Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaq darıxırsa

Uşaq darıxırsa

 Uşağınız bütün günü evdədir və başını qatmağa heç nə tapmır? «Darıxıram!» — deyə şikayətlənir? Televizoru yandırmazdan və sevdiyi videooyunu oynamağı təklif etməzdən əvvəl növbəti məqamları nəzərdən keçirin.

Valideynlərin kəşfi

  •   Əyləncənin növü və çoxluğu problemi daha da artırır. Robert adlı bir ata deyir: «Televizora baxmağı və ya videooyun oynamağı sevən uşaqların bəzilərinə bu məşğuliyyətlərlə müqayisədə gündəlik həyat cansıxıcı görünür. Adi məşğuliyyətlər onlara o qədər də maraqlı gəlmir».

     Barbara yoldaşı Robertin fikrinə şərikdir. O deyir: «Real həyatda beynini işə salıb nəsə etməlisən, amma nəticə adətən dərhal görünmür. Səhərdən axşama qədər televizora baxan, videooyun oynayan uşağa bütün bunlar darıxdırıcı gəlir».

  •   Sosial şəbəkələrdə dolaşan uşaq özünü başqaları ilə müqayisə edə bilər. Şəkil və videolarında dostlarının nə işlə məşğul olduğuna baxanda övladınız həyatının darıxdırıcı olduğunu düşünə bilər. Bet adlı bir gənc qız deyir: «İstər-istəməz adam düşünür: “Hamı şənlənir, mən isə evdə oturmuşam”».

     Üstəlik, sosial şəbəkələrdə saatlarla keçirilən vaxt nəticədə insanın içində boşluq yaradır və canı yenə də sıxılır. Kris adlı gənc oğlan deyir: «Siz sanki məşğulsunuz, amma şəbəkədən çıxanda ortalıqda heç nə olmur».

  •   Təxəyyül işə düşür. Katerina adlı bir ana fikir verib ki, uşaq darıxanda onun təxəyyülü işə düşür. O deyir: «Adi qutu maşın, qayıq, kosmik gəmiyə, stol-stulun üstünə atılmış ədyal isə çadıra çevrilir».

     Təəccüblü deyil ki, Şeri Törkl darıxdığımız anları təxəyyülü işə salmaq üçün bir fürsət adlandırıb a. Ona görə düşünməməliyik ki, darıxmaq pisdir və bundan var gücümüzlə qaçınmalıyıq. Bir kitabda qeyd edilir: «Ağırlıq qaldırmaq əzələlərimizə necə təsir edirsə, darıxmaq da beynimizə eyni cür təsir edir» («Disconnected»).

 Nəticə. Uşaq darıxanda buna problem kimi yox, ona təxəyyülünü işə salmağa kömək etmək üçün bir fürsət kimi baxın.

Uşağa necə kömək edə bilərsiniz?

  •   Mümkünsə, qoyun uşağınız çöldə oynasın. Yuxarıda sözləri gətirilən Barbara deyir: «Günəş və təmiz hava uşağın əhvalını qaldırır. Elə ki, çölə çıxırlar, təxəyyülləri həmən işə düşür və cansıxıcılıqdan əsər-əlamət qalmır».

     Müqəddəs Kitab prinsipi: «Hər şeyin öz vaxtı var... gülməyin öz vaxtı... rəqs etməyin öz vaxtı» (Vaiz 3:1, 4).

     Özünüzdən soruşun: «Uşağım çöldə daha çox vaxt keçirsin deyə nə edə bilərəm? Əgər çöldə oynaması mümkün deyilsə, evdə onu nə ilə məşğul edə bilərəm ki, onun üçün maraqlı olsun?»

  •   Uşağınıza başqalarını düşünməyi öyrədin. Lillian adlı bir ana deyir: «Birgə yaşlı dostunuzun qazonunu biçin, həyət-bacasını tökülmüş yarpaqlardan təmizləyin, onun üçün nəsə bişirib aparın. Başqaları üçün nəsə etmək əsl sevinc gətirir».

     Müqəddəs Kitab prinsipi: «Səxavətli bolluğa yetişər, su verənə su verilər» (Məsəllər 11:25).

     Özünüzdən soruşun: «Nə edə bilərəm ki, uşağım başqalarına kömək etməkdən sevinc duysun?»

  •   Uşaq üçün nümunə olun. Gündəlik işləriniz barədə necə danışmağınız uşağınıza təsir edir. Sara adında ana deyir: «Əgər uşağın yanında bütün günü “ürəyim sıxılır, həyat darıxdırıcıdır” deyə gileyləniriksə, uşağa da həyat darıxdırıcı gələcək. Amma müsbət tonda danışanda bu, uşaqlara da sirayət edir».

     Müqəddəs Kitab prinsipi: «Könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15).

     Özünüzdən soruşun: «Mən uşaqların yanında gündəlik işlərim barədə necə danışıram? Özüm darıxanda nə edirəm, uşaqlar nə görür?»

 Məsləhət. Uşaqlarınızla birgə maraqlı məşğuliyyətlərin siyahısını tərtib edin. Allison adında ana deyir: «Bizim təkliflər qutumuz var. Hər kəs maraqlı fikri kağıza yazıb ora atır».

a Mənbə: «Reclaiming Conversation» kitabı.