Kontentə keç

Mündəricatı göstər

DEYRL ŞARP | BİOQRAFİYA

Allahın verdiyi güc sayəsində geri çəkilmirik

Allahın verdiyi güc sayəsində geri çəkilmirik

«Onunku bircə ay da çəkməyəcək!» 1956-cı ildə köməkçi öncül xidməti üçün ərizə verəndə yığıncağımdakı bəzi qardaşlar bu fikirdə idilər. Həmin vaxt 16 yaşım var idi. Dörd il idi ki, vəftiz olunmuşdum, o da xətrini çox istədiyim bir qardaşın sözünə görə. O vaxt ağsaqqallar kiminsə vəftizə yararlı olub-olmadığı məsələsinə baxmırdılar.

 Qardaşların öncüllüyümün çox çəkməyəcəyi ilə bağlı şübhələri əsassız deyildi. Ruhanilikdən məndə əsər-əlamət yox idi. Sahə xidmətini sevmirdim, dua edirdim ki, bazar günləri yağış yağsın və mən xidmətə getməyim. Xidmətə çıxanda isə yalnız jurnal paylayırdım; Müqəddəs Kitab əsasında heç vaxt təqdimat etmirdim. Yazıq anam hər dəfə mənə nəsə təklif edirdi ki, təki mən yığıncaqda Müqəddəs Kitab qiraəti ilə çıxış edim. Oxumaqla qətiyyən aram yox idi və ruhani məqsədlərə can atmırdım.

 Həmin yay Kardiff şəhərində (Uels) vilayət toplantısı (indi regional toplantı adlandırılır) keçirilmişdi. Bu toplantı həyatımı büsbütün dəyişdi. Natiqlərdən biri bir neçə ritorik sual verdi:

— Özünü Yehovaya həsr edib vəftiz olunmusan?

— Bəli, — ürəyimdə dedim.

— Yehovaya bütün ürəyinlə, bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə xidmət edəcəyinə söz vermisən?

— Bəli.

— Öncül kimi xidmət etməkdən səni saxlayan ailə məsuliyyətlərin və ya sağlamlığınla bağlı problemlərin var?

— Yox.

— Öncül kimi xidmət etməyə sənə mane olan hər hansı başqa problemin var?

— Yox.

— Əgər axırıncı suala «yox» cavabı vermisənsə, onda nəyi gözləyirsən?

 Sanki yuxuda idim və birdən oyandım. Bu an özümə dedim: «Həyatım boşa gedir. Həsr olunarkən Yehovaya verdiyim vədə sadiq deyiləm. Yehovaya bütüm ürəyimlə xidmət etmirəm». Belə qənaətə gəldim ki, əgər Yehovanın mənimlə bağlı vədlərini yerinə yetirməsini istəyirəmsə, onda mən də Ona verdiyim vədi yerinə yetirməliyəm. Ona görə 1956-cı ilin oktyabr ayında köməkçi öncül xidmətinə başladım.

1959-cu ildə məni Aberdin şəhərinə xüsusi öncül təyin etdilər

 Bir ildən sonra öncül oldum və 19 təbliğçisi olan yığıncağa keçdim. Gəldiyim gündən mənə hər həftə çıxışlar verirdilər. Səbirli qardaşların köməyi ilə natiq kimi püxtələşdim və məzmunlu nitqlər söyləməyi öyrəndim. İki ildən sonra, 1959-cu ildə, məni xüsusi öncül təyin edib Şotlandiyanın şimalında yerləşən Aberdin şəhərinə göndərdilər. Bir neçə aydan sonra London Beytelinə dəvət aldım. Orada xidmət etdiyim yeddi il ərzində çapxanada işlədim.

 Beytel həyatı xoşuma gəlsə də, orada olarkən xüsusi öncül xidmətim üçün darıxmağa başladım. Mən cavan, sağlam idim və Yehovanın göndərəcəyi hər yerə getməyə hazır idim. Ona görə 1965-ci ilin aprel ayında Gilad məktəbinə ərizə verdim.

 Həmin il otaq yoldaşımla qərara gəldik ki, Berlinə (Almaniya) toplantıya gedək və bir neçə il bundan əvvəl tikilmiş Berlin divarına baxaq.

