Nəyə görə bu qədər çox məsihi məzhəbləri var?
Müqəddəs Yazıların cavabı
İnsanlar İsa Məsihin təlimlərindən istifadə edərək müxtəlif «məsihi» məzhəbləri yaratmışdılar. Lakin Müqəddəs Kitaba əsasən, yalnız bir həqiqi məsihi yolu var. Bunun nəyə görə belə olduğunun üç səbəbinə baxaq.
İsa peyğəmbər demişdi ki, o, «həqiqəti» öyrədir. Erkən məsihilər də «həqiqət yolu»nda idilər (Yəhya 8:32; 2 Butrus 2:2; 2 Yəhya 4; 3 Yəhya 3). Bu ifadələr göstərir ki, İsa peyğəmbərin təlimlərinə zidd ehkamlar yayan insanlar əsil məsihi yolu ilə getmirlər.
Müqəddəs Kitab öyrədir ki, məsihilərin arasında «fikir birliyi» olmalıdır (1 Korinflilərə 1:10). Ancaq məsihi məzhəblərinin çoxu məsihiliyə xas olan əsas təlimləri qəbul etmir. Belə məzhəblər həqiqi ola bilməz (1 Butrus 2:21).
İsa peyğəmbərlik etmişdi ki, çoxu məsihi olduğunu iddia edəcək, ancaq onun əmrlərinə əməl etməyəcəklər və o, bu cür insanları inkar edəcək (Mətta 7:21—23; Luka 6:46). Bəzi insanlar həqiqi dini şəxsi maraqları ilə korlayan din rəhbərləri tərəfindən aldadılırlar (Mətta 7:15). Lakin digər insanlar qulaqlarına xoş gələn şeyləri yox, Müqəddəs Kitab həqiqətlərinə qulaq asmaq istədikləri üçün məsihiliyə uyğun yaşamağı üstün tutacaqlar (2 Timutiyə 4:3, 4).
Buğda və alaq otları məsəlində İsa həqiqi məsihiliyə qarşı böyük üsyan (dönüklük) barədə peyğəmbərlik etmişdi (Mətta 13:24—30, 36—43). Uzun müddət həqiqi məsihiliklə saxta məsihilik arasındakı fərq hiss olunmayacaqdı. Ancaq İsa onu da peyğəmbərlik etmişdi ki, dönüklük həvarilərin ölümündən sonra inkişaf edəcək (Həvarilərin işləri 20:29, 30). Dönüklərin təlimləri bir–birindən fərqlənsə də, onların hamısı «həqiqətdən uzaqlaşıblar» (2 Timutiyə 2:18).
İsa həmçinin peyğəmbərlik etmişdi ki, nəhayət həqiqi və saxta məsihilik arasındakı fərq aydın seziləcək. Bu, bizim dövrdə, yəni «dövrün yekunu»nda baş verdi (Mətta 13:30, 39).