Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Nəyə görə insanlara kömək etməliyəm?

Nəyə görə insanlara kömək etməliyəm?

Çoxlarının bilmədiyi iki sirr

  Sirr 1: İnsanlara qarşı əliaçıq olsan, çox ehtimal ki, onlar da səninlə belə davranacaqlar!

 Sənin səxavətli olmağın başqalarının diqqətindən yayınmayacaq. Müqəddəs Kitabda bu fikir belə ifadə olunub:

  •  «Həmişə verin, onda sizə də verəcəklər... Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər» (Luka 6:38).

  •  Başqa sözlə, sən insanlara qarşı necəsənsə, onlar da sənə qarşı o cür olacaqlar.

 Sirr 2: Kiməsə kömək edəndə özünə kömək etmiş olursan!

 Başqalarına əl tutmaq özünəhörmət hissini artıracaq və sənə məmnunluq gətirəcək. Müqəddəs Kitabda bu fikir belə ifadə olunub:

  •  «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

  •  «Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda ürəyin şad olacaq, çünki bu adamların sənə verməyə heç nələri yoxdur» (Luka 14:13, 14).

Qayğıkeş gənclər

  Qayğıkeş gənclər hər yerdə var! Bu da onlardan bəziləri:

 «Hərdən divanda oturub televizora baxanda birdən yadıma düşür ki, valideynlərim işdən yorğun halda gələcəklər. Tez ayağa durub qabları yuyuram, evi tozsoranlayıram, tozları silirəm və qəhvə hazırlayıram, çünki onlar qəhvəni sevirlər. Anam evə gələndə deyir: “Hər yerdən gül yağır. Hələ bu gözəl qəhvə ətrini demirəm. Çox sağ ol, mənim balam!” Atamla anamın bəyəndiyi işləri görmək mənə xoş gəlir» (Keysi).

 «Valideynlərim həmişə mənə dayaq olublar və ehtiyacım olan hər şeylə təmin ediblər. Keçən il maşınlarını ilə bağlı böyük problem yarananda yığdığım puldan xeylisini onun təmiri üçün vermişdim. Onlar götürmək istəməsələr də, mən israr etdim. Valideynlərim bundan da artığına layiqdirlər. Səxavətli olmaq və onlar üçün nə isə etmək çox əladır» (Holi).

 Bilirsən? Yehovanın Şahidi olan bir çox gənclər Allah haqqında təbliğ etməklə başqalarına kömək edirlər. Hətta onlardan bəziləri bunun üçün başqa ölkələrə köçmüşlər.

 «İnsanlara Müqəddəs Kitabı öyrənməyə kömək etmək üçün ABŞ-dan Meksikaya köçdüm. Bəzən kiməsə verməyə pulun, yaxud da hədiyyə almaq imkanın olmur. Amma görürəm ki, vaxtımı və gücümü xidmətə sərf edəndə insanlar bunu maddi şeylərdən daha çox qiymətləndirirlər» (Evan).

Başqalarına necə kömək edə bilərəm?

  Bəs sən verməyin gətirdiyi xoşbəxtliyi dadmaq üçün nə edə bilərsən? Aşağıdakı məsləhətlərə nəzər sal.

 Ailə üzvlərinə kömək:

  •  Kimsə sənə deməmiş özün evi yığışdır, tozsoranla, qabları yu

  •  Xörək hazırla

  •  Valideynlərinə açıqca yazıb minnətdarlığını bildir

  •  Bacı, yaxud qardaşına ev tapşırıqlarını etməyə kömək et

 Başqalarına kömək:

  •  Xəstə olanlara açıqca yaz göndər

  •  Yaşlı qonşunuza həyət-bacanı yığışdırmağa kömək et

  •  Evdən çölə çıxa bilməyənlərə baş çək

  •  Həyatının çətin anlarını yaşayan kiməsə hədiyyə ver

 Məsləhət. Daha necə kömək edə biləcəyini fikirləş. Sonra qarşına bu həftə ərzində bir nəfərə kömək etmək məqsədini qoy. Bunun nə qədər xoş olduğunu görəndə özün də təəccüblənəcəksən!

 «Kiməsə kömək etmək xoşbəxtlik gətirir. Çünki layiqli iş görmək və başqalarının buna dəyər verdiyini bilmək çox xoşdur. Əvvəl-əvvəl belə görünməsə də, amma kiməsə xeyirxahlıq etmək hətta əyləncəli ola bilər. Nəyisə itirdiyini düşünmürsən, çünki axırda çox şey əldə edirsən» (Alana).