Kontentə keç

Mündəricatı göstər

FƏSİL 21

«Hər kəsin qanından» təmizəm

«Hər kəsin qanından» təmizəm

Bulusun fəal xidməti və ağsaqqallara verdiyi məsləhət

Həvarilərin işləri 20:1—38

1—3. a) Bulusun Troasda olduğu axırıncı gecə nə baş verdi? b) Bulus nə etdi və bu hadisə onun haqqında bizə nə deyir?

 BULUS üst mərtəbədə ağzına kimi dolu otaqda qardaşlarla danışır. Troasda son gecəsi olduğu üçün Bulusun onlara deyiləsi çox sözü var. Artıq gecə yarıdan keçib. Çıraqların tüstüsündən otağın havası bir az da ağırlaşıb. Bulus danışdıqca Eftik adlı bir gənc dərin yuxuya gedir və üçüncü mərtəbədən aşağı yıxılır.

2 Həkim olduğu üçün Luka yəqin hamıdan birinci oğlanın yanına qaçır və onun vəziyyətini yoxlayır. Ancaq artıq həkimlikdən keçib. Oğlan ölüdür (Həv. 20:9). Lakin sonra möcüzə baş verir. Bulus özünü oğlanın üstünə atır və camaata deyir: «Səs-küy qaldırmayın, o artıq sağdır». Bulus Eftiki diriltdi (Həv. 20:10).

3 Bu hadisə Allahın müqəddəs ruhunun gücünü nümayiş etdirir. Əslində, Eftikin ölümündə Bulusun heç bir günahı yox idi. Buna baxmayaraq, Bulus istəmirdi ki, oğlanın ölümü bu vacib hadisəni korlasın və kiminsə büdrəməsinə səbəb olsun. Eftiki diriltməklə Bulus yığıncağa təskinlik verdi və xidməti icra etmək üçün onların qolunu qüvvətləndirdi. Aydındır ki, Bulus insan həyatına məsuliyyətlə yanaşırdı. O demişdi: «Hər kəsin qanından [təmizəm]» (Həv. 20:26). Görək Bulusun nümunəsi bu sahədə bizə necə kömək edə bilər.

«Makedoniyaya yollandı» (Həvarilərin işləri 20:1, 2)

4. Bulus hansı sınaqla üzləşmişdi?

4 Ötən fəsildə öyrəndik ki, Bulus ciddi sınaqla üzləşmişdi. Onun Efesdəki xidməti çaxnaşmaya səbəb olmuşdu. Gəlirləri Artemidaya ibadətdən çıxan gümüş ustaları əməlli-başlı iğtişaş qaldırmışdılar! Həvarilərin işləri 20:1 ayəsində deyilir: «Hay-küy yatandan sonra Bulus şagirdləri yanına çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşıb Makedoniyaya yollandı».

5, 6. a) Bulus Makedoniyada nə qədər qaldı və oradakı qardaşlara hansı faydanı gətirdi? b) Bulusun dindaşlarına münasibəti necə idi?

5 Gəmi ilə Makedoniyaya gedəndə Bulus Troasda enib bir müddət orada qaldı. O ümid edirdi ki, Korinfə göndərdiyi Titus Troasda ona qoşulacaq (2 Kor. 2:12, 13). Lakin aydın olanda ki, Titus gəlmir, Bulus çıxıb Makedoniyaya getdi. Orada təxminən bir ilə yaxın qaldı və «qardaşlarla danışaraq onları... ruhlandırdı» a (Həv. 20:2). Titus Makedoniyaya Bulusun yanına gəlib korinflilərin onun məktubundan düzgün nəticə çıxardığını söylədi (2 Kor. 7:5—7). Bu xəbərdən sevinən Bulus onlara ikinci məktubu yazdı.

6 Diqqətəlayiqdir ki, Luka Bulusun Efes və Makedoniyadakı qardaşlara baş çəkdiyini yazanda «ruhlandırmaq» sözündən istifadə etmişdi. Bu söz Bulusun öz dindaşlarına olan münasibətini aydın şəkildə göstərirdi. Başqalarına həqarətlə baxan fərisilərdən fərqli olaraq, Bulus bacı-qardaşlara əməkdaşları kimi baxırdı (Yəh. 7:47—49; 1 Kor. 3:9). Hətta ciddi məsləhət verəndə belə, onlara münasibəti dəyişmirdi (2 Kor. 2:4).

