Kontentə keç

MÜQƏDDƏS KİTAB ƏSASINDA SÖHBƏT

Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir? (II hissə)

Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir? (II hissə)

Burada Yehovanın Şahidinin qonşuluqda yaşayan bir insanla söhbəti təqdim olunur. Təsəvvür edək ki, Camal adında bir Şahid Şahbaz adında bir kişiyə təkrarən baş çəkir.

NAVUXODONOSORUN YUXUSU. QISA İCMAL

Camal: Salam, Şahbaz. Hər həftə səninlə Müqəddəs Kitab dərsi * keçəcəyimiz günü səbirsizliklə gözləyirəm. Necəsən?

Şahbaz: Çox sağ ol, yaxşıyam.

Camal: Lap yaxşı. Keçən dəfə danışdıq ki, nəyə görə Yehovanın Şahidləri Allahın Padşahlığının 1914-cü ildə qurulduğunu deyir *. Araşdırdıq ki, bunu «Dənyal» kitabının 4-cü fəslində yazılmış peyğəmbərlikdəki vacib bir məqamdan bilirik. Yadındadır, orada nə yazılıb?

Şahbaz: Navuxodonosorun hündür ağac barədə yuxusu.

Camal: Bəli. Navuxodonosor yuxuda başı göylərə çatan ağac görmüşdü. Sonra Allahın mələyi əmr etmişdi ki, ağacı kəssinlər, kötüyünü isə çəmbərləyib yerdə saxlasınlar. Yeddi dövrdən sonra ağac yenidən böyüyəcəkdi *. Həmçinin öyrəndik ki, bu peyğəmbərliyin iki icrası var. Yadındadır, birinci dəfə necə yerinə yetib?

Şahbaz: Navuxodonosorun öz üzərində yerinə yetmişdi deyəsən, hə? O, yeddi il ağlını itirmişdi.

Camal: Bəli. Navuxodonosor bir müddət ağlını itirdi. Bununla da onun hakimiyyətinə ara verildi. Ancaq bu peyğəmbərliyin əsas icrası odur ki, Allahın hakimiyyətinə yeddi dövrlüyə ara verildi. Öyrəndik ki, yeddi dövr eramızdan əvvəl 607-ci ildə Yerusəlimin məhv edilməsilə başladı. O vaxtdan yerdə Yehova Allahı təmsil edərək Onun xalqını idarə edən padşah yox idi. Ancaq yeddi dövrün tamamında Allah xalqı üzərində yeni Padşah qoydu. Bu Padşah göydə taxta çıxıb. Başqa sözlə, yeddi dövr başa çatan vaxt Allahın səmavi Padşahlığının hakimiyyəti başladı. Deməli, artıq yeddi dövrün nə zaman başlandığını araşdırmışıq. Əgər bu dövrün nə qədər davam etdiyini müəyyən etsək, Allahın Padşahlığının da nə vaxt qurulduğunu biləcəyik. Bura kimi hər şey aydındır?

Şahbaz: Hə, yaxşı ki, təkrarladın. Hər şey yadıma düşdü.

Camal: Əla. Gəl indi görək yeddi dövr nə qədər davam etdi. Bu mövzunu özüm də o gün araşdırdım ki, əsas fikirləri yaddaşımda təzələyim. İndi çalışacağam sənə də izah edim.

Şahbaz: Aha.

YEDDİ DÖVRÜN TAMAMI, AXIRZAMANIN BAŞLANĞICI

Camal: Peyğəmbərlik Navuxodonosora aid olanda, görünür, yeddi dövr yeddi ilə bərabər idi. Amma Allahın Padşahlığına aid olanda isə yeddi dövr yeddi ildən uzun vaxtı əhatə etdi.

Şahbaz: Nəyə görə?

Camal: Əvvəla, yeddi dövr Yerusəlimin eramızdan əvvəl 607-ci ildə darmadağın edilməsilə başladı. Həmin ildən yeddi il sonra, yəni eramızdan əvvəl 600-cü ildə Allahın hakimiyyəti ilə əlaqəli heç bir şey baş vermədi. Üstəlik, keçən dəfə də öyrəndik ki, İsa Məsih yer üzündə yaşayanda yeddi dövrün hələ qurtarmadığını bildirmişdi.

Şahbaz: Hə, yadıma düşdü.

Camal: Deməli, yeddi dövr yeddi ilə bərabər ola bilməz. Daha uzun vaxtı bildirir.

Şahbaz: Nə qədər vaxtı?

Camal: Bu sualın cavabını «Vəhy» kitabının köməyilə tapa bilərik. Bu kitabı oxuyanda «Dənyal» kitabını başa düşmək olur. «Vəhy»də deyilir ki, üç dövr yarım 1260 gündür *. Deməli, yeddi dövr, yəni iki dəfə üç dövr yarım 2520 günə bərabərdir. Aydındır?

