Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Allahın qüdrətli əli altında özünüzü aşağı tutun... Bütün qayğı yükünüzü Ona ötürün» (1 Butrus 5:6, 7)

«Allahın qüdrətli əli altında özünüzü aşağı tutun... Bütün qayğı yükünüzü Ona ötürün» (1 Butrus 5:6, 7)

 «Beləliklə, Allahın qüdrətli əli altında təvazökar olun. Vaxtı gələndə O, sizi ucaldacaq. Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:6, 7, «Yeni Dünya Tərcüməsi»).

 «Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır» (1 Butrus 5:6, 7, Müqəddəs Kitab Şirkəti, 2009).

1 Butrus 5:6, 7 ayələrinin mənası

 Bu sözlərlə həvari Butrus məsihiləri əmin edir ki, onlar bütün problemləri və qayğıları barədə Allaha dua edə bilərlər. Yehova təvazökar insanları sevir və gələcəkdə onlara bol-bol nemətlər bəxş edəcək.

 «Allahın qüdrətli əli altında təvazökar olun». Müqəddəs Kitabda «Allahın əli» dedikdə çox vaxt onun xidmətçilərini xilas etmək və qorumaq üçün istifadə etdiyi gücü nəzərdə tutulur (Çıxış 3:19; Qanunun təkrarı 26:8; Üzeyir 8:22). Məsihilər Allaha etibar edəndə Onun əli altında təvazökar olurlar. Onlar öz məhdudiyyətlərindən agahdırlar və başa düşürlər ki, Allahın köməyi olmadan sınaqlardan üzüağ çıxa bilməzlər (Məsəllər 3:5, 6; Filippililərə 4:13). Məsihilər əmindirlər ki, Allah düzgün vaxtda və ən yaxşı şəkildə onlara kömək etməyə qadirdir (Əşiya 41:10).

 «Vaxtı gələndə O, sizi ucaldacaq». Sınaqlara səbirlə dözənlər əmin ola bilərlər ki, Allah vaxtı çatanda onları ucaldacaq, yəni bol nemətlər verəcək. O, heç vaxt icazə verməz ki, xidmətçiləri gücləri çatmayan sınaqlara məruz qalsınlar və ya sınaqları sonsuzadək davam etsin (1 Korinflilərə 10:13). Əgər Allahın xidmətçiləri yaxşı işlər görməkdən yorulmasalar, Allah onları «vaxtında» mükafatlandıracaq (Qalatiyalılara 6:9).

 «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir». Məsihilər dua vasitəsilə bütün qayğılarını Allahın üzərinə qoya və ya ötürə bilərlər. Bir nəşrdə izah olunur: «“Ötürmək” feli nəyisə özümüzdən uzaqlaşdırmaq üçün etdiyimiz hərəkəti göstərir. Bu, şüurlu şəkildə edilən hərəkətdir». Məsihi öz qayğılarını Allahın üzərinə qoyandan sonra daha az narahat olur və Müqəddəs Kitabda deyildiyi kimi, «Allahın... sülhü»nü hiss edir (Filippililərə 4:6, 7). Məsihi əmindir ki, Allah onun qayğısına qalacaq və Öz gücündən ona dəstək olmaq üçün istifadə edəcək (Zəbur 37:5; 55:22).

1 Butrus 5:6, 7 ayələrinin konteksti

 5-ci fəsil Butrusun məsihilərə yazdığı ilk məktubunun sonuncu fəslidir (1 Butrus 1:1). İndi olduğu kimi, o vaxtlar da İsanın davamçıları müxtəlif sınaqlarla üzləşirdilər və çox yəqin ki, bu sınaqlara görə onlar fikir çəkirdilər (1 Butrus 1:6, 7). Onların çətinliklərindən agah olan Butrus eramızın 62—64-cü illərində ürəyi isindirən, çox ruhlandırıcı bir məktub yazdı (1 Butrus 5:12).

 Butrus məktubunun sonunda sınaqlarla üzləşənlərə ürək-dirək verir. Həmçinin qeyd edir ki, əgər onlar təvazökar olub Allaha etibar etsələr, əmin ola bilərlər ki, Allah onlara sonacan dözməyə kömək edəcək (1 Butrus 5:5—10). Butrusun sözləri bu gün də təqiblərlə üzləşən məsihilərə cəsarət verə bilər.

 Bu qısa videoya baxın və «1 Butrus» kitabı ilə tanış olun.