Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

İtin iybilmə duyğusu

İtin iybilmə duyğusu

 Tədqiqatçılar deyir ki, itlər başqa itlərin yaşını, cinsiyyətini və vəziyyətini aşkarlamaq üçün iybilmə duyğusundan istifadə edir. İtlərə hətta partlayıcı və qeyri-qanuni narkotik maddələri aşkar etmək üçün də təlim keçirilir. İnsanlar ətraflarında baş verənləri müəyyən etmək üçün əsasən görmə qabiliyyətlərindən istifadə etdikləri halda, itlər iybilmə qabiliyyətlərindən istifadə edir. Onlar ətrafı, sanki burunları ilə «görür».

 Düşünün: İtin qoxu həssaslığı bizimkindən minlərlə dəfə çoxdur. ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun verdiyi məlumata əsasən, it «hər hansı maddənin trilyonda bir hissəsindəki komponentləri ayırd edə bilir. Bu bacarıq olimpik ölçülü üzgüçülük hovuzunda çay qaşığının dörddə biri qədər şəkər tozunun dadını duymağa bərabərdir».

 Nəyə görə itin iybilmə həssaslığı bizimkindən qat-qat üstündür?

  •   İtin burnu nəmlidir, ona görə də o, qoxu hissəciklərini asanlıqla duya bilir.

  •   İtin burnunda iki tənəffüs yolu var: biri nəfəs almaq üçün, digəri iyləmək üçün. İt burnunu çəkəndə hava burun boşluğundakı qoxu reseptorlarının yerləşdiyi hissədən keçir.

  •   İnsan burnunda cəmi 5 kvadrat santimetr olan qoxu bölgəsinin ölçüsü itlərdə 130 və ya daha çox kvadrat santimetrə çatır.

  •   İtdəki qoxulama funksiyasını yerinə yetirən reseptorlar insandakından 50 dəfə artıqdır.

 Bütün bunlar itə imkan verir ki, mürəkkəb qoxunun tərkib hissəsini ayırd edə bilsin. Məsələn, bəzi mütəxəssislərin fikrincə biz supun iyini duya bilirik, amma itlər supun tərkibindəki hər komponentin iyini duya bilir.

 Xərçəng Tədqiqat İnstitutundakı tədqiqatçılar deyir ki, itin beyni və burnu birgə işləyərək, «yer üzündə ən kəskin qoxuları ayırd edən qurğulardan biri» sayılır. Alimlər partlayıcı maddələri, qaçaq malları və xərçəng xəstəliyi də daxil olmaqla, xəstəlikləri ayırd edə bilmək üçün elektron cihazları təkmilləşdirir.

 Necə fikirləşirsiniz? İtin iybilmə duyğusu təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?