«Göz əvəzinə göz» ifadəsinin mənası nədir?
Müqəddəs Kitabın cavabı
«Göz əvəzinə göz» qanunu Allahın Musa peyğəmbər vasitəsilə qədim israillilərə verdiyi qanunlara daxil idi. İsa Məsih Dağüstü vəzində bu qanuna istinad etmişdi (Mətta 5:38; Çıxış 21:24, 25; Qanunun təkrarı 19:21). Bu qanunun mənası o idi ki, günahkar etdiyi cinayətə müvafiq cəzalandırılmalı idi a.
Bu qanun bir insanın başqa insana qarşı qəsdən törətdiyi xatalı hərəkətlərə tətbiq edilirdi. Bilə-bilə cinayət törədən insanla bağlı Musanın qanununda deyilirdi: «Sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; başqasına hansı zədəni yetiribsə, ona da eyni zədə yetirilməlidir» (Lavililər 24:20).
«Göz əvəzinə göz» qanununun məqsədi nə idi?
«Göz əvəzinə göz» qanunu insana qisas almaq hüququ vermirdi. Əksinə, bu qanun hakimlərə törədilən cinayətə münasib cəza təyin etməyə kömək edirdi. Bu cəza nə həddən artıq sərt, nə də həddən artıq yumşaq olmalı idi.
Bu qanun həmçinin bilərəkdən başqalarına qarşı hər hansı bir zərər yetirməyin və ya fəsad törətməyin qarşısını alırdı. Qanunda deyilirdi: «Başqaları [Allahın ədaləti necə bərpa etdiyi müşahidə edənlər] bunu eşidib qorxacaq və bir də aranızda heç kim belə yamanlıq etməyəcək» (Qanunun təkrarı 19:20).
«Göz əvəzinə göz» qanunu məsihilərə tətbiq edilir?
Xeyr, bu qanun məsihilərə aid deyil. Bu qanun Musanın qanununa daxil idi. Musanın qanunu isə İsa Məsihin özünü qurban verməsi nəticəsində ləğv olundu (Romalılara 10:4).
Hər necə olsa da, bu qanun Allahın nöqteyi-nəzərini anlamağa kömək edir. Məsələn, bu qanun Allahın ədalətə önəm verdiyini göstərir (Zəbur 89:14). Həmçinin o, Allahın ədalət meyarını aşkar edir. Onun ədalət meyarı odur ki, günahkar «lazımi ölçüdə islah» edilməlidir (Ərəmya 30:11).
«Göz əvəzinə göz» qanunu ilə bağlı yanlış fikirlər
Yanlış: «Göz əvəzinə göz» qanunu həddən artıq sərt qanun idi.
Doğru: Bu qanun ədaləti bərpa etmək naminə həddindən artıq sərt və amansız cəza tətbiq etməyə yol vermirdi. Onun lazımi qaydada tətbiq olunması o demək idi ki, hakimlər yalnız vəziyyəti nəzərdən keçirəndən və qəsdən törədilən cinayətin ağırlığı barədə götür-qoy edəndən sonra hər hansı bir cəza təyin edə bilərdi (Çıxış 21:28—30; Saylar 35:22—25). Beləliklə, «göz əvəzinə göz» qanunu cəza tədbirində ifrata varmamaq üçün məhdudiyyət rolunu oynayırdı.
Yanlış: «Göz əvəzinə göz» qanunu şəxsi qisasın sonsuzadək davam etməsinə səbəb olurdu.
Doğru: Musanın qanununda deyilirdi: «Qisas almayın. Soydaşınıza kin saxlamayın» (Lavililər 19:18). Həmçinin qanun insanları təşviq edirdi ki, qisası Allahın öhdəsinə buraxsınlar və Onun ədaləti bərqərar etmək üçün təsis etdiyi hüquqi sistemə arxalansınlar (Qanunun təkrarı 32:35).
a Bu hüquqi prinsip (bəzən latın termini olan «leks talionis» kimi ifadə olunur) bəzi digər qədim cəmiyyətlərin də hüquq sistemində öz əksini tapıb.