Kontentə keç

Mündəricatı göstər

Xidmətə hazır könüllülər. Rusiyada

Xidmətə hazır könüllülər. Rusiyada

YEHOVANIN ŞAHİDLƏRİ 1991-ci ildə Rusiyada rəsmi şəkildə tanındı. Bununla da onların fəaliyyətinə qoyulmuş uzunmüddətli qadağa ləğv olundu. Bu, böyük sevincə səbəb oldu. Həmin vaxt heç kimin ağlına gəlməzdi ki, orada Yehovanın Şahidlərinin sayı on dəfə artacaq. Hazırda Rusiyada Yehovanın Şahidlərinin sayı 170 000 nəfərdən çoxdur. Padşahlığın bu zəhmətkeş müjdəçilərinin arasında ruhani biçinə kömək etmək üçün müxtəlif ölkələrdən Rusiyaya köçən bacı-qardaşlar da var (Mət. 9:37, 38). Gəlin onlardan bəzilərilə tanış olaq.

FƏDAKAR QARDAŞLAR YIĞINCAQLARI MÖHKƏMLƏNDİRİR

Rusiyada qadağanın ləğv olunduğu il Böyük Britaniyadan olan Metyunun 28 yaşı var idi.Həmin il keçirilən böyük toplantıda məruzələrin birində vurğulanmışdı ki, Şərqi Avropada yığıncaqlara kömək lazımdır. Natiq Rusiyanın Sankt-Peterburq şəhərindəki bir yığıncağı misal çəkib demişdi ki, orada yalnız bir yığıncaq xidmətçisi var, ağsaqqal isə heç yoxdur, ancaq təbliğçilər yüzlərlə adama Müqəddəs Kitab dərsi keçir. Metyu deyir: «Bu məruzədən sonra Rusiya mənim ağlımdan çıxmırdı. Duada Yehovaya ora köçmək istədiyimi bildirirdim». O, bir qədər pul yığdı, çox şeyini satdı və 1992-ci ildə Rusiyaya köçdü. Bəs sonra nə oldu?

Metyu

Metyu deyir: «Rus dili mənim üçün çətin idi. Yaxşı ruhani söhbətlər apara bilmirdim». Digər çətinlik mənzil problemi idi. «Qısa müddət ərzində o qədər yer dəyişmişdim ki, artıq sayını itirmişdim». Təzə-təzə bu cür çətinliklərlə üzləşsə də, Metyu deyir: «Rusiyaya köçmək həyatımda verdiyim ən yaxşı qərardır. Burada xidmət edəndə Yehovaya daha çox güvənməyi öyrəndim, bir çox sahələrdə mənə necə yol göstərdiyini gördüm». Sonradan Metyu ağsaqqal və xüsusi öncül təyin olundu. İndi isə o, Sankt-Peterburq yaxınlığında yerləşən filialda xidmət edir.

1999-cu ildə 25 yaşlı Hiro Yaponiyada Xidməti Təkmilləşdirmə Məktəbinin məzunu oldu. Müəllimlərindən biri onu başqa ölkədə xidmət etməyə təşviq etmişdi. Hiro Rusiyada böyük tələbatın olduğunu eşitmişdi. Buna görə də rus dilini öyrənməyə başladı. O, başqa bir addım da atdı. Hiro deyir: «Mən altı aylıq Rusiyaya getdim. Orada qış sərt keçdiyindən noyabr ayında getdim ki, görüm oranın soyuğuna dözə biləcəyəm, ya yox». Qış çıxandan sonra o, Yaponiyaya qayıtdı. Orada çox sadə yaşayıb pul yığırdı ki, yenidən Rusiyaya qayıtsın. Amma bu dəfə birdəfəlik.