7. Bu gün nəzarətçilər Bulusun nümunəsini necə izləyirlər?

7 Bu gün də ağsaqqallar və rayon nəzarətçiləri Bulusdan nümunə götürməyə çalışırlar. Hətta kiməsə töhmət verəndə belə, bu qardaşların məqsədi həmin adamı möhkəmləndirmək olur. Ağsaqqallar mühakimə etməyə yox, insanı başa düşüb onu ruhlandırmağa çalışırlar. Bir rayon nəzarətçisi bununla bağlı nə fikirləşdiyini belə deyir: «Bacı-qardaşlarımızın əksəriyyəti düzgün davranmaq istəyir, amma onlar çox vaxt məyusluqla, qorxu ilə mübarizə aparır və problemlərin qarşısında özlərini aciz hiss edirlər». Nəzarətçilər bu cür dindaşları üçün qüvvə mənbəyi ola bilərlər (İbr. 12:12, 13).

Bulusa sui-qəsd qurdular (Həvarilərin işləri 20:3, 4)

8, 9. a) Bulusun Suriyaya getmək planı nə üçün baş tutmadı? b) Yəhudilər nəyə görə Bulusa düşmən kəsilmişdilər?

8 Bulus Makedoniyadan Korinfə getdi b. Orada üç ay qaldıqdan sonra Kenxreyadan gəmi ilə Suriyaya getməyi planlaşdırdı. Belə ki, oradan Yerusəlimə gedib topladığı ianələri ehtiyac içində olan qardaşlara çatdıra bilərdi c (Həv. 24:17; Rom. 15:25, 26). Lakin gözlənilmədən Bulusun planları alt-üst oldu. Həvarilərin işləri 20:3 ayəsində deyilir ki, o, «yəhudilərin ona sui-qəsd qurduğundan xəbər tutdu».

9 Yəhudilərin Bulusa düşmən kəsilməsi təəccüblü deyil, çünki onların nəzərində Bulus dönük idi. Bundan əvvəl Bulusun təbliği sayəsində Korinf sinaqoqunda nüfuzlu şəxs olan Krisp məsihi olmuşdu (Həv. 18:7, 8; 1 Kor. 1:14). Bir dəfə isə Korinfdəki yəhudilər Axayya valisi Qallionun önündə Bulusa qarşı ittiham irəli sürmüşdülər. Lakin Qallio bu ittihamları əsassız hesab edərək rədd etmişdi, bu da Bulusun düşmənlərini daha da özlərindən çıxarmışdı (Həv. 18:12—17). Ola bilsin, Korinfdəki yəhudilər Bulusun Kenxreyadan yola düşəcəyini ya bilirdilər, ya da təxmin etmişdilər, buna görə də orada onun üçün tələ qurmuşdular. Bəs Bulus nə etdi?

10. Bulusun Kenxreyaya getməməsi onun qorxaq olduğundanmı xəbər verir? İzah et.

10 Həm özünü, həm də ona etibar olunan pulları qorumaq üçün Bulus qərara gəldi ki, Kenxreyadan keçməsin, yenidən Makedoniyaya qayıdıb oradan getsin. Əlbəttə, quru yolla getməyin də öz təhlükələri var idi. Bu qədim yollarda çox vaxt quldurlar pusqu qururdular. Hətta mehmanxanalar da təhlükəsiz yer deyildi. Buna baxmayaraq, Bulus Kenxreyada yəhudilərin əlinə düşməkdənsə, bu yolla getməyi məsləhət bildi. Yaxşı ki, o, tək getmirdi. Aristarx, Qay, Sekund, Sopater, Timuti, Trofim və Tixik də onunla idi (Həv. 20:3, 4).

