İncilin tərcüməsində Allahın adını bərpa edən iki tərcüməçi
Bir çox insanın öyrəndiyi ilk dua Ağamız İsa Məsihin davamçılarına öyrətdiyi duadır. Bu dua İncildə yazılıb. Dua bu sözlərlə başlayır: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mətta 6:9). Amma Allahın adına (bu ad ingilis dilində «Jehovah» və ya «Yahweh» kimi yazılır) İncilin ingilis dilində olan tərcümələrində çox nadir rast gəlinir. Bununla belə, həmin tərcümələrdə Zevs, Hermes və Artemida kimi yalan allahların adları var. Bəs onda onlar həqiqi Allahın və Müqəddəs Kitabın Müəllifinin adını tərcümələrində yazmalı deyildilər? (Həvarilərin işləri 14:12;19:35; 2 Timutiyə 3:16).
Müqəddəs Kitabı ingilis dilinə tərcümə edən Lanselot Şadvel və Frederik Parker hesab edirdilər ki, İncildə Allahın adı bərpa olunmalıdır. Nəyə görə onlar «bərpa olunmalıdır» deyirdilər? Çünki onlar əmin idilər ki, Allahın adı orijinal mətndə olub, amma sonradan oradan çıxarılıb. Nə üçün onlar belə nəticəyə gəlmişdilər?
Şadvel və Parker bilirdilər ki, əsasən ibrani dilində yazılmış Tövratın bizə çatan əlyazmalarında Allahın adına bir neçə min dəfə rast gəlinir. Odur ki, onlarda sual yarandı: «Bəs nəyə görə İncilin bizə gəlib çatan əlyazmalarından Allahın adının tam forması a çıxarılıb?» Həmçinin Şadvel fikir vermişdi ki, Tövratda geniş istifadə olunmuş ifadələrin, məsələn, «Yehovanın mələyi» kimi ifadələrin İncildə istifadə olunduğu yerlərdə İncilin köçürücüləri Allahın adını Kirios, yəni «Rəbb» sözü ilə əvəz ediblər (2 Padşahlar 1:3, 15; Həvarilərin işləri 12:23).
Şadvel və Parker öz tərcümələrini dərc etməzdən əvvəl artıq bəzi tərcüməçilər İncilin ingilis dilində olan tərcümələrində Allahın adını bərpa etmişdilər, amma çox az yerdə b. 1863-cü ildə Parker «İncilin hərfi tərcüməsi»ni dərc edənə qədər hələ heç bir tərcüməçi İncilin ingilis dilindəki tərcüməsində Allahın adını bu qədər çox yerdə bərpa etməmişdi. Bəs Lanselot Şadvel və Frederik Parker kim olub?
Lanselot Şadvel
Lanselot Şadvel (1808—1861) vəkil idi. Onun atası Lanselot Şadvel İngiltərənin vitse-kansleri olub. İncili tərcümə edən Şadvel Anqlikan kilsəsinin üzvü idi. O, Üç üqnum təliminə inansa da, Allahın adına ehtiram bəsləyirdi və onu «YEHOVANIN əzəmətli adı» adlandırırdı. O, tərcümə etdiyi «Məttanın yazdığı müjdə»də və «Markın yazdığı müjdə»də «Yehova» adını əsas mətndə 28, qeydlərdə isə 465 dəfə işlətmişdi.
Ola bilsin ki, Şadvel Allahın adını Tövratın ibrani dilində orijinal mətnindən öyrənmişdi. O deyirdi ki, Tövratı yunan dilinə tərcümə edərkən Allahın adını Kirios sözü ilə əvəz edən tərcüməçilər «dürüst tərcüməçilər olmayıblar».
