Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYANIN SONU BARƏDƏ VƏHY

Axırzaman carçıları və gələcəyiniz

Axırzaman carçıları və gələcəyiniz

Əvvəlki məqalədə qeyd olunduğu kimi, dörd atlı ilk baxışdan oxucuya müəmmalı və qorxulu gələ bilər. Əslində isə qorxuya səbəb yoxdur. Müqəddəs Kitab və dünya səhnəsindəki hadisələr bu dörd atlının nəyi təmsil etdiyini açıqlayır. Dörd atlı dünya üçün bəla mənasını daşısa da, bu vəhydə yaxşı xəbər də var. İlk öncə gəlin hər bir atlının nəyin rəmzi olduğunu nəzərdən keçirək.

AĞ ATI ÇAPAN ATLI

Vəhy belə başlayır: «Sonra baxdım və budur: bir ağ at. Atın belində oturanın əlində bir yay vardı. Ona tac verildi və o, zəfər çala-çala qələbəsini başa vurmaq üçün irəlilədi» (Vəhy 6:2).

Ağ atlı kimdir? Bu, Həzrəti İsadır. Nəyə əsasən belə demək olar? İncilin «Vəhy» bölməsinin digər yerində həmin atlı «Allahın sözü» adlanır (Vəhy 19:11—13). Müqəddəs Kitabda «Allahın sözü» titulu İsa Məsihə aid edilir, çünki o, Allahın adından danışan nümayəndədir (Yəhya 1:1, 14). Sözügedən atlı «Vəhy»də həmçinin Sadiq və Həqiqi, eləcə də padşahlar Padşahı və ağalar Ağası adlanır (Vəhy 19:11, 16). Bu atlı haqda yazılanlardan belə nəticəyə gəlmək olar ki, Hz. İsanın fateh hökmdar olmaq səlahiyyəti var və o, bu səlahiyyətindən ancaq yaxşı məqsədlər üçün istifadə edir.

Bəs ona fateh səlahiyyətini kim verib? (Vəhy 6:2). Bir peyğəmbər röyada Məsihlə bağlı Allahdan vəhy almışdı. O görür ki, Əzəldən Var Olan, yəni Yehova * Allah Məsihə hakimiyyət, şərəf və padşahlıq verir (Dənyal 7:13, 14). Deməli, İsa Məsihə hökmdar və fateh səlahiyyətini verən külli-ixtiyar sahibi Allahdır. Məsihin məhz ağ atın belində oturması apardığı müharibənin haqq olduğunu göstərir, çünki ağ rəng Allahın Kəlamında çox vaxt salehliyin, paklığın rəmzi sayılır (Vəhy 3:4; 7:9, 13, 14).

Atlılar haqdakı vəhy hansı dövrə aiddir? Birinci atlı, İsa Məsih ona tac veriləndə çapmağa başladı (Vəhy 6:2). Bəs ona tac nə vaxt verilib, Allahın dərgahına aparılan kimi? Xeyr. Müqəddəs Kitabda deyilir ki, bunun üçün müəyyən vaxt keçməli idi (İbranilərə 10:12, 13). İsa Məsih yer üzündə yaşayarkən davamçılarına taxta çıxacağı vaxtı bildirən əlamətlərdən danışmışdı. O demişdi ki, həmin vaxt yer üzündə vəziyyət gözlənilmədən pisliyə doğru dəyişəcək: müharibə, qıtlıq və xəstəliklər baş alıb gedəcək (Mətta 24:3, 7; Luka 21:10, 11). 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması ilə bəşəriyyət həmin bu acınacaqlı dövrə qədəm qoydu. Allahın Kəlamında bu dövr axırzaman adlanır (2 Timutiyə 3:1—5).

Sual yaranır: əgər İsa Məsih 1914-cü ildə taxta çıxıbsa, onda nəyə görə dünyadakı şərait günü-gündən pisləşir? Səbəb odur ki, həmin il İsa Məsih yer üzünü yox, göy aləmini idarə etməyə başladı. Məsih (ayədə Mikayıl adlanır) taxta çıxan kimi mələkləri ilə birgə İblis və cinlərə qarşı döyüşdü və onları yer üzünə atdı (Vəhy 12:7—9, 12). O gündən daha çox hiddətlənən İblis bütün qəzəbini insanların üzərinə tökür. Ancaq onun yer üzündə hegemonluq etməsinə saylı günlər qalıb. Tezliklə Allah-Taala İblisə çıxardığı hökmü icra edəcək (Mətta 6:10). Bəs digər üç atlının axırzamanla hansı əlaqəsi var? Ağ atlıdan fərqli olaraq, bu atlılar hər hansı bir şəxsi yox, bəşəriyyətin məruz qaldığı müxtəlif bəlaları təmsil edir.

KÜRƏN ATI ÇAPAN ATLI

«Meydana kürən at çıxdı. Onun belində oturana insanların bir-birini qırması üçün yer üzündən sülhü götürmək izni verilmişdi. Atlıya böyük bir qılınc verildi» (Vəhy 6:4).

Bu atlı müharibəni simvolizə edir. O, təkcə bir neçə ölkədən yox, bütün dünyadan sülhü götürür. 1914-cü ildə dünya tarixində ilk qlobal müharibə başladı. Onun ardınca ondan da dəhşətli İkinci Dünya müharibəsi baş verdi. Bəzi hesablamalara görə, 1914-cü ildən etibarən müharibə və silahlı iğtişaşlarda 100 milyondan artıq insan həyatını itirib! Hələ xəsarət alanları, şikəst qalanları demirik.

Bəs bugünkü vəziyyət haqqında nə demək olar?

