Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqla irqçilik barədə necə danışmaq olar?

Uşaqla irqçilik barədə necə danışmaq olar?

 Ola bilsin, övladınız uşaqlıqdan görür ki, bəzi insanlara dərisinin rənginə, yaxud milliyətinə görə fərqli münasibət göstərilir. Bəs uşağı irqi ayrı-seçkiliyin təsirindən necə qorumaq olar? Uşaq irqi ayrı-seçkilik səbəbindən qərəzli münasibətə məruz qalıbsa nə etmək olar?

Bu məqalədə

 Uşaqla irqlər barədə necə danışmaq lazımdır?

 Nəyi danışmaq olar? Bütün dünyadakı insanların özünəməxsus xarici görünüşü, milli mədəniyyəti var. Təəssüf ki, bəzən, bu fərq ucbatından bəzi insanlar pis rəftara məruz qalır.

 Müqəddəs Kitaba əsasən dünyadakı bütün insanlar bir atadan törəyib. Başqa sözlə, hamımız bir-birimizə qohumuq.

«[Allah] bir insandan hər xalqı yaratdı» (Həvarilərin işləri 17:26).

 «Fikir vermişik ki, uşaqlarımız fərqli irqdən, mədəniyyətdən, xalqdan və təbəqədən olan insanlarla ünsiyyət edəndə hər bir insanın sevgiyə və hörmətə layiq olduğunu dərk edirlər» (Karen).

 Uşağa irqçilik barədə məlumatı necə çatdırmaq lazımdır?

 Gec-tez uşağınız ya xəbərlərdən, ya da başqa bir yerdən irqçilik zəminində baş verən cinayətlər barədə eşidəcək. Bunun səbəbini ona necə başa salmaq olar? Çox şey uşağın hansı yaşda olmağından asılıdır.

  •   3—5 yaş arası. «Valideynlər» jurnalında Dr. Alison Brusko Smitin növbəti sözləri sitat gətirilirdi: «Balaca uşaqlar ədalətli və ədalətsiz davranışı bir-birindən çox gözəl ayıra bilir. Bu onlarla ədalətsizlik barədə danışmaq üçün tutarlı səbəbdir».

«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).

  •   6—12 yaş arası. Bu yaşda olan uşaqlara hər şey maraqlı olur. Bəzən onlar çox qəliz suallar verirlər. Bacardığınız qədər bu sualları cavablandırın. Uşağınızdan məktəbdə nə baş verdiyini, mediada nə gördüyünü, nə eşitdiyini soruşun. Bu məlumatın əsasında ona irqi ayrı-seçkiliyin düzgün olmadığını izah edin.

«Həmfikir, bir-birinizin dərdinə şərik, qardaşsevən, şəfqətli və təvazökar olun» (1 Butrus 3:8).

  •   13—19 yaş arası. Bu yaşda olan yeniyetmələr artıq daha çətin məsələləri dərk etməyə başlayırlar. Bu yaş dövrü yeniyetmə övladınızla irqi ayrı-seçkilik mövzusunda danışmaq üçün yaxşı fürsətdir.

«Yetkin adam... ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

 «Biz uşaqlarımızla irqçilik mövzusunda danışmağa çəkinmirik, çünki harada yaşamalarından asılı olmayaraq, gec-tez bununla üzləşəcəklər. Evdə onlarla bu barədə danışmasaq, başqalarının qərəzli münasibəti onlara təsir edə bilər. Onlar öz yanlış fikirlərini uşaqlarımıza fakt kimi təqdim edəcəklər» (Tanya).

 Özünüz bu sahədə necə nümunə qoya bilərsiniz?

 Uşaqlar sizdən nümunə götürür. Buna görə də hərəkətlərinizə və sözlərinizə diqqət yetirməyiniz çox vacibdir. Məsələn:

  •   Başqa irq və ya xalqla bağlı zarafatlar, onları alçaldan söhbətlər edirsiniz? «Uşaqlarınız sizi müşahidə edir, qulaq asır və təbii olaraq sizi təkrarlayırlar» (Amerika Uşaq və Yeniyetmə Psixiatriya Akademiyası).

