OYAQ QALIN!
Sosial şəbəkələr uşaqlarınız üçün zərərlidir? Müqəddəs Kitab valideynlərə necə kömək edə bilər?
«Gənclər arasında psixoloji sağlamlıq problemləri ciddi məsələyə çevrilib. Bunun əsas səbəblərindən biri sosial şəbəkələrdir» (Vivek Mörfi, ABŞ-nin baş cərrahı, «Nyu York Tayms», 17 iyun 2024-cü il).
Valideynlər övladlarını sosial şəbəkələrin təhlükəsindən necə qoruya bilərlər? Müqəddəs Kitabda buna dair məsləhətlər var.
Valideynlər nə edə bilərlər?
Növbəti Müqəddəs Kitab prinsiplərini nəzərdən keçirin.
«Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).
Sosial şəbəkələr təhlükəli ola bilər. Ona görə düşünməyin ki, uşaqlarınızın ondan istifadə etməsi şərtdir. İcazə verməzdən əvvəl əmin olun ki, uşağınız qoyduğunuz vaxt məhdudiyyətinə əməl edir, yaxşı dostları var və pis məzmunlu məlumatlardan uzaq durur.
Əlavə məlumat üçün «Uşağıma sosial şəbəkələrdən istifadə etməyə icazə verim?» və «Yeniyetmə övladınıza sosial şəbəkələrdən düzgün istifadə etməyi öyrədin» adlı məqalələri oxuyun.
«Vaxtınızın qədrini bilin» (Efeslilərə 5:16).
Əgər uşağınıza sosial şəbəkələrdən istifadə etməyə icazə vermək qərarına gəlmisinizsə, qaydalar qoyun və bu qaydaların onun təhlükəsizliyi üçün zəruri olduğunu izah edin. Həmişə gözdə-qulaqda olun. Əgər övladınızın davranışında dəyişiklik hiss edirsinizsə, ola bilsin, bunun səbəbi sosial şəbəkələrdir və ona bu sahədə məhdudiyyət qoymaq lazımdır.
Qoyduğunuz qaydaların nəyə görə vacib olduğunu övladınıza izah etmək üçün ona «Sosial şəbəkədən istifadə edərkən ayıq ol» videosunu göstərin.
Əlavə məlumat
Müqəddəs Kitabda deyilir ki, biz «son dərəcə çətin bir [vaxtda]» yaşayırıq (2 Timutiyə 3:1—5). Həmçinin orada bizə yaşadığımız zəmanədə üzləşdiyimiz problemlərin öhdəsindən gəlməyə kömək edən məsləhətlər yazılıb. «Yeniyetmələrin psixoloji problemləri artır» adlı məqalədə valideynlər və onların övladları üçün faydalı olacaq 20-dən çox Müqəddəs Kitaba əsaslanmış məqalənin siyahısı gətirilir.