 Bir gün toplantı zamanı təbliğ xidmətinə çıxdıq. Məni Syuzan Bandrok bacı ilə təyin etdilər. 1966-cı ildə isə biz evləndik. İki ildən sonra hər ikimizi Gilad məktəbinin 47-ci sinfində oxumağa dəvət etdilər. Sevincimiz yerə-göyə sığmırdı! Məktəbdə oxuduğumuz beş ay bir göz qırpımında keçdi. Bizi indi Konqo Demokratik Respublikası adlanan Zairə təyin etdilər. Şokda idik! Həmin ölkə barədə, demək olar, heç nə bilmirdik və qorxurduq. Buna baxmayaraq, təyinatımızı qəbul etdik və hər şeyi Yehovanın öhdəsinə buraxdıq.

1969-cu ildə Syuzan və mən Gilad məktəbinin məzunu olduq

 Mənzil başına çatmaq üçün təyyarə ilə uzun yol qət etdik, saatlarla hava limanlarında gözləməli olduq. Nəhayət, kiçik şaxta şəhəri olan Kolveziyə çatdıq. Qardaşlardan bizi qarşılayan olmadı. Buna çox təəccübləndik. Bir müddət sonra xəbər tutduq ki, sən demə, gəlişimiz barədə məlumat verilən teleqramı qardaşlar bizim gəlişimizdən iki gün sonra aldılar. Hava limanının işçisi bizə yaxınlaşıb fransızca nəsə dedi, amma o vaxt biz hələ bu dili bilmirdik. Qabağımızda duran qadın üzünü bizə çevirib dedi ki, işçi bizim həbs olunduğumuzu deyir.

 Bizi həbs edən işçi köhnə, tökülən, ikinəfərlik balaca maşın saxlatdırıb Syuzanla məni ora oturtdu. Hava limanının işçisi və maşının yiyəsi də birtəhər özlərini ora soxdular. Maşının mühərriki arxada, yük yeri isə qabaqda idi. Kələ-kötürlü, daşlı-çınqıllı yolla gedirdik. Maşını atıb-tuturdu deyə kapot hər dəfə açılıb-bağlanırdı. Kənardan elə görünürdü ki, sanki balıq bizim çamadanlarımızı çeynəyir. Bu, gülməli filmdən bir səhnəyə oxşayırdı.

 Beləcə, xüsusi təyinatlı müjdəçilərin yaşadığı evə gəlib çatdıq. Biz bu evin harada olduğunu bilmirdik, amma bizi gətirən işçi bilirdi. Evdə heç kim yox idi və darvaza bağlı idi. Xüsusi təyinatlı müjdəçilərin hamısı beynəlxalq toplantılara və məzuniyyətə getmişdilər. Qızmar günəş altında durub düşünürdük, görəsən, başımıza daha nə gələcək. Nəhayət, bir yerli qardaş gəldi. O bizə baxıb gülümsədi. Onu görəndə sanki çiynimizdən yük düşdü. Qardaş həmin işçini tanıyırdı və görünür, o bizdən sadəcə pul istəyirdi. Qardaş onunla bir az söhbət edəndən sonra o getdi və biz rahatca yerləşə bildik.

1971-ci ildə Neytan Norrun Zairə səfəri zamanı xüsusi təyinatlı müjdəçilərin yaşadığı evin qarşısında çəkilmiş şəkil

Geriyə çəkilməyin vaxtı deyildi

 Çox keçməmiş başa düşdük ki, yerli sakinlər çoxlu əzab-əziyyətlərə baxmayaraq, şən və mehribandırlar. Əfsuslar olsun ki, iğtişaş və qiyamlar ucbatından son on ildə ölkədə zorakılıq baş alıb gedirdi. 1971-ci ildə isə Yehovanın Şahidlərinin ölkədəki rəsmi qeydiyyatı ləğv olundu. Bundan sonra işlərin necə olacağını bilmirdik.

