TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Pişiyin dili
Ev pişikləri təmizkarlığı ilə tanınır. Oyaq olduqları vaxtın 24 faizini özlərini təmizləməklə keçirə bilər. Heyrətamiz quruluşu olan dili pişiyə təmiz qalmağa kömək edir.
Düşünün. Pişiyin dili 290 məməciklə örtülüb. Məməciklər arxaya yönəldilmiş və insan dırnağı qədər möhkəm olan tikancıqlardır. Hər məməcikdə novcuq var. Pişik dilini ağzına geri çəkəndə novcuq dərhal tüpürcəklə dolur. Pişik tüklərini yalayanda məməciklərdəki tüpürcək dərisinə boşalır.
Pişiyin dili hər gün təxminən 48 millilitr miqdarında tüpürcəyi tük və dərisinə yayır. Tüpürcəyin tərkibində çirki parçalayan fermentlər var. Bundan başqa, tüpürcək buxarlananda pişiyin bədəni soyuyur. Bu isə pişiklər üçün olduqca vacibdir, çünki onlarda tər vəziləri azdır.
Məməcik pırtlaşıq düşmüş tüklərə ilişəndə tüklərə daha dərin nüfuz edir və düyün açılır. Pişik tüklərini təmizləyəndə məməciklərin ucu həm də dərinin fəaliyyətini artırır. Tədqiqatçılar pişiyin dilinin quruluşuna bənzər daraq yaradıblar. Adi daraqdan fərqli olaraq, belə daraqla saçları daradıqda daha az güc sərf olunur, onu təmizləmək daha asandır, üstəlik, o, düyünləri açır. Tədqiqatçılar düşünür ki, pişiyin dili alimlərə tüklü və xovlu səthlər üçün daha effektiv təmizləmə üsulları icad etməyə kömək edəcək. Üstəlik, bu cür ixtira sayəsində tüklə örtülmüş dəriyə losyon və dərman çəkmək daha asan olacaq.
Necə fikirləşirsiniz? Pişiyin dili təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?