Müqəddəs Kitabda qəzəb haqda nə deyilir?
Müqəddəs Kitabın cavabı
Müqəddəs Kitabda yazılıb ki, qarşısıalınmaz qəzəb həm bu hissləri keçirən insanın, həm də ətrafındakı insanların zərərinədir (Məsəllər 29:22). Bəzən qəzəb hissinə haqq qazandırmaq olar, amma Allahın Kəlamında daima qəzəblənən insanın xilas olmayacağı qələmə alınıb (Qalatiyalılara 5:19—21). Orada qəzəbi boğmaq üçün insanların köməyinə çatacaq prinsiplər yer alır.
Qəzəblənmək həmişə yanlışdır?
Xeyr. Bəzi vəziyyətlərdə qəzəb hissinə haqq qazandırmaq olar. Məsələn, mömin insan Nəhəmya dindaşlarından bəzilərinin giley-güzar etdiyini eşidəndə bərk hirslənmişdi (Nəhəmya 5:6).
Bəzən Allah da qəzəblənir. Məsələn, qədimdə Yehovanın xalqı yalnız Ona ibadət etməli olduqlarına dair əhdi pozanda və saxta allahlara sitayiş etməyə başlayanda «Yehovanın [onlara] qarşı qəzəbi» kükrəmişdi (Hakimlər 2:13, 14). Buna rəğmən, qəzəb hissi Yehova Allahı səciyyələndirən başlıca cəhət deyil. Onun qəzəblənməyə həmişə haqlı səbəbləri var, üstəlik, O, bu hissləri cilovlamağa da qadirdir (Çıxış 34:6; Əşiya 48:9).
Qəzəblənmək nə vaxt yanlışdır?
Qarşısıalınmaz və yersiz qəzəb düzgün deyil. Adətən, qeyri-kamil insanların keçirdiyi qəzəb bu cür olur. Məsələn:
Allah Qabilin qurbanından razı qalmayanda o, «bərk [qəzəblənmişdi]». Qabil yol vermişdi ki, bu qəzəb qardaşını öldürəcək səviyyəyə çatsın (Yaradılış 4:3—8).
Allah neynəvalılara mərhəmət göstərəndə Yunus peyğəmbər «bərk [hirslənmişdi]». Allah peyğəmbərə hirslənməyin düzgün olmadığını və peşmançılıq keçirən bu insanlara rəhm etməli olduğunu deyərək ona düzəliş etmişdi a (Yunus 3:10—4:1, 4, 11).
Bu nümunələr göstərir ki, qeyri-kamil «insanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaqub 1:20).
Qəzəbi necə cilovlaya bilərsiniz?
Qarşısı alınmayan qəzəbin təhlükəli olduğunu qəbul edin. Bəziləri düşünə bilər ki, qəzəbi büruzə vermək güc-qüvvətin göstəricisidir. Əslində isə bu, zəifliyin əlamətidir. «Təmkinsiz adam divarı uçurulmuş, divarsız şəhərə bənzəyir» (Məsəllər 25:28; 29:11). Qəzəbimizi cilovlamaq bacarığını təkmilləşdirəndə əsl güc-qüvvət və bəsirət nümayiş etdiririk (Məsəllər 14:29). Müqəddəs Kitabda deyilir: «Səbrini basan güclü adamdan yaxşıdır» (Məsəllər 16:32).
Qəzəbinizi peşman olacağınız şeyləri etməzdən öncə boğun. Zəbur 37:8 ayəsində deyilir: «Qəzəbi burax, hiddətdən çəkin, dilxor olub şərə əl atma». Yadda saxlayın ki, qəzəblənəndə bizim bir seçimimiz var — «şərə əl atma»dan onu boğa bilərik. Efeslilərə 4:26 ayəsində deyilir ki, «qəzəblənsəniz də günah işləməyin».
Qəzəbiniz alovlanmağa başlayanda, mümkünsə, olduğunuz yerdən uzaqlaşın. Müqəddəs Kitabda deyilir: «Davanı başlamaq su bəndini açmağa bənzər; dava başlamamış oradan uzaqlaş» (Məsəllər 17:14). Başqaları ilə yaranan mübahisəli məsələləri dərhal həll etmək ağıllı hərəkət olardı, amma məsələni dava-dalaşsız müzakirə etmək üçün əvvəlcə hər ikinizin sakitləşməyə ehtiyacı ola bilər.
Məsələni hərtərəfli araşdırın. Məsəllər 19:11 ayəsində yazılıb: «Anlayış hiddəti ləngidər». Bir nəticəyə gəlməzdən öncə bütün faktları öyrənsək, müdrik hərəkət etmiş olarıq. Məsələni diqqətlə və hərtərəfli dinləyəndə, demək olar ki, qəzəbimiz soyuyur (Yaqub 1:19).
Qəlb rahatlığı üçün dua edin. Dua sayəsində «Allahın hər bir ağıldan üstün olan sülhü»nə sahib ola bilərsiniz (Filippililərə 4:7). Dua Allahın müqəddəs ruhunu almağımızın ən əsas yollarından biridir. Bu ruh bizdə sülh, səbir və özünə hakim olmaq kimi xüsusiyyətlər hasil edir (Luka 11:13; Qalatiyalılara 5:22, 23).
Ünsiyyət dairənizi diqqətlə seçin. Biz ətrafımızdakı insanlara bənzəməyə meyilliyik (Məsəllər 13:20; 1 Korinflilərə 15:33). Müqəddəs Kitabda əbəs yerə yazılmayıb: «Özündən tez çıxanla yoldaş olma, hirsli adamla oturub-durma. Yoxsa onun yollarına alışarsan, özünü tora salarsan» (Məsəllər 22:24, 25).
a Allah Yunus peyğəmbərlə bağlı Müqəddəs Kitab parçasını onun özünə yazdırmışdı. Bundan açıq-aydın görünür ki, Yunus düzəlişi qəbul etmiş və hirsinin soyumasına yol vermişdi.