 Qorxub geriyə çəkilmək vaxtı deyildi və bacı-qardaşların çoxu geriyə çəkilmədi, baxmayaraq ki, onlara məsihi bitərəfliyini pozaraq partiya biletini götürməyə və partiya nişanını taxmağa məcbur etmək üçün olmazın təzyiq göstərilirdi. Partiya nişanı taxmayanlara dövlət xidmətlərindən istifadə etməyə icazə verilmirdi. Bundan əlavə, onlar hərbçilər və polislər tərəfindən pis rəftara məruz qalırdılar. Qardaşları işdən çıxarır, uşaqları məktəbdən xaric edirdilər. Yüzlərlə qardaş həbs olunmuşdu. Həqiqətən də, çox çətin dövr idi. Bununla belə, bacı-qardaşlar xoş xəbəri cəsarətlə təbliğ etməyə davam edirdilər.

Bizə dözüm gərək idi

 Həmin illərdə mən rayon və vilayət nəzarətçisi kimi xidmət edirdim və biz Syuzanla birgə kəndləri ziyarət edirdik. Kənd həyatının özünəməxsus çətinlikləri var idi. Samandan evlər bəzən o qədər balaca idi ki, orada uzanmaq olmurdu. Evə girəndə başımın qapının üst taxtasına neçə dəfə dəydiyinin hesabını belə itirmişdim. Biz çay suyu ilə çimirdik. Axşamlar şam işığında oxuyurduq. Yeməyimizi isə odda bişirirdik. Bizim üçün bu, əsl xüsusi təyinatlı müjdəçi həyatı idi. Özümüzü teokratik fəaliyyətin ön cəbhəsində hiss edirdik. Bura elə bunun üçün gəlmişdik.

 Yerli bacı-qardaşlarla yaşayarkən biz çox vaxt adi şey kimi qəbul edilən qida, su, paltar və başımızı qoymaq üçün yerin olmasını qiymətləndirməyi öyrəndik (1 Timutiyə 6:8). Bundan artığına hədiyyə kimi baxırdıq. Biz bu gün də belə düşünürük.

 Syuzanla mən həvari Bulusun üzləşdiyi çətinliklərlə üzləşməsək də, bəzən səfərlər zamanı imanımız və niyyətlərimiz sınanırdı. Hərdən pis və ya adamın yol deməyə dili gəlməyən yollarla getməli olurduq. Daşlı-qayalı yollarla gedəndə maşınımız bərk silkələnirdi. Bəzən maşınımızın təkəri quma, yağış mövsümündə isə yapışqan kimi palçığa batırdı. Bir dəfə bir günə cəmi 70 kilometr yol qət edə bilmişdik və maşının təkərini düz 12 dəfə qazıb çıxarmalı olmuşduq.

 

Xidmətdə tez-tez üzləşdiyimiz problem

 Amma çətin şəraitdə kənd ərazilərində xidmət edənədək özümüzü Yehovaya bu qədər yaxın hiss etməmişdik. Biz öyrəndik ki, Yehovanın köməyilə hər çətinliyə sevinclə dözə bilərik. Təbiətcə Syuzan macəralı həyatı sevməyənlərdəndir. Amma o, sınaqlar və çətinliklər zamanı bir dəfə də olsun şikayət etmədi. Bizim yaddaşımızda o illər xoşbəxt, sevinc dolu, təcrübə qazandıran illər kimi qalıb.

 Zairdə yaşadığımız illərdə məni bir neçə dəfə həbs etmişdilər. Bir dəfə məni yalandan hətta qanunsuz almaz alqı-satqısında ittiham etmişdilər. Əlbəttə ki, biz narahat idik, lakin özümüzə deyirdik ki, əgər Yehova burada xidmətimizi davam etdirməyimizi istəyirsə, hökmən bizə kömək edəcək. Belə də oldu!

Yalnız irəli!

 1981-ci ildə bizi Kinşasada yerləşən filialda xidmət etməyə dəvət etdilər. Bundan bir il əvvəl Yehovanın Şahidlərini rəsmi qeydiyyatdan keçirdilər. Daha böyük filialın tikintisi üçün qardaşlar torpaq sahəsi aldılar. Amma gözlənilmədən, 1986-cı ilin mart ayında, ölkə prezidenti Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan edilməsi barədə fərman imzaladı. Tikinti dayandı və çox keçməmiş xüsusi təyinatlı müjdəçilərin çoxu ölkəni tərk etdi.

