MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI
«Yer üzündə Onun [Allahın] razı olduğu insanlara sülh olsun!» (Luka 2:14)
«Göylərdəki Allahımıza alqış olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!» (Luka 2:14, «Yeni Dünya Tərcüməsi»)
«Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!» (Luka 2:14, Müqəddəs Kitab şirkəti, 2009)
Luka 2:14 ayəsinin mənası
İsa doğulan zaman mələklərin söylədiyi bu alqış sözləri göstərir ki, İsaya iman edənlər həm Allahın razılığını qazana, həm də Onun verdiyi sülhə sahib ola bilərlər.
«Göylərdəki Allahımıza alqış olsun!» Bu sözlərlə mələklər Allahın alqışa layiq olduğunu vurğulayırlar. Bundan əlavə, bu alqış sözləri ilə onlar İsanın dünyaya gəlişinin və yer üzü həyatının Yehova a Allahın adına izzət gətirəcəyinə işarə edirdilər. Məsələn, İsa verdiyi təlimə görə izzəti həmişə Allaha verirdi. O demişdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir» (Yəhya 7:16—18). İsanın möcüzələrini görən insanlar «Allahı mədh etməyə» başlayırdılar (Luka 5:18, 24—26; Yəhya 5:19). İsanın ölümü belə Allaha şərəf gətirdi. Bu, Allahın Öz niyyətini yerinə yetirməsi üçün qapı açdı. Onun niyyəti isə saleh və sülhsevər insanların yer üzündə əbədi yaşamasıdır (Yaradılış 1:28).
«Yerdə... sülh nəsib olsun». Bu, sadəcə dinclik dövründə yaşanan sülh deyil, Yehovanın ondan razı olduğunu bildiyi zaman insanın hiss etdiyi daxili sülh, sakitlikdir. İsanın sayəsində insanlar Allahla sülhdə ola bilirlər (Yaqub 4:8). Allahın Padşahlığının Padşahı olan İsa Məsih bütün yer üzünə əbədi sülh gətirəcək (Zəbur 37:11, Luka 1:32, 33).
«Onun bəyəndiyi insanlar». Bu ifadə Allahın rəğbətini qazanmış, yəni Allaha və Onun göndərdiyi İsa Məsihə iman edən insanlara aid işlənir. Ayədəki ifadə onu bildirmir ki, Allah əməllərindən asılı olmayaraq bütün insanları bəyənir. «Kral Yakovun Müqəddəs Kitabı»nda bu ifadə «insanlara qarşı yaxşı münasibət» kimi tərcümə olunub. Bununla belə köhnə, etibarlı yunan əlyazmaları bu ifadənin «Yeni Dünya Tərcüməsi»ndə və digər çoxsaylı müasir tərcümələrdə düzgün verildiyini təsdiq edir. Tərcümələr Allahın bəyəndiyi insanlar arasında sülh olduğu fikrini tam çatdırır (« Luka 2:14 ayəsi digər tərcümələrdə» yarımbaşlığına baxın).
Luka 2:14 ayəsinin konteksti
«Luka» kitabının ikinci fəslində İsanın yer üzü həyatının erkən çağları təsvir olunub. İsanın dünyaya gəlməsindən qısa müddət sonra mələk «çöldə qalıb gecələr sürülərinin keşiyini» çəkən çobanlara göründü (Luka 2:4—8) b. Mələk çobanlara «insanlara bəxtiyarlıq bəxş edəcək müjdəni» çatdırdı. O dedi: «Bu gün Davudun şəhərində sizin üçün xilaskar, Ağa Məsih doğulub» (Luka 2:9—11). Mələk çobanlara körpənin harada olduğunu dedi. Sonra onlar saysız-hesabsız mələklərin Allaha həmd etdiyinin şahidi oldular. Beytləhmə çatanda çobanlar Yusif, Məryəm və körpə İsanı tapdılar (Luka 2:12—16). Bu möhtəşəm hadisədən sonra çobanlar «görüb-eşitdikləri hər şey üçün Allaha həmd-səna edə-edə geri qayıtdılar» (Luka 2:17—20).
Luka 2:14 ayəsi digər tərcümələrdə
«Ən ucalarda olan Allaha izzət; Və yer üzündə razı olduğu adamlara sülh olsun» (Luka 2:14, İncil, 1993).
«Ən ucalarda olan Allaha izzət; Və yer üzündə adamlara sülh, razılıq olsun!» (Luka 2:14, İncil, 1996).
Bu qısa videoya baxın və «Luka» kitabı ilə tanış olun.
a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsini oxuyun.
b Çobanların çöldə gecələməsi göstərir ki, həmin hadisə qışda baş verməyib. Bu haqda daha çox öyrənmək üçün «İsa peyğəmbər nə zaman doğulub?» adlı məqaləni oxuyun.