TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Zəncirotu toxumunun uçuşu
Zəncirotu toxumları heyrətamiz uçma qabiliyyətinə malikdirlər. Külək əsəndə onlarla kiçik toxum balaca paraşütlər kimi göyə qalxır. Yerə yaxın uçsalar da, bəzi toxumlar bir kilometrdən çox yol qət edirlər. Onlar nəyin sayəsində uzun müddət havada qalırlar? Alimlər təzəlikcə kəşf ediblər ki, toxumlar paraşütdən dörd dəfə daha effektiv və stabil uçurlar.
Düşünün. Hər bir toxum başında tükcüklərdən ibarət kəkil olan buruncuğa birləşir. Bu kəkil toxumları paraşüt kimi havada saxlayır.
Amma toxumlar təkcə kəkil sayəsində havada qalmır. Kəkildəki tükcüklərin içindən və ətrafından keçən hava onun üzərində dairəvi burulğan yaradır. Burulğanın içində dairəvi şəkildə hərəkət edən hava aşağı təzyiqin yaranmasına səbəb olur. Bu təzyiq toxumları yerə tez düşməyə qoymur.
Yaxşı şəkildə təşkil olunmuş tükcüklər kəkilə hava keçirən paraşüt kimi uçmaq imkanı verir. Amma bu adi paraşütdən daha effektiv və stabildir. Bundan əlavə, tüklər kəkilin yalnız 10 faizini tutur, qalan hissəsi isə boşdur. Yəni kəkil çox az materialdan təşkil olunub.
Alimlər zəncirotu toxumunun uçmasını təqlid etməyin yollarını kəşf etməyə çalışırlar. Məsələn, bunun sayəsində az enerjidən istifadə edərək uçan kiçik dronlar hazırlamaq olacaq. Bu dronlardan müxtəlif məqsədlər, o cümlədən havanın çirklənmə səviyyəsini ölçmək üçün istifadə etmək olacaq.
Havaya uçan zəncirotu toxumlarına baxın.
Necə düşünürsünüz? Zəncirotu toxumunun bu cür uçma qabiliyyəti təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?