Şadvel öz tərcüməsində «Yehova» adını ilk dəfə Mətta 1:20 ayəsində işlədib. Onun bu ayəyə yazdığı qeyddə deyilir: «İncildə bu və digər çoxsaylı ayələrdə istifadə olunan [Kirios] sözünün yerində Allahın həqiqi adı olan YEHOVA olmalıdır. İngilis dilinə tərcümə edərkən bu adı bərpa etmək olduqca vacibdir». O həmçinin bildirmişdi: «Allahı şərəfləndirmək üçün bunu etməliyik. Allah Özü bəyan edib ki, adı YEHOVADIR və Onun haqqında danışanda adını çəkməliyik». Şadvel sonra demişdi: «“Kral Yakovun Müqəddəs Kitabı”nda YEHOVA adına çox nadir hallarda rast gəlmək olar... Allahın adının yerinə “Rəbb” (yəni “Sahib”) sözü yazılıb». Şadvel belə qeyd etmişdi: «“Rəbb” sözü qətiyyən Allahın adının qarşılığını vermir» və o, bunun səbəbini belə izah etmişdi ki, malikanəsində hətta Şadvelin özünə bu cür xitab edirlər.
«Allah Özü deyib ki, adı YEHOVADIR və Onun haqqında danışanda adını çəkməliyik» (Lanselot Şadvel)
Şadvel 1859-cu ildə tərcümə etdiyi «Mətta», 1861-ci ildə isə «Mətta» və «Mark» bölmələrinin birgə versiyasını çap etdirdi. Təəssüf ki, o, işini sona çatdıra bilmədi, çünki 11 yanvar 1861-ci ildə 52 yaşında vəfat etdi. Amma onun əməyi boşa getmədi.
Frederik Parker
Şadvelin tərcümə etdiyi «Mətta» bölməsinin nüsxəsi Londondan olan varlı iş adamı Frederik Parkerin (1804—1888) əlinə düşdü. O, hələ təxminən 20 yaşı olanda İncili tərcümə etməyə başlamışdı. Şadveldən fərqli olaraq, Parker Üç üqnum təliminə inanmırdı. O yazmışdı: «Qoy bütün Xristian aləmi həqiqəti ürəkdən qəbul etsin və tək Allah Külli-İxtiyar Yehovaya ibadət etsin». Parker həmçinin düşünürdü ki, İncilin qədim əlyazmalarında həm Allaha, həm də İsa Məsihə Kirios, yəni «Rəbb» deyərək müraciət olunması Allahla İsa arasındakı fərqi görməyi çətinləşdirir. Ona görə də Şadvelin tərcüməsində Kirios sözünün yerinə bəzi yerlərdə «Yehova» yazılması onda maraq doğurdu.
Parker nəyin sayəsində bu fərqi görə bilmişdi? O, yunan dilini bilirdi və yunan qrammatikasına dair bir neçə kitab və məqalələr yazmışdı. O həmçinin İngiltərə Bibliya İnstitunun üzvü idi. Bu institutun məqsədi ingilis dilində Müqəddəs Kitabın daha keyfiyyətli tərcümələrinin ərsəyə gəlməsi üçün qədim əlyazmaları araşdırmaq idi. 1842-ci ildən etibarən Parker tərcümə etdiyi ilk İncili hissə-hissə və müxtəlif tirajda çap etməyə başladı c.
Parker Allahın adını İncilin tərcüməsində bərpa edir
Müəyyən müddət Parker bu cür sualların üzərində düşünürdü: «Kirios sözü hansı kontekstdə İsaya və hansı kontekstdə Allaha aid işlənir? Nəyə görə Kirios sözü titul kimi yox, əsasən, qrammatik cəhətdən ad kimi işlənib?»
Şadvelin 1859-cu ildə dərc etdirdiyi «Mətta» bölməsinin tərcüməsində Kirios sözünə yazdığı şərhlərini oxuyandan sonra Parker əmin oldu ki, Kirios sözü bəzi kontekstlərdə «Yehova» kimi tərcümə olunmalıdır. Bu səbəbdən o, tərcümə etdiyi İncilə yenidən baxdı və onun zənnincə, kontekstə və yunan dilinin qrammatikasına əsasən «Yehova» adını yazılmalı olduğu yerlərdə bərpa etdi. Parkerin bir cilddən ibarət «İncilin hərfi tərcüməsi»nin 1863-cü il yenidən baxılmış versiyasında Allahın adına əsas mətndə 187 dəfə rast gəlinir. Görünür, bu, Allahın adının kitab boyunca yazıldığı ingilis dilində ilk İncil idi d.
