Dünyanın sonu nə vaxt gələcək?
Müqəddəs Yazıların cavabı
Dünyanın sonunun nə vaxt gələcəyini bilmək üçün Müqəddəs Kitabda «dünya» sözünün hansı mənada işləndiyini başa düşmək lazımdır. Yunan sözü olan koʹsmos, adətən, «dünya» kimi tərcümə edilir və çox vaxt bəşəriyyəti, xüsusilə də Allahdan uzaq bəşəriyyəti nəzərdə tutur (Yəhya 15:18, 19; 2 Butrus 2:5). Vaxt keçdikcə, koʹsmos sözü insan cəmiyyətinin strukturunu vurğulamaq üçün istifadə edilməyə başladı a (1 Korinflilərə 7:31; 1 Yəhya 2:15, 16).
«Dünyanın sonu» nə deməkdir?
«Dünyanın sonu» ifadəsi bir çox Müqəddəs Kitab tərcümələrində həmçinin «dövrün yekunu» kimi də istifadə edilir (Mətta 24:3). Bu ifadə yer kürəsinin və ya ümumbəşərin yox, insan cəmiyyətinin strukturunun məhvini bildirir (1 Yəhya 2:17).
Müqəddəs Kitab açıqlayır ki, «pislərin kökü kəsiləcək» yaxşı insanlar isə yer üzünə sahib olacaq (Zəbur 37:9—11). Bu məhv «böyük müsibət»in kulminasiya nöqtəsi olan Armageddon müharibəsi zamanı baş verəcək (Mətta 24:21, 22; Vəhy 16:14, 16).
Dünyanın sonu nə vaxt gələcək?
İsa peyğəmbər demişdi: «O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir» (Mətta 24:36, 42). O, həmçinin əlavə etmişdi ki, sonun nə vaxt gələcəyi məlum deyil, yəni «gözləmədiyiniz saatda gələcək» (Mətta 24:44).
Biz günü və saatı bilməsək də, İsa Məsih dünyanın sonundan xəbər verən «əlamət» və ya hadisələrdən danışmışdı (Mətta 24:3, 7—14). Müqəddəs Kitabda bu dövr «axırzaman», «axır günlər» və «son günlər» kimi verilir (Dənyal 12:4; 2 Timutiyə 3:1—5; İncil 1996).
Bəs ondan sonra nəsə qalacaq?
Bəli, yer kürəsi qalacaq. Müqəddəs Kitabda deyilir ki, yerüzü «heç vaxt yerindən [tərpənməyəcək]» (Zəbur 104:5). Yerüzü insanlarla dolacaq. Müqəddəs Kitab vəd edir ki, «salehlər yerə sahib olacaq,
orada əbədi yaşayacaqlar» (Zəbur 37:29). Allah yer üzündə əzəli niyyətinə uyğun şərait yaradacaq:
Cənnət (Əşiya 35:1; Luka 23:43).
Təhlükəsizlik və dinc şərait (Mikə 4:4).
Mənalı və məmnunluq gətirən iş (Əşiya 65:21—23).
Xəstəlik və qocalıq olmayan həyat (Əyyub 33:25; Əşiya 33:24).
a Yunan sözü olan ai·onʹ da bəzi Müqəddəs Kitab tərcümələrində «dünya» kimi verilir. Bu kimi tərcümələrdə koʹsmos sözü ilə eyni mənanı daşıyır və insan cəmiyyətinin strukturunu nəzərdə tutur.