Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Qrind delfininin öz-özünü təmizləyən dərisi

Qrind delfininin öz-özünü təmizləyən dərisi

 Gəmilərin gövdəsinə yapışan bığayaqlılar və başqa dəniz canlıları gəmiçilər üçün böyük problem yaradır. Bioloji çirklənmə adlanan bu problem gəmilərin hərəkətini ləngidir. Bu da öz növbəsində daha çox yanacağın sərf olunmasına və hər iki ildən bir təmizlənmək üçün servisə götürülməsinə səbəb olur. Alimlər bu problemi həll etmək üçün təbiətə üz tuturlar.

 Düşünün: Tədqiqatlar nəticəsində aşkar olunub ki, qrind delfinlərinin (Globicephala melas) dərisinin öz-özünü təmizləmə bacarığı var. Delfinin dərisindəki nano ölçülü dəliklər həddən artıq kiçik olduğundan bığayaqlılar sürfəsinin yapışmasını çətinləşdirir. Bu dəliklər arasındakı boşluqlar yosunlar və bakteriyalarla mübarizə aparan jele ilə doludur. Bu delfinlər dərilərini dəyişən kimi təzə jele ifraz edirlər.

 Alimlər gəmilərin gövdəsi üçün qrind delfininin öz-özünü təmizləmə sistemini təqlid etməyi planlaşdırır. Əvvəllər bioloji çirklənmənin qarşısını almaq üçün xüsusi boyalardan istifadə olunurdu. Amma belə boyalar dəniz həyatını zəhərlədiyi üçün son zamanlarda onların istifadəsi qadağan edilib. Tədqiqatçılar bu problemi həll etmək üçün bir üsul təqdim edir. Belə ki, gəmilərin gövdəsi üzərində külli miqdarda dəlikləri olan metal torla örtülür. Bu dəliklərə bioloji cəhətdən təhlükəsiz olan kimyəvi maddə tökülür. Həmin kimyəvi maddə dəniz suyu ilə təmasda olduqca qalınlaşır və nəticədə, bütün gövdəni örtən bir dəri formalaşır. Təxminən 0,7 millimetr qalınlığında olan bu dəri ona yapışan bütün dəniz canlıları ilə birlikdə zaman-zaman yox olub gedir. Sonra gəminin gövdəsi onu tamamilə əhatə edən yeni bir kimyəvi maddə ilə örtülür.

Bığayaqlılar gəminin hərəkətini ləngidir və təmizlənməsi çətindir

 Laboratoriya analizləri göstərir ki, bu sistem gəmilərin bioloji çirklənməsini 100 qat azalda bilər. Həmçinin gəmiləri təmizləmək üçün onları sahilə çəkmək baha başa gəldiyindən bu sistem gəmi şirkətlərinə böyük xeyir verəcək.

 Necə fikirləşirsiniz? Qrind delfininin öz-özünü təmizləyən dərisi təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?