Kontentə keç

Mündəricatı göstər

«Əgər Kinqzli bacardısa, mən də bacararam!»

«Əgər Kinqzli bacardısa, mən də bacararam!»

KİNQZLİNİN çiyninə toxunub işarə verdikdən sonra o, Müqəddəs Kitabı oxumağa başladı. Bu, onun Teokratik Xidmət Məktəbində ilk tapşırığı idi. O, hecaları buraxmadan hər bir sözü aydın tələffüz edirdi. Amma maraqlıdır ki, Müqəddəs Kitabına baxmırdı.

Şri-Lankada yaşayan Kinqzli kor idi. O, həmçinin zəif eşidir və əlil arabası ilə hərəkət edirdi. Bəs necə oldu ki, o, Yehova Allah haqda öyrəndi və Teokratik Xidmət Məktəbinə yazıldı? Gəlin sizə danışım.

Kinqzlini ilk dəfə görəndə onun Müqəddəs Kitab həqiqətinə necə maraq göstərməsinə məəttəl qalmışdım. O, artıq Yehovanın bir neçə Şahidi ilə Müqəddəs Kitabı araşdırmışdı. Onun Brayl şriftində olan «Əbədi həyata aparan bilik» kitabı çox köhnəlmişdi  *. O, mənimlə Müqəddəs Kitabı öyrənməyə razılıq verdi. Ancaq iki çətinlik var idi.

Birincisi, Kinqzli qocaların və əlillərin yaşadığı evdə qalırdı. Səs-küy olduğundan və Kinqzli zəif eşitdiyindən mən çox ucadan danışmalı olurdum. Buna görə də hər həftə keçdiyimiz dərsi evdəkilərin hamısı eşidirdi.

İkincisi, Kinqzli bir dərs zamanı çox az məlumatı oxuya və qavraya bilirdi. Dərsimiz daha səmərəli keçsin deyə Kinqzli yaxşı-yaxşı hazırlaşırdı. O, keçəcəyimiz dərsi qabaqcadan təkrar-təkrar oxuyur, Brayl şriftində olan Müqəddəs Kitabında ayələrə baxır və beynində sualların cavabını hazırlayırdı. Onun bu üsulu çox effektli idi. Dərs zamanı o, xalçanın üstündə bardaş qurub otururdu. Öyrəndikləri ona elə güclü təsir edirdi ki, bunları ucadan danışır, danışdıqca da döşəməyə vururdu. Çox keçməmiş biz həftədə iki dəfə dərs keçməyə başladıq və hər dərs iki saat çəkirdi.

YIĞINCAQ GÖRÜŞLƏRİNDƏ İŞTİRAK EDİRDİ

Kinqzli və Paul

Kinqzli Padşahlıq zalında keçirilən görüşlərdə iştirak etməyi çox arzulayırdı, amma bu, elə də asan deyildi. Onu əlil arabasına, maşına mindirib-düşürməyə, Padşahlıq zalına aparıb-gətirməyə kömək lazım idi. Yığıncağın bir çox üzvləri ona növbə ilə kömək edirdilər. Bu işi özlərinə şərəf sanırdılar. Görüş zamanı Kinqzli səsgücləndiricinin yanında oturur, diqqətlə qulaq asır və hətta şərhlər verirdi.

Beləcə, bir müddətdən sonra Kinqzli Teokratik Xidmət Məktəbinə yazılmaq qərarına gəldi. İlk tapşırığına iki həftə qalmış ondan məşq edib-etmədiyini soruşdum. O, əminliklə dedi: «Bəli, qardaş, düz 30 dəfə oxumuşam». Mən onu təriflədim və xahiş etdim ki, bir də oxusun qulaq asım. O, Müqəddəs Kitabını açdı, barmaqlarını Brayl şriftində olan mətnə qoyaraq oxumağa başladı. Lakin fikir verdim ki, o, barmaqlarını mətnin üstündə gəzdirmir. Sən demə, o, həmin parçanı başdan-ayağacan əzbərləmişdi!

Yanağımdan süzülən göz yaşları içində ona baxırdım. Gözlərimə inana bilmirdim. Kinqzlidən soruşdum ki, cəmi 30 dəfəyə bu parçanı necə əzbərləyib. O cavab verdi: «Yox, mən hər gün 30 dəfə məşq edirəm». Kinqzli bir aydan çox xalçanın üstündə oturub mətni əzbərləyənə qədər təkrar-təkrar oxuyubmuş.

Onun Padşahlıq zalında tapşırığını etməyinin vaxtı gəlib çatdı. Kinqzli tapşırığını bitirəndə zaldan gurultulu alqış qopdu. Çoxları təzə şagirdin əzmini görüb ağlayırdı. Həyəcan keçirdiyinə görə Məktəbdə çıxış etməkdən imtina edən bir təbliğçi yenidən Məktəbə yazılmaq istədi. O dedi: «Əgər Kinqzli bacardısa, mən də bacararam!»

Kinqzli üç il Müqəddəs Kitabı öyrənəndən sonra Yehovaya həsr olunmasının simvolu olaraq 2008-ci il sentyabrın 6-da vəftiz olundu və gözlərini həyata yumana kimi Yehovaya sədaqətlə xidmət etdi. O, 2014-cü il mayın 13-də vəfat etdi. Kinqzli əmin idi ki, cənnətdə sapsağlam şəkildə xidmətini davam etdirəcək (Əşy. 35:5, 6). Nəql etdi: Paul Makmanus.

^ abz. 4 Bu nəşr 1995-ci ildə dərc olunmuşdu, hal-hazırda isə çap edilmir.