11. Müasir məsihilər özlərini qorumaq üçün nə edirlər və bu sahədə İsa necə nümunə qoyub?

11 Müasir məsihilər də Bulus kimi xidmət zamanı özlərini təhlükədən qorumağa çalışırlar. Bəzi ərazilərdə onlar qrup şəklində və ya heç olmasa iki-iki təbliğ edirlər. Bəs təqiblər haqqında nə demək olar? Əlbəttə, məsihilər başa düşürlər ki, təqiblər qaçılmazdır (Yəh. 15:20; 2 Tim. 3:12). Bununla belə, onlar özlərini bilə-bilə oda atmırlar. İsanın nümunəsinə baxaq. Bir dəfə Yerusəlimdə düşmənləri İsanı daşlamaq istəyəndə o «gizləndi və məbəddən çıxdı» (Yəh. 8:59). Başqa bir vaxt yəhudilər İsanı öldürmək üçün sui-qəsd hazırlayanda o, «yəhudilərin arasında açıq-aşkar gəzmədi. O, səhraya yaxın bir bölgəyə... getdi» (Yəh. 11:54). Allahın onunla bağlı niyyətinə zidd getməyəndə İsa öz həyatını qorumağa çalışırdı. Müasir məsihilər də eyni cür davranırlar (Mət. 10:16).

Onlar «böyük təsəlli tapdılar» (Həvarilərin işləri 20:5—12)

12, 13. a) Eftikin dirilməsi yığıncağa necə təsir etdi? b) Əzizlərini itirən insanlara Müqəddəs Kitab hansı ümidi verir?

12 Bulus və yoldaşları Makedoniyadan birlikdə keçdilər, amma sonra ayrıldılar. Görünür, onlar Troasda yenidən birləşdilər d. Luka deyir: «Beş günə Troasa, onların yanına çatdıq» e (Həv. 20:6). Fəslin əvvəlində danışdığımız hadisə, Eftikin dirilməsi məhz burada baş verdi. Təsəvvür et, Eftikin dirilməsini görən qardaşlar necə sevindilər. Müqəddəs Kitabda deyilir ki, onlar «böyük təsəlli tapdılar» (Həv. 20:12).

13 Əlbəttə, hazırda belə möcüzələr baş vermir. Bununla belə, əzizini itirən adamlar Müqəddəs Kitabdakı dirilmə ümidindən «böyük təsəlli» tapa bilərlər (Yəh. 5:28, 29). Qeyri-kamil olduğu üçün Eftik əvvəl-axır yenidən öldü (Rom. 6:23). Lakin yeni dünyada dirilənlərin əbədi yaşamaq imkanı olacaq! İsa ilə göydə rəhbərlik etmək üçün dirilənlər isə ölməzliyə qovuşacaqlar (1 Kor. 15:51—53). Məsh olunmuşlardan və ya başqa qoyunlardan olmasından asılı olmayaraq, bu gün bütün məsihilər Allahın Kəlamından «böyük təsəlli» ala bilərlər (Yəh. 10:16).

«İnsanlar qarşısında, ev-ev» öyrətmək (Həvarilərin işləri 20:13—24)

14. Bulus Miletdə Efes ağsaqqalları ilə görüşəndə onlara nə dedi?

14 Bulus və onun yoldaşları Troasdan Assosa, oradan Mitiliniyə, Hiosa, Samosa və Miletə getdilər. Bulus Əllinci gün bayramına qədər özünü Yerusəlimə çatdırmaq istəyirdi. Bu, onun nə üçün qayıdanbaş Efesə girmədiyini başa düşməyə kömək edir. Amma Bulus Efes ağsaqqalları ilə də danışmaq istəyirdi, buna görə də onlardan xahiş etdi ki, Miletə gəlsinlər (Həv. 20:13—17). Miletdə onlarla görüşəndə Bulus onlara dedi: «Asiya əyalətinə ayaq basdığım gündən bəri aranızda necə davrandığımı yaxşı bilirsiniz. Rəbbə böyük təvazökarlıqla, göz yaşları ilə xidmət etdim. Yəhudilərin qurduğu fəndlərə görə neçə-neçə sınaqla üzləşdim. Yenə də sizə xeyir gətirən şeylər haqqında danışmaqdan, sizi insanlar qarşısında, ev-ev öyrətməkdən vaz keçmədim. Həm yəhudilərə, həm yunanlara tövbə edib Allaha tərəf dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət verdim» (Həv. 20:18—21).

