İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?
JW peyk televiziya kanalı. İnternetsiz ərazilər üçün əlac
1 APREL 2021
JW Televiziyasında çıxan aylıq veriliş və videoları böyük sevinclə gözləyirik. Lakin Afrikada yaşayan bir çox bacı-qardaşlar bizim televiziyaya internet vasitəsilə baxa bilmir. Nəyə görə?
Əksər Afrika ölkələrində internet yoxdur. Olduğu yerlərdə isə çox vaxt zəif və olduqca bahadır. Məsələn, bir dəfə Madaqaskarda rayon nəzarətçisi internet-kafedə aylıq proqramı yüklədiyinə görə 16 dollar a ödəməli olmuşdu. Bu, bəzi insanların həftəlik qazancından çoxdur!
Bütün bu çətinliklərə baxmayaraq, indi Afrikada milyonlarla insan JW Televiziyasının aylıq proqramlarına internetsiz baxa bilir. Necə?
2017-ci ildən etibarən Böyük Səhradan cənubda yerləşən ölkələrdə yaşayanlar üçün peyk televiziya kanalı yayımlanır. Günün 24 saatı, həftənin 7 günü bu kanalda pulsuz olaraq 16 dildə JW Televiziyasının aylıq proqramları göstərilir.
Bunun üçün Yehovanın Şahidləri televiziya yayım şirkəti ilə müqavilə bağlayıb və ayda 12 000 dollara peyk kanalını icarəyə götürüblər. Peyk Böyük Səhradan cənubda yerləşən təxminən 35 ölkəni əhatə edir. Vaxtaşırı müəyyən proqramların canlı yayımı üçün başqa kanal icarəyə götürülür və bunun üçün ayrıca pul ödənilir. Beləcə, minlərlə insanın regional toplantılara və filiallara ziyarət zamanı təşkil olunan xüsusi proqramlara baxmaq imkanı olur.
Bir çox insanlar, o cümlədən Yehovanın Şahidi olmayanlar JW peyk kanalına evlərində televizorlarında baxır. Ancaq dindaşlarımızın bir qisminin peyk kanalına baxmaq üçün lazım olan avadanlığı almaq imkanı yoxdur. Onlar üçün 3670-dən çox ibadət evində peyk antenləri quraşdırılıb. Bunun sayəsində bacı-qardaşlar JW Televiziyasının verilişlərinə ibadət evlərində baxır. Antenin qiyməti, çatdırılması da daxil olmaqla, təxminən 70 dollardır. Amma əgər ibadət evinin televizoru və ya proyektoru yoxdursa, onda avadanlıqların qiyməti 530 dollara çata bilər.
Bacı-qardaşlar bu kanala görə çox minnətdardırlar. Kamerundan bir ağsaqqal deyir: «Bu bizim ailə üçün səhranın ortasında manna kimidir». Nigeriyadan olan Odebode deyir: «Biz həftədə üç dəfə ailəlikcə bu kanala baxırıq. Uşaqlar həmin günləri səbirsizliklə gözləyir. Hətta digər günlərdə də bəzən bizdən xahiş edirlər ki, kanalı JW Televiziyasına çevirək». Rouz da Nigeriyada yaşayır. O deyir: «Ən çox ona sevinirəm ki, JW peyk kanalı məni xəbərlərə baxmaq asılılığından azad etdi. Xəbərlərə baxanda tez-tez əsəbiləşirdim və təzyiqim qalxırdı. Peyk kanalımız isə adamı ruhlandırır və sakitləşdirir! Bu mənim sevimli kanalımdır».
Mozambikdə xidmət edən bir rayon nəzarətçisi xəbər verib ki, onun rayonundakı ibadət evlərində peyk antenləri quraşdırılıb. Həmin yığıncaqlarda xidmət edən bacı-qardaşlar görüşdən bir-iki saat əvvəl gəlib, peyk kanalı vasitəsilə aylıq proqramlarımıza baxır.
2019-cu ildə Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilmiş beynəlxalq toplantı zamanı peyk kanalı vasitəsilə əsas nitqlər, o cümlədən Rəhbərlik Şurasının üzvünün söylədiyi nitqlər digər doqquz yerə yayımlanmışdı. Cənubi Afrika filialının Yerli yayım şöbəsində xidmət edən Spumelele deyir: «Əvvəllər belə hallarda nitqləri internetlə yayımlamalı olurduq. Lakin bunun üçün etibarlı internet bağlantısı və məlumatların ötürülməsi xidmətinin haqqını ödəmək lazım olurdu. JW peyk kanalı isə daha ucuz və etibarlı idi».
Ümumdünya işinə etdiyiniz səxavətli ianələriniz sayəsində Afrikadakı bacı-qardaşlar JW Televiziyasının proqramlarına peyk vasitəsilə baxa bilir. donate.ps8318.com saytı ilə müxtəlif üsullarla etdiyiniz ianələrə görə sizə ürəkdən minnətdarıq.
a Məqalədəki məbləğlər ABŞ dollarında göstərilib.