  •   Dünyanın müxtəlif ölkələrindən olan insanlarla vaxt keçirməyi sevirsiniz? Pediatr Alana Enzoma deyir: «Uşaqlarınızın müxtəlif millətdən, irqdən, təbəqədən olan insanlarla yaxşı münasibət qurmasını istəyirsinizsə, özünüz də bu cür davranmalısınız».

«Hər cür insana hörmət edin» (1 Butrus 2:17).

 «Biz həmişə müxtəlif ölkələrdən olan insanları evimizdə qonaq etmişik. Onların milli mətbəxi, musiqiləri, hətta geyimləri ilə maraqlanmışıq. Uşaqlarımızla bu insanların özləri haqda danışmışıq, irqləri haqda yox. Heç vaxt öz mədəniyyətimizlə öyünməmişik» (Katarina).

 Uşaq qərəzli münasibətə məruz qalıbsa nə etmək olar?

 Əksəriyyət birlikdən, bərabərlikdən danışsa da, irqçilik çox geniş yayılıb. Bu o deməkdir ki, övladınız haqsız rəftara məruz qala bilər, xüsusilə də o, dininə, dilinə, dərisinin rənginə görə başqalarından seçilirsə. Bu halda...

 Məsələni hərtərəfli araşdırın. İnsan bunu məqsədyönlü şəkildə edib, yoxsa sadəcə düşünmədən danışıb? (Yaqub 3:2). Onunla danışmağa, doğrudan da, ehtiyac var, yoxsa məsələnin üstündən keçmək olar?

 Sözsüz ki, bu sahədə tarazlı olmaq vacibdir. Müqəddəs Kitabda deyilir ki, «küsəyən olma» (Vaiz 7:9). İrqçilik ciddi problemdir, amma insanlar bizi alçaldanda, yaxud haqsız rəftar edəndə hər dəfə bunu irqçilik kimi qəbul etməməliyik.

 Hər vəziyyət fərqlidir. Odur ki, nə isə etməzdən əvvəl əslində nə baş verdiyini öyrənməyə çalışın.

«Dinləmədən cavab vermək səfehlik və rəzillikdir» (Məsəllər 18:13).

 Məsələni hərtərəfli araşdırandan sonra özünüzdən soruşun:

  •   «Uşağım hər kəsin qərəzli olduğunu, hər dəfə kimsə onu alçaldanda bunu onun irqinə görə etdiyini düşünsə, bunun ona bir faydası dəyəcək?»

  •   «Müqəddəs Kitabdakı “hər deyilən sözə fikir vermə” məsləhətinə əməl edə biləcək?» (Vaiz 7:21).

«Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5).

 Bəs əgər insan bunu məqsədyönlü şəkildə edibsə? Uşağınıza başa salın ki, vəziyyətin daha yaxşı, yaxud daha pis olacağı onun reaksiyasından asılıdır. Bəzən insanın başqalarını lağa qoymaqda, sataşmaqda, alçaltmaqda məqsədi qarşı tərəfi özündən çıxartmaq olur. Bu cür vəziyyətlərdə ən yaxşı cavab cavab verməməkdir.

«Odun olmayanda ocaq sönər» (Məsəllər 26:20).

 Digər tərəfdən əgər bir təhlükə olmayacaqsa, uşağınız qarşı tərəflə danışa bilər. Məsələn, ona belə deyə bilər (amma mülayim şəkildə): «Məncə, keçən dəfəki hərəkətin yaxşı hərəkət deyildi».

 Bəs əgər vəziyyətlə bağlı şikayət etmək istəyirsinizsə, onda necə? Əgər uşağınızın təhlükədə olduğunu və ya vəziyyətin ciddi olduğunu düşünürsünüzsə, məktəb müdiriyyətinə, yaxud polisə şikayət etməyə çəkinməyin.