Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaq oynaya-oynaya böyüyür

Uşaq oynaya-oynaya böyüyür

 Oyunlar və yaradıcı məşğuliyyətlər uşaqda maraq oyadır, təxəyyülünü işə salır, bununla da onun zehnini və əl qabiliyyətini inkişaf etdirir.

 Həmin oyun və məşğuliyyətlərin bəziləri bunlardır:

  •   Şəkil çəkmək

  •   Biş-düş etmək (böyüklərin nəzarəti altında)

  •   Plastilindən fiqurlar düzəltmək

  •   Mahnı oxumaq

  •   Konstruktor yığmaq

  •   Adi əşyalarla oynamaq (məsələn, hətta adi karton qutusu uşağın təxəyyülünü işə sala bilər)

 Bir çox ölkələrdə oyunların və yaradıcı məşğuliyyətlərin yerini passiv əyləncələr və yaradıcılıq qabiliyyətini işə salmağı tələb etməyən məşğuliyyətlər tutub.

 Buna görə narahat olmağa dəyər?

 Bunları bilmək vacibdir

  •   Oyunlar və yaradıcı məşğuliyyətlər uşağın inkişafı üçün vacibdir. Belə oyun və məşğuliyyətlər uşağın fiziki və əqli sağlamlığına müsbət təsir edir, onların yaradıcılıq və ünsiyyət etmək qabiliyyətini inkişaf etdirir. Uşaqlar daha səbirli olmağı, qərarlar qəbul etməyi, emosiyalarını nəzarətdə saxlamağı, başqaları ilə oynayanda isə onlarla dil tapmağı öyrənir. Bir sözlə, onlar uşağı böyük həyata hazırlayır.

  •   Elektron cihazlardan çox istifadə etmək zərərlidir. Elektron cihazlardan məktəbəqədər yaşda olan uşaqlar üçün «dayə» kimi istifadə edən valideynlərə xəbərdarlıq: onlar uşaqlarda asılılıq yaradır; vaxtlarının böyük qismini ekran qarşısında keçirən uşaqlar piylənmədən əziyyət çəkir və aqressiv olur.

  •   Dərnəklərin çatışmazlıqları. Valideynlər uşağı çoxlu dərnəklərə yazdıranda onun maraq oyadan və yaradıcılıq qabiliyyətini inkişaf etdirən oyunlar oynamaq üçün vaxtı qalmır. Bu isə onların inkişafı üçün çox vacibdir.

 Siz nə edə bilərsiniz?

  •   Uşağın oynaması üçün şərait yaradın. İmkan daxilində qoyun uşaq təmiz havada oynasın, təbiətlə tanış olsun, yaradıcılıq qabiliyyətini inkişaf etdirən oyuncaqlarla oynasın a.

     Düşünün: «Oyunlar və yaradıcı məşğuliyyətlər uşağıma hansı xüsusiyyət və bacarıqlara yiyələnməyə kömək edəcək? Bunların gələcəkdə ona hansı xeyri olacaq?»

     Müqəddəs Kitab prinsipi: «Fiziki məşq bədən üçün faydalıdır» (1 Timutiyə 4:8, «Contemporary English Version»).

  •   Uşağın ekran qarşısında nə qədər vaxt keçirdiyinə nəzarət edin. Telefon, planşet və ya televizoru «dayə» kimi istifadə etməzdən əvvəl yaxşı-yaxşı düşünün. Uşaq həkimlərinin tövsiyəsinə əsasən, iki yaşadək uşaqları ümumiyyətlə, yaşı iki-beş arası olan uşaqları isə bir saatdan çox elektron cihazlardan istifadə etməyə və televizora baxmağa qoymaq olmaz b.

     Düşünün. «Uşağımın ekran qarşısında keçirdiyi vaxtı necə məhdudlaşdıra bilərəm? Elektron cihazdan istifadə edərkən onun yanında olmalıyam? Elektron cihazları nə ilə əvəz edə bilərəm?»

     Müqəddəs Kitab prinsipi: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16).

  •   Dərnəklərin uşağınıza təsiri barədə yaxşı-yaxşı düşünün. Düzdür, dərnəklər uşağa müəyyən bacarıqlara yiyələnməyə, hansısa idman növündə püxtələşməyə kömək edir. Amma əksər hallarda dərnəklərin çoxluğu həm uşaq, həm də uşağı dərnəyə aparıb-gətirən valideyn üçün böyük stres yaradır. Belə hallarda vaxtdan düzgün istifadə etmək üçün Efeslilərə 5:15, 16 ayələrində yazılan prinsip üzərində düşünmək yaxşı olardı.

     Düşünün. «Uşağımın getdiyi dərnəklərin sayı həddən artıq çox deyil? Əgər çoxdursa, nəyi dəyişə bilərəm?»

     Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd [edin]» (Filippililərə 1:10).

a Satışda olan bir çox oyuncaqlar uşağın yaradıcılıq qabiliyyətini inkişaf etdirmir. Onlardan fərqli olaraq, sadə əşya və oyuncaqlar, məsələn, kubiklər və karton qutular uşağın təxəyyülünü işə salır.

b «Ekran qarşısında keçirilən vaxt» deyildikdə videokonfrans vasitəsilə ünsiyyət və ya ailəlikcə ruhani proqramlara baxmaq yox, elektron cihazlardan əyləncə üçün istifadə etmək nəzərdə tutulur.