Hiro və Svetlana

Hiro artıq on iki ildir ki, Rusiyada yaşayır. O, bir neçə yığıncaqda xidmət edib. Bəzən elə olub ki, 100-dən çox təbliğçisi olan yığıncaqda ondan başqa ağsaqqal olmayıb. Bir yığıncaqda o, hər həftə «Xidməti görüş»ün əksər hissələrini, «Teokratik Xidmət Məktəbi», «“Gözətçi qülləsi” müzakirəsi» və beş kitaböyrənmə aparırdı. Həmçinin ağsaqqal kimi çoxlarına baş çəkirdi. Ötən illərinə boylanıb baxanda Hiro deyir: «Bacı-qardaşlara ruhən möhkəmlənməyə kömək etmək mənə böyük sevinc bəxş edirdi». Tələbat olan ərazidə xidmət etmək ona necə təsir etdi? O deyir: «Rusiyaya köçməzdən əvvəl mən ağsaqqal və öncül kimi xidmət edirdim. Ancaq bura gələndən sonra Yehova ilə münasibətim tamam fərqli məcrada inkişaf etdi. Həyatımın hər sahəsində Yehovaya bel bağlamağı öyrəndim». 2005-ci ildə Hiro Svetlana ilə evləndi. Onlar birlikdə öncül kimi xidmət edirlər.

Maykl və Olqa Marina və Metyu ilə

34 yaşlı Metyu və onun 28 yaşlı qardaşı Maykl Kanadadandır. Onların hər ikisi Rusiyaya gələndə görmüşdülər ki, görüşlərə çoxlu maraqlanan gəlir, ancaq görüşü aparan qardaşlar çox azdır. Bu, onları heyrətləndirmişdi. Metyu deyir: «Getdiyim yığıncaqda 200 nəfər var idi, amma bütün görüşləri yalnız bir yaşlı ağsaqqal və bir gənc yığıncaq xidmətçisi aparırdı. Bu vəziyyət məni o qardaşlara kömək etmək üçün ora köçməyə vadar etdi». Metyu 2002-ci ildə Rusiyaya köçdü.

Dörd ildən sonra Maykl da Rusiyaya köçdü. Çox keçməmiş gördü ki, hələ də qardaşlara böyük ehtiyac var. Həmin vaxt o, yığıncaq xidmətçisi idi. Ona hesabatları, ədəbiyyatları və sahələri tapşırdılar. Həmçinin ona, adətən, yığıncağın katibinin gördüyü işlər, məruzə söyləmək, böyük toplantıların və ibadət evlərinin tikintisinin təşkilində kömək etmək həvalə olundu. Hətta indinin özündə də yığıncaqlara çox kömək lazımdır. Bu qədər işi görmək çətin olsa da, indi ağsaqqal kimi xidmət edən Maykl deyir: «Qardaşlara kömək etmək mənə çox xoşdur. Bu, mənim üçün ən yaxşı həyat yoludur!»

Bu arada, Metyu Marina ilə, Maykl isə Olqa ilə evləndi. Bu iki cütlük, bir çox könüllülərlə birlikdə indi də yığıncaqlara kömək edirlər.

ÇALIŞQAN BACILAR BİÇİNƏ KÖMƏK EDİR

Tatyana

1994-cü ildə, Tatyananın 16 yaşı olanda Çex respublikasından, Polşa və Slovakiyadan 6 xüsusi öncül Ukraynada onun olduğu yığıncaqda xidmət etməyə gəldi. Tatyana onları sevə-sevə xatırlayaraq deyir: «Bu çalışqan öncüllər çox sadə və mehriban idilər, Müqəddəs Kitabı yaxşı bilirdilər». Tatyana görürdü ki, Yehova onların göstərdiyi fədakarlığı mükafatlandırır. Buna görə o da onlar kimi olmaq istəyirdi.

