Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«İstədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allah» (Efeslilərə 3:20)

«İstədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allah» (Efeslilərə 3:20)

 «Bizdə fəaliyyət göstərən gücü vasitəsilə xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir olan Allaha... alqış olsun» (Efeslilərə 3:20, 21, «Yeni Dünya Tərcüməsi»).

 «Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha... izzət bütün nəsillər boyunca əbədi olsun» (Efeslilərə 3:20, 21, Müqəddəs Kitab şirkəti, 2009).

Efeslilərə 3:20 ayəsinin mənası

 Həvari Bulus əmin idi ki, Allah xidmətçilərinin dualarına onlar üçün mümkünsüz görünən, heç təsəvvür belə etmədikləri tərzdə cavab verə bilər.

 «Bizdə fəaliyyət göstərən gücü vasitəsilə». Allah bizə Onun niyyətini yerinə yetirməyimiz üçün güc-qüvvət verə bilər (Filippililərə 4:13).

 20-ci ayədə Həvari Bulus Yehovanın a xidmətçilərinə kömək etməyə qadir olduğuna dair xüsusi bir məqamı vurğulayır. Bu ayə ilə bağlı bir lüğətdə belə yazılıb: «Bu ayədə Allahın nəyisə sadəcə edə biləcəyi və ya etməsinin mümkün olduğu nəzərdə tutulmur. Ayədə Onun istədiyini etmək üçün lazımi gücə sahib olduğu nəzərdə tutulur». İnsanlardan fərqli olaraq, Yehova xidmətçilərinin qayğısına qalmaq və ya onların duasına cavab vermək üçün lazım olan hər şeyi edə bilər. Yalnız O, hədsiz qüvvəyə və möhtəşəm gücə sahibdir (Əşiya 40:26).

 «Xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir olan Allah». Yehova xidmətçilərinin təsəvvür edə biləcəyindən «qat-qat artığını» etməyə qadirdir. İnsan Yehovanın ona müəyyən şəkildə kömək edəcəyini gözləyir. Yehova isə xidmətçilərinə kömək etmək üçün onların gözlədiyindən də artığını edə bilər.

 «Xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını» ifadəsindən başqa bir şey də öyrənirik. Həvari Bulus istəyirdi ki, məsihilər Allahın onlara gözləmədikləri tərzdə kömək etməyə qadir olduğunu başa düşsünlər. Bir Müqəddəs Kitab tərcüməsində 20-ci ayənin birinci hissəsi belə tərcümə olunub: «[Allah] istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir»dir. Bəzən məsihiyə elə gələ bilər ki, onun problemi çox böyük və qəlizdir. Belə anlarda, ola bilsin, o, heç bilmir nə haqda dua etsin. Amma Yehova üçün başa düşə bilməyəcəyi və ya kömək edə bilməyəcəyi vəziyyət yoxdur. Vaxtı çatanda, O, istənilən problemi düşünmədiyimiz, mümkünsüz hesab etdiyimiz yolla həll edə bilər (Əyyub 42:2; Ərəmya 32:17). Eyni zamanda, O bizə sevinclə dözməyə güc verir (Yaqub 1:2, 3).

Efeslilərə 3:20 ayəsinin konteksti

 Bulus «Efeslilərə» məktubunu Kiçik Asiyada yerləşən Efes şəhərindəki (müasir Türkiyənin ərazisi) məsihilərə ünvanlamışdı. Məktubda Bulus onlar üçün etdiyi duadakı fikirləri yazmışdı (Efeslilərə 3:14—21). O dua etmişdi ki, məsihilər İsanın düşüncə və davranışını örnək götürsünlər və beləcə, Məsihin məhəbbətini dərk etsinlər. Bulus duasını Allaha alqış etməklə və Efeslilərə 3:20, 21 ayələrindəki sözlərlə yekunlaşdırır.

 Bu qısa videoya baxın və «Efeslilərə» kitabı ilə tanış olun.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» adlı məqaləni oxuyun.