstonda (Rod-Aylend) yaşayan valideynlərinin evinin eyvanında oturmuşdu. O, «Gözətçi qülləsi» jurnalını Müqəddəs Kitabla oxuyurdu. Mənim xoşuma gələn o olmuşdu ki, Syuzan ikinci dərəcəli məqalələrdən birini oxusa da, ayələri də açırdı. Mən fikirləşdim: «Bu, əsil ruhani qızdır!» Biz 1971-ci ilin dekabrında evləndik və mən çox minnətdaram ki, o vaxtdan Syuzan həmişə mənim yanımda olub və mənə dayaq olub. Ən çox xoşuma gələn şey isə odur ki, o, Yehovanı məni sevdiyindən də çox sevir.

Həyat yoldaşım Syuzan və oğullarım Pol və Cesi

Bizim Cesi və Pol adında iki oğlumuz var. Yehova həmişə mənim övladlarımla olub (1 İşm. 3:19). Onlar həqiqətdən möhkəm yapışdıqları üçün Syuzanla mənim başımı uca ediblər. Yehovaya olan ilk məhəbbətlərini heç vaxt unutmadıqlarından indiyədək Ona xidmət edirlər. Onların hər biri 20 ildən çoxdur ki, tammüddətli xidmətdədirlər. Həmçinin iki gəlinimlə, Stefani və Rakellə qürur duyuram, onları öz qızlarım kimi sevirəm. Oğlanlarımın hər ikisi Yehova Allahı sidq-ürəkdən sevən ruhani qızlarla evlənib (Efes. 6:6).

Ailəlikcə az işlənən ərazidə təbliğ edirdik

Vəftiz olunandan sonra 16 il Rod-Aylenddə xidmət etmişəm. Orada çoxlu dostlarım var. Həmçinin çiyin-çiyinə çalışdığım yetkin ağsaqqallarla bağlı xoş xatirələrim var. Üstəlik, saysız-hesabsız səyyar nəzarətçilərin mənə çox gözəl təsiri olub. Yehovaya ilk məhəbbətlərini qoruyub saxlayan qardaşlarla birgə çalışmaq böyük şərəfdir! 1987-ci ildə biz tələbata görə Şimali Karolinaya köçdük, orada da çoxlu gözəl dostlar tapdıq *.

Səyyar xidmətdə olarkən təbliğ görüşü keçirirəm

2002-ci ilin avqust ayında Syuzanla Birləşmiş Ştatlarda Paterson Beytelində xidmət etməyə dəvət aldıq. Mən xidmət şöbəsində, Syuzan isə camaşırxanada işləyirdi. O, bu işi çox xoşlayırdı. 2005-ci ilin avqust ayında Rəhbərlik Şurasının üzvü oldum. Bu təyinatı alanda özümün nə qədər kiçik olduğumu başa düşdüm. Bu məsuliyyət, iş və səyahətlər barədə düşünəndə sevimli həyat yoldaşım həyəcan keçirirdi. Syuzanın heç vaxt təyyarə ilə arası olmayıb. Amma biz təyyarə ilə çox səyahət etməli oluruq. Syuzan deyir ki, Rəhbərlik Şurasının üzvlərinin həyat yoldaşlarının məhəbbətlə verdikləri məsləhətlər ona məni bacardığı qədər dəstəkləməyə kömək edir. O, həqiqətən də mənə dayaqdır, buna görə də onu çox sevirəm.

Ofisimin hər tərəfində mənə əziz olan adamların şəkilləri var. Bu şəkillər mənə necə zəngin həyat yaşadığımı xatırladır. Yehovaya ilk məhəbbətimi qorumağa çalışdığım üçün çoxlu gözəl mükafatlar almışam!

Ailəmlə vaxt keçirmək mənə çox xoşdur

^ abz. 31 Morris qardaşın tammüddətli xidməti ilə bağlı məlumatı «Gözətçi qülləsi»nin 2006-cı il 1 aprel sayının 31-ci səhifəsində tapa bilərsiniz.