Bir neçə il Zair filialında xidmət etdik

 Biz bir müddət ölkədə qala bildik. Təbliğ işini davam etdirmək üçün əlimizdən gələni edirdik, halbuki bilirdik ki, bizi gizlicə güdürlər. Ehtiyatlı olmağımıza baxmayaraq, Müqəddəs Kitab dərsi keçərkən həbs olundum. Məni digər məhbuslarla dolu olan zirzəmiyə saldılar. Orada isti və qaranlıq idi, üstəlik, üfunət iyi gəlirdi və nəfəs almaq olmurdu. İşıq və hava yalnız divarın yuxarısındakı dəlikdən gəlirdi. Məhbuslar məni özlərinin seçdikləri başçının yanına apardılar. O mənə Zairin himnini oxumağı əmr etdi. Mən himni bilmədiyimi dedim. Onda o mənə dedi ki, öz ölkəmin himnini oxuyum. Onu da bilmədiyimi deyəndə məni cəza olaraq 45 dəqiqə ərzində üzü divara tərəf durmağa məcbur etdi. Bir müddət sonra yerli qardaşların köməyi sayəsində məni azadlığa buraxdılar.

Zambiya filialına təzə gəldiyimiz vaxtlarda çəkilən şəkil (1987-ci il)

 Görürdük ki, ölkədə vəziyyət düzələn deyil. Çox keçməmiş bizi Zambiyaya təyin etdilər. Sərhədi keçəndə bir tərəfdən sevinir, digər tərəfdən isə kədərlənirdik. Sadiq xüsusi təyinatlı müjdəçilər və yerli bacı-qardaşlarla bu ölkədə xidmətdə keçirdiyimiz 18 il gözümüzün önündən keçdi. Bəzən həyatımızda gərgin anlar olsa da, Yehovanın bizə çoxlu nemətlər bəxş etdiyini görürdük. Bilirdik ki, Yehova həmişə yanımızdadır. Hər ikimiz suahili və fransız dillərini, Syuzan isə bir az linqala dilini də öyrəndi. Biz xidmətdəki nailiyyətlərimizə sevinirdik. 130-dan çox insana Allahın xidmətçisi olmağa kömək etdik. Həmçinin gələcək artımın təməlinin qoyulmasında bizim də payımızın olmasını bilmək bizə xüsusi sevinc verirdi. Amma o vaxt heç təsəvvür belə edə bilməzdik necə artım olacaq! 1993-cü ildə ali məhkəmə 1986-cı ildə fəaliyyətimizə qoyulan qadağanı ləğv etdi. Hal-hazırda Konqoda 240 000-dən çox təbliğçi var.

 Zambiyada xidmət etdiyimiz müddətdə yeni filialın tikintisinin, sonra isə onun genişləndirilməsinin şahidi olduq. İndi bu ölkədə 1987-ci ildə biz bura gəldiyimiz vaxt olandan üç dəfə çox təbliğçi var.

Zambiya filialı

 Başqalarının fikrincə tamvaxtlı xidməti bir ay belə davam etdirə bilməyəcək qardaşla nə baş verdi? Yehovanın köməyi və əziz həyat yoldaşım Syuzanın dəstəyi ilə mən artıq 65 ildir ki, tamvaxtlı xidmətdəyəm və Yehovanın necə gözəl Allah olduğunu öz təcrübəmdə görmüşəm (Zəbur 34:8).

 Biz xüsusi insanlar deyilik, sadəcə çalışırıq ki, həsr olunarkən verdiyimiz vədə sadiq qalaq. Biz əminik ki, Yehovanın köməyilə heç vaxt geri çəkilməyəcəyik, iman edib həyatlarını qoruyanlardan olacağıq (İbranilərə 10:39).

Syuzanla mən hələ də Zambiya filialında xidmət edirik

 Deyrl və Syuzan Şarp barədə «Yehovaya bütün qəlbimizlə xidmət etməyə söz vermişdik» (türk.) adlı videoya baxın.