TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Şeytani zirehli böcəyin qabığı
Şeytani zirehli böcəyə (Phloeodes diabolicus) Şimali Amerikanın qərbində rast gəlinir. Araşdırmalara görə bu böcək öz çəkisindən təxminən 39 000 dəfə ağır yükə tab gətirə və hətta üstündən maşın keçsə belə, sağ qala bilir. Bu böcək bu qədər təzyiqə necə tab gətirir?
Bu böcəyin qabığının üst və alt hissəsi hər iki tərəfdən bir-birinə birləşib. Bu birləşmələrin biri onu təzyiq altında olanda deformasiyaya müqavimət göstərməyə, əsas orqanlarını qorumağa kömək edir. Digər birləşmə isə daha yumşaqdır, deformasiyaya tez uğrayır. Üçüncü birləşmə isə böcəyin qabığının səthini dəyişməyinə imkan verir. Bu birləşmə elastik olduğuna görə böcək ağac qabıqlarının və ya daşların arasında boş yerlərdə gizlənə bilir.
Bundan əlavə, böcəyin kürəyinin ortasında tiyə adlanan çoxsaylı çıxıntılar var. Onlar pazl hissəcikləri kimi bir-birinə bağlanıblar. Bu hissəciklər təzyiqi böcəyin bütün bədəninə bərabər paylayır. Çıxıntılar bir-birinə zülallar vasitəsilə yapışan laylardan ibarətdir. Təzyiq göstəriləndə zülallarda xırda çatlar əmələ gəlir, amma böcəyin bədəninə ciddi zərər dəymir. Kiçik çatlar isə müəyyən vaxtdan sonra sağalır.
Araşdırmalara əsasən bu böcəyin qabığından ilhamlanaraq mühəndislər təzyiqə davamlı nəqliyyat vasitələri istehsal edir, körpü və bina kimi tikililər inşa edirlər.
Necə fikirləşirsiniz? Şeytani zirehli böcəyin qabığı təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?