Tarixdə ilk dəfədir ki, insanın icad etdiyi silahlar bütün bəşər nəslini yer üzündən silmək gücünə malikdir. Hətta BMT kimi «sülh keşikçiləri» belə, kürən atlının qarşısında heç nə edə bilmirlər.

QARA ATI ÇAPAN ATLI

«Mən baxdım və budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı. Bu vaxt, sanki, dörd məxluqun arasından bir səs gəldi: “Bir kilo buğda bir dinara, üç kilo arpa bir dinara; zeytun yağını və şərabı zay etmə”» (Vəhy 6:5, 6).

Bu atlı qıtlığı təmsil edir. Ayələrdə deyilir ki, yer üzündə qıtlıq tüğyan edəcək. Hətta bir kilo buğda bir dinara (vəhyin verildiyi dövrdə birgünlük əmək haqqı) satılacaq (Mətta 20:2). Adi arpa nədir ki, onun üç kilosu birgünlük əmək haqqına bərabər olacaq. Sözsüz ki, bununla böyük külfəti doyuzdurmaq müşkül məsələdir. Bəs «zeytun yağını və şərabı zay etmə» nə deməkdir? Zeytun yağı və şərab birinci əsrdə gündəlik istifadə olunan qidalar idi. Bu isə o deməkdir ki, adi qidalara belə qənaət etmək lazım gələcək.

1914-ci ildən bəri qara atlının dünya meydanında çapdığını açıq-aydın görmək olar. 20-ci əsrdə təxminən 70 milyon insan aclığın qurbanı olub. Bir hesabatda deyilir ki, 2012—2014-cü illər ərzində 805 milyon insan, yəni dünya üzrə hər doqquz insandan biri aclıqdan əziyyət çəkmişdir. Başqa bir hesabatda deyilir: «Hər il aclıqdan ölənlərin sayı QİÇS, malyariya və vərəm xəstəliklərindən ölənlərin ümumi sayından daha çoxdur». Aclığı aradan qaldırmaq üçün nə qədər cəhd göstərilsə də, qara atlının qarşısını almaq mümkün olmur.

SOLĞUN ATI ÇAPAN ATLI

«Mən baxdım və budur: meydana solğun rəngli at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar addımbaaddım onun dalınca gəlirdi. Onlara yer üzünün dörddə bir hissəsi üzərində ixtiyar verildi. Onlar əhalini uzun qılınc, ərzaq qıtlığı, ölümcül xəstəliklər və yerin vəhşi heyvanları vasitəsilə qırmalı idilər» (Vəhy 6:8).

Dördüncü atlı xəstəlik və digər faktorların səbəb olduğu vaxtsız ölümün rəmzidir. Məsələn, 1914-cü ildən qısa müddət sonra ispan qripi on milyonlarla insanın həyatına son qoyub. Ehtimal edilir ki, həmin vaxt bu xəstəliyə 500 milyon insan yoluxmuşdu, bu isə dünya əhalisinin hər üç nəfərindən biri deməkdir!

İspan qripi hələ başlanğıc idi. Mütəxəssislərin hesablamalarına əsasən, 20-ci əsrdə çiçək xəstəliyindən yüz milyonlarla insan həlak olub! Tibbi nailiyyətlərə baxmayaraq, QİÇS, vərəm və malyariya hələ də saysız-hesabsız insanın həyatına son qoymağa davam edir.

İstər müharibə, istər aclıq, istərsə də xəstəlik olsun, nəticə eynidir — ölüm. Ölümün dalınca gələn Məzar isə amansızcasına tələf olanları udur.

PİS GÜNLƏR YOX OLACAQ

Tezliklə insanlara ağrı-acı yaşadan bütün əzabların sonu gələcək! Yuxarıda vurğulandığı kimi, İsa Məsih 1914-cü ildə İblisi göydən yerə atmaqla zəfər çaldı. Ancaq onun zəfəri bununla yekunlaşmır (Vəhy 6:2; 12:9, 12). Tezliklə, Qiyamət günündə İsa Məsih İblisin tərəfini tutanları yer üzündən siləcək. Elə edəcək ki, İblis insanlara daha yoldan çıxara bilməsin (Vəhy 20:1—3). Məsih ardınca gələn üç atlının qarşısını alacaq və onların törətdiyi fəsadları aradan qaldıracaq. Görək Müqəddəs Kitabda bu haqda daha nə deyilir.

Müharibənin yerini sülh tutacaq. Müqəddəs Kitabda deyilir ki, Yehova Allah yerin bir ucundan o biri ucunadək döyüşləri kəsəcək, kamanı qıracaq, nizəni sındıracaq (Zəbur 46:9). Sülhsevər insanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:11).

Qıtlığı bolluq əvəz edəcək. «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

İsa Məsih tezliklə bu üç atlının törətdiyi fəsadları aradan qaldıracaq

Xəstəlik sağlamlığa, ölüm əbədi həyata məğlub olacaq. Allah insanların «gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

İsa Məsihi hakimiyyəti altında həyatın necə olacağını onun yer üzündə yaşayarkən gördüyü işlərdən bilmək olar. O, insanları sülhə çağırır, minlərlə insanı doyuzdurur, xəstələrə şəfa verir, ölənləri həyata qaytarırdı (Mətta 12:15; 14:19—21; 26:52; Yəhya 11:43, 44).

Bu şər dünyanın sonu sürətlə yaxınlaşır. Allah istəyir ki, hamımız bu günə hazır olaq. Bəs hazır olmaq özünə nəyi daxil edir? Yehovanın Şahidləri bu sualın cavabını sizə Allahın Kəlamından böyük məmnuniyyətlə göstərə bilərlər.

^ abz. 7 Müqəddəs Kitaba əsasən, Allahın adı.