OYAQ QALIN!
Ukraynada gedən müharibə dünyada ərzaq böhranını daha da ağırlaşdırıb
19 may 2022-ci il tarixində BMT-nin Təhlükəsizlik Şurasında çıxış edən 75-dən çox yüksək vəzifəli dövlət məmuru bildirdi ki, «COVID-19 və qlobal iqlim dəyişikliyinin səbəb olduğu ərzaq böhranını Ukraynada gedən müharibə daha da ağırlaşdırır və dünyanın bəzi yerlərində aclıq təhlükəsi var». Bundan bir qədər sonra «Ekonomist» jurnalı yazdı: «Müharibə onsuz da problemlərin içində boğulan dünyamızı kütləvi aclığa aparır». Ərzaq qıtlığının olacağı Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi. Amma orada ərzaq böhranı ilə mübarizədə kömək edən praktiki məsləhətlər də qələmə alınıb.
Ərzaq qıtlığı peyğəmbərlik edilmişdi
İsa peyğəmbərlik etmişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq... qıtlıq... olacaq» (Mətta 24:7).
Müqəddəs Kitabın «Vəhy» bölməsində dörd simvolik atlıdan bəhs edilir. Onlardan biri müharibəni təmsil edir. Onun ardınca aclığı təmsil edən atlı gəlir. Aclıq olanda ərzaq tapmaq çətin olur və onu adətən çox baha qiymətə satırlar. «Mən baxdım və budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı. Bu vaxt... bir səs gəldi: “Bir kilo buğda bir dinara [birgünlük əməkhaqqına], üç kilo arpa bir dinara”» (Vəhy 6:5, 6).
Ərzaq böhranı haqqında bu peyğəmbərlik yaşadığımız dövrdə yerinə yetir. Bu dövr Müqəddəs Kitabda axırzaman adlanır (2 Timutiyə 3:1). Axırzaman və «Vəhy» kitabındakı dörd atlı haqda daha ətraflı məlumat üçün «1914-cü ildən dünya dəyişib» videosuna baxın və «Axırzaman carçıları və gələcəyiniz» adlı məqaləni oxuyun.
Müqəddəs Kitab necə kömək edə bilər?
Müqəddəs Kitabda verilən praktiki məsləhətlər bahalaşma və qida qıtlığı kimi çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Nümunə üçün «Daha az pulla necə dolanmaq olar?» məqaləsinə baxın.
Müqəddəs Kitabda gözəl gələcəyə ümid verilir. «Dağ başında zəmilər aşıb-daşacaq», hamının qidası bol olacaq (Zəbur 72:16). Bu ümid və onun nə dərəcədə real olduğu haqda «Gözəl gələcəyə real ümid» məqaləsindən öyrənə bilərsiniz.