OYAQ QALIN!
Qiyamət saatı irəli çəkildi. Müqəddəs Kitabda bu barədə nə deyilir?
24 yanvar 2023-cü il tarixində alimlər simvolik olaraq dünyanın sonunu göstərən «Qiyamət saatı»nın a əqrəblərini gecəyarısına doğru irəli çəkdilər.
«Çərşənbə axşamı bəşəriyyət üçün təhlükələri simvolizə edən “Qiyamət saatı”nın əqrəbləri Ukraynada gedən müharibə, nüvə silahından istifadə riski və iqlim böhranına görə gecəyarısına doğru irəli çəkilib» («AFP International Text Wire»).
«Çərşənbə axşamı alimlər bildirdilər ki, “Qiyamət saatı”nın əqrəbləri irəli çəkildi. İndi gecəyarısına 90 saniyə qalıb və bəşəriyyət heç vaxt olmadığı qədər Armageddona yaxındır» («ABC News»).
«Bir qrup beynəlxalq alim xəbərdarlıq edib ki, bəşəriyyətin mövcudluğu heç vaxt olmadığı qədər böyük risk altındadır» («The Guardian»).
Bəşəriyyətin və planetimizin sonu həqiqətən yaxındır? Gələcəyə qorxu ilə baxmalıyıq? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Gələcəkdə bizi nə gözləyir?
Müqəddəs Kitabda deyilir ki, «yer əbədi [duracaq]» və «insanlar orada əbədi yaşayacaqlar» (Vaiz 1:4; Zəbur 37:29). Deməli, insanlar yer üzünü nə məhv edəcək, nə də yaşayış üçün yararsız hala salacaq.
Amma Müqəddəs Kitabda sonun olacağından danışılır. Məsələn, orada deyilir ki, «dünya... keçib gedir» (1 Yəhya 2:17).
Müqəddəs Kitabda dünyanın sonu deyiləndə nə nəzərdə tutulduğu haqda öyrənmək üçün «Dünyanın sonuna az qalıb? Apokalipsis nədir?» adlı məqaləni oxuyun.
Müqəddəs Kitabda gələcək hadisələrin vaxtı haqda nə yazıldığını öyrənmək üçün «Dünyanın sonu nə vaxt gələcək?» adlı məqaləni oxuyun.
Müsbət əhval-ruhiyyəni qoruyun
Müqəddəs Kitab dünyada baş verən problemlərə baxmayaraq, bizə nikbinliyimizi qorumağa kömək edə bilər. Necə?
Müqəddəs Kitabda praktiki məsləhətlər var (2 Timutiyə 3:16, 17). Nümunə üçün «Həddən artıq narahatçılıqdan necə azad olmaq olar?» adlı məqaləni oxuyun və görün həyatınızdakı çətinliklərə baxmayaraq, Müqəddəs Kitab sizə müsbət əhval-ruhiyyəni qorumağa necə kömək edə bilər.
Müqəddəs Kitab bizə gələcəyə dair real ümid verir (Romalılara 15:4). Orada həm indi, həm də gələcəkdə hansı hadisələrin olacağı açıqlanır və bu bizə gələcəyə əminliklə baxmağa kömək edir.
Müqəddəs Kitabda yazılanlar barədə daha çox öyrənmək üçün sizi ödənişsiz Müqəddəs Kitab dərslərinə (təlimatçı ilə) dəvət edirik.
a «“Qiyamət saatı” öz əllərimizlə düzəltdiyimiz təhlükəli texnologiyalar ilə dünyamızı məhv etməyə nə qədər yaxın olduğumuz barədə bəşəriyyəti xəbərdar edən simvolik saatdır. Bu metaforadır və bizə planetimizdə yaşamağa davam etmək istəyiriksə, təhlükələri aradan qaldırmalı olduğumuzu xatırladır» («Bulletin of the Atomic Scientists»).