Öncüllərin nümunəsindən həvəslənən Tatyana tətil vaxtlarında bacı-qardaşlarla Ukraynanın və Belarusiyanın heç vaxt təbliğ olunmayan ucqar yerlərində təbliğ edirdi. Bu təbliğ səfərləri elə xoşuna gəlirdi ki, o, Rusiyaya köçüb xidmətini genişləndirmək qərarına gəldi. Əvvəlcə, xaricdən ora köçmüş bacının yanına gedib bir az onunla qaldı və öncül xidmətini davam etdirmək üçün iş axtardı. 2000-ci ildə isə Rusiyaya köçdü. Bu, heç də asan deyildi.

Tatyana deyir: «Mənzil tutmağa imkanım olmadığından başqalarının evində otaq kirayə tuturdum. Bu cür şəraitdə yaşamaq çətin idi. Elə vaxtlar olurdu ki, geri, ailəmin yanına qayıtmaq istəyirdim. Ancaq Yehova həmişə mənə xidməti davam etdirməyin xeyrini göstərirdi». Bu gün Tatyana Rusiyada xüsusi təyinatlı müjdəçi kimi xidmət edir. O, sözlərinə belə yekun vurur: «Vətənimdən uzaqda keçirdiyim bu illər ərzində mən misli-bərabəri olmayan təcrübə və çoxlu dostlar qazandım. Hər şeydən əlavə, bu illər mənim imanımı möhkəmləndirdi».

Masako

Yaponiyadan olan Masakonun indi yaşı əllidən çoxdur. O, həmişə xüsusi təyinatlı müjdəçi olmaq istəyirdi. Amma sağlamlığı buna yol vermirdi. Səhhəti müəyyən qədər düzələndə o, biçin işində kömək etmək üçün Rusiyaya köçmək qərarına gəldi. Orada münasib ev, stabil iş tapmaq çətin olsa da, o, yapon dilindən dərs deyərək və xadiməlik edərək öncül xidmətini davam etdirirdi. Ona xidmətini davam etdirməyə nə kömək edir?

Masako Rusiyada xidmət etdiyi 14 ilə nəzər salaraq deyir: «Xidmətdən duyduğum sevinc üzləşdiyim bütün çətinlikləri mənə unutdurur. Padşahlığın təbliğçilərinə ehtiyac olan ərazilərdə təbliğ etmək həyatımı daha da maraqlı və rəngarəng edir. Yehovanın bu illər ərzində məni yeməklə, paltarla, qalmağa yerlə necə təmin etməsi mənim üçün əsil möcüzədir». Rusiyada ehtiyac olan yerdə xidmət etməklə yanaşı, Masako Qırğızıstanda da biçin işində iştirak edib. Üstəlik, o, ingilis, çin və uyğurdilli qruplara da köməklik edib. Hazırda o, Sankt-Peterburqda öncül kimi xidmət edir.

AİLƏLƏR KÖMƏK EDİR VƏ MÜKAFAT ALIR

İnqa və Mixail

Bir çox ailələr dolanışıqlarını yaxşılaşdırmaq üçün xarici ölkələrə köçürlər. Ancaq bəzi ailələr qədimdə yaşamış İbrahim peyğəmbərlə Sara kimi ruhani işlərdən ötrü başqa ölkələrə köçür (Yar. 12:1—9). Məsələn, Mixail İnqa 2003-cü ildə Ukraynadan Rusiyaya köçdü. Çox keçməmiş onlar burada Müqəddəs Kitabı öyrənmək istəyən adamlar tapdılar.