15. Ev-ev təbliğ etməyin üstün cəhətləri hansılardır?

15 Bu gün Yehovanın xidmətçiləri xoş xəbəri insanlara müxtəlif üsullarla çatdırırlar. Bulus kimi, onlar da adamların çox olduğu yerlərdə, məsələn, dayanacaqda, küçədə, bazarda təbliğ etməyə çalışırlar. Bununla belə, Yehovanın Şahidlərinin əsas təbliğ üsulu ev-ev təbliğdir. Nə üçün? Birincisi, ona görə ki, ev-ev təbliğ edəndə biz insanların yanına müntəzəm olaraq gələ bilirik. Beləliklə, onların Padşahlıq xəbərini eşitmək üçün kifayət qədər imkanı olur, bu da Allahın ədalətli olduğunu nümayiş etdirir. Həmçinin ev-ev təbliğ sayəsində səmimi insanlara onların tələbatına görə kömək etmək olur. Bundan başqa, bu təbliğ üsulunda iştirak etmək təbliğçinin özünün imanını möhkəmləndirir və onu daha dözümlü edir. Doğrudan da, bu gün həqiqi məsihilər «insanlar qarşısında, ev-ev» təbliğ etmələri ilə tanınırlar.

16, 17. Bulus qorxmaz olduğunu necə göstərdi və müasir məsihilər onun nümunəsini necə izləyə bilərlər?

16 Bulus Efes ağsaqqallarına söylədi ki, heç bilmir Yerusəlimdə onun başına nə gələcək. «Lakin mən qətiyyən özümü düşünmürəm,— deyə o, qardaşlara bildirdi — təki Allahın lütfü barəsindəki müjdə haqqında ətraflı şəhadət verib Ağamız İsanın mənə həvalə etdiyi xidməti başa çatdırım, yolumu başa vurum» (Həv. 20:24). Bulus qorxmaz idi. O yol vermirdi ki, nə zəif səhhət, nə də güclü təqiblər ona xidmətini icra etməyə mane olsun.

17 Bu gün də məsihilər müxtəlif problemlərlə üzləşirlər. Bəziləri hökumətin təbliğ işinə qadağa qoyduğu və məsihiləri təqib etdiyi ərazilərdə yaşayır. Digərləri xəstəliklə və ya emosional problemlərlə mübarizə aparırlar. Gənc məsihilər məktəbdə həmyaşıdlarının təzyiqinə dözməli olurlar. Yehovanın Şahidləri bütün sınaqlar qarşısında, Bulus kimi möhkəm qalır, sınmırlar. Onlar «müjdə haqqında ətraflı şəhadət» vermək əzmindədirlər.

«Özünüzə və bütün sürüyə fikir verin» (Həvarilərin işləri 20:25—38)

18. Bulus insanların qanından özünü necə təmiz saxlamışdı, bəs Efes ağsaqqalları bunun üçün nə edə bilərdilər?

18 Sonra Bulus özünü nümunə gətirərək Efes ağsaqqallarına nəsihət verdi. Əvvəlcə bildirdi ki, bu, onların axırıncı görüşüdür. Sonra dedi ki, hər kəsin qanından təmizdir, çünki Allahın niyyətini onlara bütövlüklə çatdırmaqdan boyun qaçırmayıb. Efes ağsaqqalları Bulus kimi insanların qanından necə təmiz ola bilərdi? Bulus onlara məsləhət verdi: «Özünüzə və bütün sürüyə fikir verin. Müqəddəs ruh sizi bu sürüyə nəzarət etmək üçün təyin edib ki, Allahın Öz Oğlunun qanı bahasına aldığı yığıncağını otarasınız» (Həv. 20:26—28). Bulus xəbərdarlıq etdi ki, sürüyə «amansız canavarlar» daxil olacaq və «şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər». Bəs ağsaqqallar nə etməli idilər? Oyaq qalmalı və Bulusun düz üç il göz yaşları içində gecə-gündüz onlara öyüd-nəsihət verdiyini yaddan çıxartmamalı idilər (Həv. 20:29—31).

