Müqəddəs Kitabda pornoqrafiya haqda nə deyilir? Kiberseksdə pis nə var?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitabda birbaşa olaraq pornoqrafiyanın, kiberseksin və buna bənzər digər şeylərin adı çəkilmir. Lakin orada Allahın nikahdan kənar cinsi əlaqəyə baxışı və sekslə bağlı təhrif edilmiş fikirlərə münasibəti aydın şəkildə göstərilir. Bir neçə ayəyə nəzər salaq:
«Torpaqdan yaradılmış bədəninizin üzvlərindəki meyilləri — cinsi əxlaqsızlığa, natəmizliyə, şəhvətə, ehtirasa... meyilləri öldürün» (Koloslulara 3:5). Pornoqrafiya əxlaqsız arzuları öldürmək əvəzinə, onları alovlandırır və insanı Allahın gözündə natəmiz, murdar edir.
«Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Matta 5:28). Cinsi əxlaqsızlığı əks etdirən səhnələr insanda səhv hərəkətlərə sürükləyəcək fikirləri alovlandırır.
«Cinsi əxlaqsızlığı, hər cür natəmizliyi və ya acgözlüyü dilinizə belə gətirməyin» (Efeslilərə 5:3). Biz əyləncə xatirinə nəinki cinsi əxlaqsızlığa baxmalı və onun haqqında oxumalı, hətta bu barədə dilimizə söz belə gətirməməliyik.
«Günahlı bədənin əməlləri bəllidir. Bunlar: cinsi əxlaqsızlıq, natəmizlik... və sairədir. Əvvəlki kimi, sizi yenə də xəbərdar edirəm: belə işlərlə məşğul olanlar Allahın padşahlığına girməyəcəklər» (Qalatiyalılara 5:19—21). Allah pornoqrafiyaya baxan, kibersekslə, telefon seksi ilə və ya sekstinqlə məşğul olanları natəmiz, mənən murdarlanmış hesab edir. Bu işlərlə məşğul olanlar Allahın gözündən tamamilə düşə bilərlər.