Dənyal 6:1—28
6 Dara qərara aldı ki, bütün səltənəti+ idarə etmək üçün yüz iyirmi canişin təyin etsin.
2 Onların üzərində üç vəzir qoyulmuşdu. Canişinlər+ onlara hesabat verməli idi ki, şaha ziyan dəyməsin. Vəzirlərdən biri Dənyal idi.+
3 Dənyal digər vəzir və canişinlərdən seçilirdi, çünki müstəsna qabiliyyətə* malik idi.+ Şah onu bütün səltənətində ucaltmaq istəyirdi.
4 Bu vaxt vəzir və canişinlər Dənyalı dövlət işlərində ittiham etmək üçün nöqsan axtarmağa başladılar. Lakin bir nöqsan, bir əyrilik tapa bilmədilər, çünki Dənyal etibarlı adam idi, zərrəcə səhlənkarlığa, nadürüstlüyə yol vermirdi.
5 Onda bu adamlar dedilər: «Biz bu Dənyalda heç bir nöqsan tapa bilməyəcəyik, gərək onun Allahının qanununda ona qarşı nəsə axtaraq».+
6 Beləliklə, vəzir və canişinlər toplaşıb şahın hüzuruna gəldilər və ona dedilər: «Şah Dara sağ olsun!
7 Şahın bütün vəzirləri, rəislər, canişinlər, saray məmurları və valilər məsləhətləşdilər ki, şahdan qadağa fərmanı çıxsın. Ey şah, kim otuz gün ərzində, səndən başqa kimsəyə, ya allaha, ya insana üz tutub yalvarsa, şirlər quyusuna atılsın.+
8 İndi, ey şah, fərman verib onu imzala+ ki, o, ləğvolunmaz Mada*-Fars qanununa əsasən dəyişilməsin».+
9 Şah Dara qadağa fərmanı imzaladı.
10 Dənyal fərmanın imzalandığını eşidəndə evinə getdi. Evin üst otağının Yerusəlimə baxan pəncərələri açıq idi.+ O, həmişə etdiyi kimi, gündə üç dəfə diz çöküb dua etdi, Allahına şükürlər söylədi.
11 Həmin adamlar içəri doluşdular və Dənyalı Allaha yalvarıb lütf dilədiyi yerdə yaxaladılar.
12 Sonra şahın yanına gəlib qadağa fərmanı barədə ona xatırlatdılar: «Ey şah, məgər sən qadağa fərmanı imzalamamışdın ki, kim otuz gün ərzində, səndən başqa kimsəyə, ya allaha, ya insana üz tutub yalvarsa, şirlər quyusuna atılsın?» Şah dedi: «Bu qərar ləğvolunmaz Mada-Fars qanununa əsasən qətidir!»+
13 Onlar əlüstü şaha dedilər: «Ey şah! Yəhuda əsirlərindən olan Dənyal+ nə səni, nə imzaladığın qadağa fərmanını saymır, gündə üç dəfə dua edir».+
14 Şah bunu eşidəndə qanı qaraldı. O, Dənyalı qurtarmaq istədi və gün batana qədər onu xilas etməyə çalışdı.
15 Axırda bu adamlar şahın yanına toplaşıb dedilər: «Ey şah, məlumun olsun ki, Mada-Fars qanununa əsasən şahın təsdiq etdiyi qadağa, yaxud fərman dəyişilməzdir!»+
16 Beləliklə, şah əmr etdi və Dənyalı gətirib şirlər quyusuna atdılar.+ Şah Dənyala dedi: «Durmadan qulluq etdiyin Allahın səni qoruyacaq».
17 Sonra daş gətirib quyunun ağzına qoydular. Dənyalın işi ilə əlaqədar heç nə dəyişməsin deyə şah özünün və əyanlarının möhür üzüyü ilə daşı möhürlədi.
18 Bundan sonra şah saraya qayıtdı. O, gecə yemək yemədi və əylənmədi*, gözünə də yuxu getmədi.
19 Səhər açılar-açılmaz şah qalxıb tələsik şirlər quyusunun yanına getdi.
20 Quyuya yaxınlaşıb qəmli-qəmli Dənyalı çağırdı. Şah soruşdu: «Ey var olan Allahın qulu Dənyal, durmadan qulluq etdiyin Allahın səni şirlərin ağzından qurtara bildimi?»
21 Dənyal o andaca cavab verdi: «Ömrün uzun olsun, ya şah!
22 Mənim Allahım mələyini göndərib şirlərin ağzını bağladı+ ki, mənə xətər yetirməsinlər.+ Çünki Onun qarşısında günahsız olduğum üzə çıxdı. Sənə qarşı da heç bir günah etməmişəm, ya şah».
23 Şah çox sevindi və əmr etdi, Dənyalı quyudan çıxartsınlar. Dənyal quyudan çıxarılanda bədənində heç bir zədə yox idi, çünki o öz Allahına güvənmişdi.+
24 Sonra şah buyruq verib Dənyalı ittiham edən* adamları gətizdirdi. Onları oğulları və arvadları ilə birlikdə şirlər quyusuna atdılar. Onlar quyunun dibinə çatmamış şirlər onları qapıb bütün sümüklərini qırdılar.+
25 Şah Dara cümlə cahanda yaşayan ümmətlərə, xalqlara, bütün dillərə mənsub insanlara belə yazdı:+ «Sizə salam olsun!
26 Əmr verirəm ki, səltənətimin bütün torpaqlarında insanlar Dənyalın Allahından qorxub titrəsin.+ Çünki O, var olan və əbədi Allahdır. Onun padşahlığı dağılmazdır, hakimiyyəti sonsuzdur.+
27 O qurtarar,+ nicat verər, göydə və yerdə əlamətlər, möcüzələr göstərər.+ Bəli, Dənyalı şirlərin pəncəsindən qurtaran Odur!»
28 Beləcə, Dənyal Daranın+ və fars Kuruşun səltənətində+ uğurlu oldu.