Parker həmçinin 1864-cü ildə «“İncilin ingilis dilində versiyası”ndan və “Kral Yakovun Müqəddəs Kitabı”ndan ibarət toplu»nu dərc etdi. Bu iki kitabı bir cilddə birləşdirməsinin səbəbi onun tərcümə etdiyi İncil ilə digər tərcümənin harada və necə fərqləndiyini göstərmək idi e.
İncilin tərcüməsində Allahın adını bərpa etməyin dəyərini göstərmək üçün Parker «Kral Yakovun Müqəddəs Kitabı»ndan müxtəlif ayələri nümunə gətirmişdi. Bu nümunələrdən biri Romalılara 10:13 ayəsi idi. Orada yazılıb: «Rəbbin adını çağıran hər kəs xilas olacaq». Parker belə bir sual vermişdi: «Görəsən, elə bir adam var ki, bu ayədə “Rəbb” deyiləndə İsa Məsihin yox, Yehovanın nəzərdə tutulduğunu başa düşsün?»
Parker yazdığı məqalələrin və digər əlyazmaların çapına və təqdimatına minlərlə funt xərcləmişdi. Həmin vaxt bu böyük pul idi. Parker təkcə bir ilə 800 funt xərcləmişdi. Bu gün bu məbləğ 100 000 ingilis funtundan (132 000 ABŞ dolları) çox edir. O həmçinin bir çox nəşrlərinin pulsuz nüsxələrini tanışlarına və yüksək rütbəli din xadimlərinə göndərmişdi ki, öz fikirlərini bildirsinlər.
Bəzi alimlər Parkerin yazılarına və onun tərcümə etdiyi İncilə rişxənd etmişdilər. Bununla onlar Parkerin, Şadvelin və digər tərcüməçilərin ingilis dilində İncildə Allahın adını bərpa etmək üçün çəkdikləri zəhməti qiymətləndirmədiklərini göstərmişdilər.
Məlumat xarakterli ondəqiqəlik növbəti videoya da baxa bilərsiniz: «Vorvikdəki muzeyə ekskursiya: “Müqəddəs Kitab və Allahın adı”».
a «Yehova» adının qısa forması olan «Yah» adı Vəhy 19:1, 3, 4, 6 ayələrində «Halleluyah» kəlməsinin tərkibində işlənir. Bu kəlmə «Yaha alqış edin» mənasını verir.
b Şadvel heç vaxt İncili tam tərcümə etməyib. Digər tərcüməçilərin arasında Filip Dodric, Edvard Harvud, Vilyam Nyukam, Edqar Teylor və Gilbert Veykfild olub.
c Parker biznes maraqlarını Müqəddəs Kitabı araşdırmaqla bağlı işlərindən ayırmaq üçün dini yazılarında və Müqəddəs Kitab tərcümələrində «Herman Heynfetter» təxəllüsündən istifadə edirdi. Bu ada «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin əlavələr bölməsində rast gəlinir.
d Parkerin 1864-cü ildə dərc etdirdiyi «İncilin ingilis dili versiyası»nda Allahın adı 186 dəfə işlənib.
e Parkerin tərcümələrindən əvvəl də İncilin ibrani dilindəki bir çox tərcümələrində müxtəlif ayələrdə Allahın adı olub. Həmçinin 1795-ci ildə Yohan Yakob Ştolts İncilin alman dilində tərcüməsini dərc etdi. Həmin tərcümədə «Mətta»dan «Yəhuda» bölməsinədək Allahın adına 90 dəfədən çox rast gəlinir.