19. Artıq birinci əsrin sonlarında dönüklük necə baş qaldırmışdı və bu, sonrakı əsrlərdə nəyə gətirib çıxardı?

19 «Amansız canavarlar» birinci əsrin sonlarında artıq peyda olmuşdular. Təxminən 98-ci ildə həvari Yəhya yazmışdı: «Artıq çoxlu Məsih əleyhdarı peyda olub... Onlar aramızdan çıxıblar, lakin bizim kimi deyildilər; əgər bizim kimi olsaydılar, bizimlə qalardılar» (1 Yəh. 2:18, 19). Dönüklük ona gətirib çıxardı ki, III əsrə yaxın Xristian dünyasının ruhanilər sinfi meydana çıxdı, IV əsrdə isə İmperator Konstantin bu saxta «məsihiliyi» rəsmi şəkildə tanıdı. Bütpərəstlərin dini ayinlərini qəbul edib, onlara məsihi donu geyindirən din rəhbərləri doğrudan da «həqiqəti təhrif» etmişdilər. Dönüklüyün təsiri Xristian dinlərinin təlimlərində və adətlərində indiyədək hiss olunmaqdadır.

20, 21. Bulusun fədakarlığı nədən görünür və müasir məsihi ağsaqqallar eyni ruhu necə təzahür etdirə bilərlər?

20 Bulusun həyatı sonralar dindarların hesabına yaşayan din başçılarının həyatından yerlə-göy qədər fərqlənirdi. O, yığıncağa yük olmamaq üçün işləyib özünü dolandırırdı. Dindaşlarının qeydinə qalmaqda onun məqsədi maddi gəlir əldə etmək deyildi. Bulus efesli ağsaqqalları da fədakar olmağa təşviq edirdi: «Beləcə zəhmət çəkərək zəiflərə kömək etməlisiniz və Ağamız İsanın dediyi sözləri, “vermək almaqdan daha çox xoşbəxtlik gətirir” sözlərini unutmamalısınız» (Həv. 20:35).

21 Müasir məsihi ağsaqqallar da Bulus kimi fədakardırlar. Camaatın dərisini soyan xristian dünyasının ruhanilərindən fərqli olaraq, «Allahın yığıncağını otarmaq» tapşırılan qardaşlar öz xidmətlərini təmənnasız icra edirlər. Məsihi yığıncağında qürur və şöhrətpərəstliyə yer yoxdur, çünki «özünü ucaltmaq» istəyən əvvəl-axır başına bəla açacaq (Məs. 25:27). Özündən razılıq rüsvayçılıqdan başqa heç nə gətirmir (Məs. 11:2).

«Hamı hönkür-hönkür ağlayırdı» (Həvarilərin işləri 20:37)

22. Bulusu Efes ağsaqqallarına sevdirən nə olmuşdu?

22 Bulusun səmimi məhəbbəti onu qardaşlara sevdirmişdi. Belə ki, getmək vaxtı gələndə «hamı hönkür-hönkür ağlayırdı və Bulusun boynuna sarılıb onu nəvazişlə öpürdü» (Həv. 20:37, 38). Bulus kimi dindaşlarına xidmət edən qardaşların fədakarlığını məsihilər yüksək qiymətləndirir. Belə qardaşları hamı sevir. Bulus haqqında bu qədər öyrəndikdən sonra yəqin razılaşacaqsan ki, «hər kəsin qanından təmiz» olduğunu deməklə Bulus nə lovğalanırdı, nə də nəyisə şişirdirdi (Həv. 20:26).

a « Bulusun Makedoniyadan yazdığı məktublar» adlı çərçivəyə bax.

b Ehtimal ki, «Romalılara məktub»u Bulus Korinfə etdiyi bu səfərində yazmışdı.

c « Bulus ianələri çatdırır» adlı çərçivəyə bax.

d Lukanın Həvarilərin işləri 20:5, 6 ayələrində birinci şəxsin cəmində danışmasından görünür ki, o, yenidən Filippidə Bulusa qoşuldu. Bir müddət əvvəl o, Bulusla Filippiyə gələndə burada qalmışdı (Həv. 16:10—17, 40).

e Qardaşlar Filippidən Troasa beş günə getdilər. Ola bilsin, hava pis olduğundan səyahət bu qədər uzun çəkmişdi, çünki bundan əvvəl eyni yolu cəmi iki günə getmişdilər (Həv. 16:11).