Kontentə keç

Müqəddəs Kitabda Dənyal barədə nə deyilir?

Müqəddəs Kitabda Dənyal barədə nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Dənyal eramızdan əvvəl VII—VI-cı əsrlərdə yaşamış görkəmli yəhudi peyğəmbəri idi. Allah ona yuxuları yozmaq qabiliyyəti vermiş, gələcək hadisələr barədə görüntülər göstərmiş və adını daşıyan Müqəddəs Kitab bölməsini yazdırmışdı (Dənyal 1:17; 2:19).

Dənyal kim olub?

 Dənyal Yəhudada boya-başa çatıb. Yerusəlim şəhəri və məbəd də Yəhudada yerləşirdi. Eramızdan əvvəl 617-ci ildə Babil padşahı Navuxodonosor Yerusəlimi zəbt etdi və «ölkənin ən nüfuzlu adamlarını» Babilə sürgün etdi (2 Padşahlar 24:15; Dənyal 1:1). Həmin vaxt böyük ehtimal ki, yeniyetmə olan Dənyal da onlarla sürgün edildi.

 Dənyal və bəzi digər gənclər (onların arasında Sədrah, Misah və Abidnağu da var idi) padşah sarayına gətirildilər. Orada onlar dövlət vəzifələrində xidmət etmək üçün xüsusi təlim keçməli idilər. Onlara imanlarına zidd gedən şeyləri etmələri üçün təzyiq göstərilsə də, Dənyal və onun üç dostu Yehova Allaha sadiq qaldılar (Dənyal 1:3—8). Üç il təlim müddəti bitəndən sonra Navuxodonosor padşah onları hikmət və qabiliyyətlərinə görə təriflədi, çünki onlar «bütün səltənətdəki kahinlərin və ruhçağıranların hamısından onqat [üstün]» idilər (Dənyal 1:18—20).

 Onilliklər sonra Dənyal təxminən 90 yaşlarında olanda onu saraya çağırdılar. Həmin vaxt Babildə hakimiyyət sürən Bəlşəzzar Dənyaldan xahiş etdi ki, divarda möcüzəvi şəkildə peyda olan yazının mənasını açıqlasın. Allahın köməyilə Dənyal Babilin Mada-Fars imperiyası tərəfindən zəbt olunacağını açıqladı. Babil elə həmin gecə zəbt olundu (Dənyal 5:1, 13—31).

 Mada-Fars imperiyasının dövründə Dənyala sarayda yüksək vəzifə verildi. Şah Dara onun vəzifəsini daha da artırmaq istəyirdi (Dənyal 6:1—3). Dənyala paxıllıq edən məmurlar ona qarşı sui-qəsd qurub şirlər quyusuna atılmasına nail oldular. Lakin Yehova Dənyalı xilas etdi (Dənyal 6:4—23). Ömrünün sonuna yaxın mələk Dənyala görünərək iki dəfə onu «istəkli bəndə» deyə çağırdı (Dənyal 10:11, 19).

 Dənyalın həyatından bəhs edən ikihissəli «Dənyal. İmanla keçən ömür» filminə baxın.