Mixail deyir: «Bir dəfə biz heç vaxt təbliğ olunmayan bir ərazidə təbliğ edirdik. Bir qoca kişi qapını açıb soruşdu: “Siz təbliğçisiniz?” Biz onun sözünü təsdiqləyəndə kişi dedi: “Bilirdim ki, nə vaxtsa gələcəksiniz. Ola bilməz ki, İsanın sözləri yerinə yetməsin”. Sonra kişi Mətta 24:14 ayəsini sitat gətirdi. Həmin ərazidə həmçinin on baptist qadınla rastlaşdıq. Onlar həqiqətə susamışdılar. Onlarda «Əbədi yaşamaq» kitabı var idi və hər həftənin axırı bu kitabın vasitəsilə Müqəddəs Kitabı öyrənirdilər. Biz bir neçə saat ərzində onların suallarına cavab verdik, onlarla Padşahlıq nəğmələrini oxuduq və birlikdə nahar etdik. Həmin təbliğ səfəri mənim ən xoş xatirələrimdəndir». Mixail və İnqa deyir ki, təbliğçiyə ehtiyac olan ərazidə xidmət edəndən Yehovaya daha da yaxın olublar, insanlara sevgiləri artıb və həyatları daha da zəngin olub. Hazırda onlar səyyar xidmətdədirlər.

Oksana, Aleksey və Yuri

Ukraynadan olan Yuri Oksananın 40-a yaxın yaşları var, onların oğlu Alekseyin isə 13 yaşı var. 2007-ci ildə onlar Rusiya filialında olanda xəritədə Rusiyanın nə qədər böyük ərazisinin təyin olunmadığını görmüşdülər. Oksana deyir: «Həmin xəritəni görəndə başa düşdük ki, Padşahlığın təbliğçilərinə böyük ehtiyac var. Bu, bizə kömək etdi ki, Rusiyaya köçməyə qərar verək». Onlara bu qərarı verməyə daha nə kömək etdi? Yuri deyir: «Nəşrlərimizdəki məqalələrin, məsələn, “Başqa ölkədə xidmət edə bilərsənmi?” adlı məqalənin bizə böyük köməyi oldu *. Biz Rusiyaya, filialın təklif etdiyi yerə getdik, orada ev və iş axtardıq». Onlar 2008-ci ildə Rusiyaya köçdülər.

Təzə-təzə iş tapmaq çətin idi, həm də bir neçə dəfə onlar bir mənzildən başqasına köçməli olmuşdu. Yuri deyir: «Biz həmişə dua edirdik ki, təslim olmayaq. Sonra isə Yehovaya arxalanaraq təbliği davam etdirirdik. Yehovanın işini birinci yerə qoyanda Onun necə qayğımıza qaldığını görürdük. Bu xidmət ailəmizi möhkəmləndirdi» (Mət. 6:22, 33). Bəs ehtiyac olan ərazidə xidmət etmək balaca Alekseyə necə təsir etdi? Oksana deyir: «Bunun ona çox xeyri oldu. O, doqquz yaşında özünü Yehovaya həsr edib vəftiz olundu. Padşahlığın təbliğçilərinə böyük ehtiyac olduğunu gördüyü üçün o, hər tətildə köməkçi öncül kimi xidmət edir. Oğlumuzun xidmətə sevgisini və həvəsini görmək bizi sevindirir». Bu gün Yuri və Oksana xüsusi öncüldürlər.

«YEGANƏ PEŞMANÇILIĞIM»

Biçin işində iştirak edən bu təbliğçilərin sözlərindən aydın olur ki, başqa yerə köçüb xidməti genişləndirmək üçün Yehovaya tam etibar etmək lazımdır. Düzdür, ehtiyac olan yerlərdə xidmət edənlər yeni ərazidə çətinliklərlə üzləşirlər. Ancaq müjdəni təbliğ etmək və müjdəyə hay verən insanları tapmaq onlara hədsiz sevinc bəxş edir. Sən də Padşahlığın təbliğçilərinə ehtiyac olan ərazilərdə biçin işində kömək edə bilərsən? Əgər bunu etmək qərarına gəlsən, çox tezliklə Yurinin keçirdiyi hisslərə şərik olacaqsan. O, köçmək qərarı ilə bağlı belə deyir: «Yeganə peşmançılığım odur ki, bu qərarı tez verməmişəm».

^ abz. 20 «Gözətçi qülləsi» jurnalının 1999-cu il, 15 oktyabr sayının 23—27 səhifələrinə baxın (rus.).