Şahbaz: Aha, bu, aydındır. Amma yenə də başa düşmürəm ki, bu, Allahın Padşahlığının 1914-cü ildə qurulduğunu necə göstərir.

Camal: Gəl baxaq. Müqəddəs Kitabdakı bəzi peyğəmbərliklərdə gün ili təmsil edir *. Bu prinsiplə götürsək, yeddi dövr 2520 ilə bərabər olacaq. Eramızdan əvvəl 607-ci ildən 2520 il saysaq, eramızın 1914-cü ilinə gəlib çıxırıq *. Yeddi dövrün 1914-cü ildə bitdiyini, İsa Məsihin həmin il Allahın Padşahlığının Padşahı olduğunu buna əsasən deyirik. Özü də maraqlıdır ki, Müqəddəs Kitabda axırzamanla bağlı qabaqcadan deyilən hadisələr də 1914-cü ildən baş verir.

Şahbaz: Hansı hadisələr?

Camal: Gəl Mətta 24:7 ayəsini oxuyaq. Gör İsa göydə taxta çıxacağı vaxt barədə nə demişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq». Fikir verdin, yazılıb ki, qıtlıqlar, zəlzələlər olacaq. Ötən əsrdə dünyada nə qədər bəlalar baş verdi?

Şahbaz: Hə, düzdür.

Camal: Bu ayədə İsa həm də deyir ki, Allahın Padşahlığının Padşahı kimi hakimiyyət sürəndə müharibələr olacaq. «Vəhy» kitabında deyilir ki, axırzamanda müharibələr təkcə ayrı-ayrı ölkələrdə olmayacaq, bütün dünyanı cənginə alacaq *. Yadındadır, birinci dünya müharibəsi nə vaxt başladı?

Şahbaz: 1914-cü ildə. İsanın taxta çıxdığı ildə. Sən bir işə bax.

Camal: Bütün faktları düşünəndə, yeddi dövrlə bağlı peyğəmbərliyi, axırzamanla bağlı peyğəmbərlikləri nəzərə alanda hər şey aydın olur. Yehovanın Şahidləri əmindirlər ki, İsa Məsih 1914-cü ildən Allahın Padşahlığının Padşahı kimi hakimiyyət sürür və elə həmin ildən də axırzaman başlayıb.

Şahbaz: Açığı mən hələ bunu başa düşməyə çalışıram.

Camal: Bu, təbiidir. Bayaq da dedim, bunu tam başa düşmək üçün mənə də vaxt lazım oldu. Amma ümid edirəm, sənə aydın oldu ki, Müqəddəs Kitabda konkret il yazılmasa da, Yehovanın Şahidləri 1914-cü illə bağlı Müqəddəs Kitab əsasında bu qənaətə gəliblər.

Şahbaz: Hə, sizdə ən çox xoşuma gələn cəhət də elə odur ki, nə deyirsinizsə, hər şeyi Müqəddəs Kitaba əsaslandırırsınız. Heç vaxt öz fərziyyələrinizi öyrətmirsiniz. Sadəcə, mənə maraqlıdır ki, nəyə görə hər şeyi belə qəlizləşdirmək lazım idi. Nəyə görə Allah Müqəddəs Kitabda birbaşa yazdırmayıb ki, İsa Məsih 1914-cü ildə göydə taxta çıxacaq?

Camal: Bu, çox yaxşı sualdır. Əslində, Müqəddəs Kitabda çox şey barədə birbaşa yazılmayıb. Allah Müqəddəs Kitabı elə yazdırıb ki, onu başa düşmək üçün insanlar zəhmət çəksin. İstəyirsən, gələn dəfə bunun səbəbi barədə danışarıq.

Şahbaz: Olar, maraqlı mövzudur.

Bəlkə, sizi də hansısa mövzu maraqlandırır, yaxud da Yehovanın Şahidlərinin dini etiqadları ilə bağlı suallarınız var. Əgər belədirsə, çəkinmədən Yehovanın Şahidlərindən birinə müraciət etdin. Onlar məmnuniyyətlə sizin bütün suallarınıza cavab verəcəklər.

^ Yehovanın Şahidləri insanlarla təlim proqramı üzrə Müqəddəs Kitab dərsi keçir. Dərslər pulsuz və müzakirə şəklində keçirilir.

^ «Gözətçi qülləsi» jurnalının 2014-cü il oktyabr—dekabr sayındakı «Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir? I hissə» adlı məqaləyə baxın.

^ Dənyal 4:23—25 ayələrinə baxın.

^ Vəhy 12:6, 14 (haşiyə) ayələrinə baxın.

^ Saylar 14:34; Hizqiyal 4:6 ayələrinə baxın.

^ «Navuxodonosorun ağacla bağlı gördüyü yuxu» adlı sxemə baxın.

^ Vəhy 6:4 ayəsinə baxın.