GƏNCLƏRİN SUALLARI
Valideynlərim boşanır. Bu vəziyyətə necə uyğunlaşım?
Uşaqlar üçün ən çətin vəziyyətlərdən biri valideynlərinin boşanmasıdır. Belə vəziyyətdə nə edə bilərsən?
Bu məqalədə
Qaçınmalı olduğun üç şey
1. Özünü günahlandırma
«Bir dəfə anam mənə dedi ki, atamla aralarında problemlər mən doğulandan sonra başlamışdı. Ona görə də elə düşünürdüm ki, onların boşanmasının səbəbi mənəm» (Diana).
Unutma: Boşanmanın səbəbkarı sən deyilsən. Səbəb valideynlərinin arasında olan problemlərdir. Bu problemləri sən yaratmamısan və sən həll edə bilmərsən. Aralarında yaranan problemləri həll etmək onların borcudur.
2. Kin saxlama
«Atam anama xəyanət etdiyi üçün atama qəzəbliyəm. Ona yenidən etibar etmək mənə çətin olacaq» (Rianna).
Unutma: Ola bilsin, valideynlərinin arasında baş verənlərə görə həm qəzəbli, həm də kədərlisən. Bu hisslərin səbəbsiz deyil. Amma kin saxlamaq sağlamlığın üçün zərərlidir. Bu sənə həm fiziki, həm də mənəvi xətər yetirəcək. Belə bir deyim var: «Kin saxlamaq ona bənzəyir ki, zəhəri özün içib qarşındakı insanın zəhərlənməsini gözləyirsən» a.
3. Düşünmə ki, sənin xoşbəxt ailən olmayacaq
«Qorxuram ki, mən də atamın yolu ilə gedim. Düşünürəm ki, ailə qursam və uşaqlarım olsa, mən də valideynlərimin boşanmasına səbəb olan addımları atacam» (Cesika).
Unutma: Valideynlərinin nikahının uğursuz olması o demək deyil ki, sənin də nikahın uğursuz olacaq. Əslində, sən onlardan ibrət götürə bilərsən. Məsələn, gələcək həyat yoldaşında görmək istədiyin xüsusiyyətlərə daha çox diqqət yetirə bilərsən. Valideynlərinin uğursuz nikahından öyrəndiklərin sənə yaxşı həyat yoldaşı olmaq üçün lazım olan xüsusiyyətləri yetişdirməyə kömək edə bilər.
Edə biləcəyin üç şey
1. Danış. Mənfi hisslərini ürəyində saxlayan insanlar, adətən, pis vərdişlərə qurşanırlar. Məsələn, spirtli içkilərə, narkotik maddələrə aludə olurlar. Bu insanların yolu ilə getmə. Aşağıdakı məsləhətlərə əməl et:
Valideynlərinlə danış. Əgər valideynlərindən biri və ya hər ikisi sənə aralarındakı problemlərdən danışırsa və tərəf tutmağa məcbur edirsə, bunun sənə necə təsir etdiyini hörmətcil, amma qəti şəkildə izah et. Əgər sənə onlarla üz-üzə danışmaq çətindirsə, məktub yaza bilərsən.
Etibar etdiyin dostunla danış. Dərdini dinləyəcək dostun olsa, bunun sənə böyük köməyi dəyəcək. Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər, O, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
Ürəyindəkiləri Allaha danış. «Duaları eşidən» Yehova Allah səni həmişə dinləməyə hazırdır (Zəbur 65:2). Müqəddəs Kitabda məsləhət görülür ki, bütün qayğılarını Yehovanın üzərinə qoyasan, çünki O sənin qayğını çəkir (1 Butrus 5:7).
Valideynlərindən hansı ilə sakit, hörmətcil şəkildə danışa bilərsən?
Dostlarından kim (həmyaşıdın və ya səndən böyük) sənə bu çətinliyə dözməyə kömək edə bilər?
Konkret nə barədə dua edə bilərsən?
2. Dəyişikliyə uyğunlaş
Ola bilsin, valideynlərin ayrıldığı üçün evini, məktəbini dəyişməli, yeni dostlar tapmalı olacaqsan. Bəlkə də, büdcənizə qənaət etmək lazım gələcək. Təbii ki, bütün bunlar sənin üçün xoş olmayacaq. Buna görə həyatının alt-üst olduğunu düşünə bilərsən. Bəs bu çətinliklərə uyğunlaşmağa sənə nə kömək edə bilər? Çalış diqqətini yeni şəraitə necə uyğunlaşa biləcəyinə cəmləyəsən.
Valideynlərin boşandığı üçün hansı böyük dəyişikliyi etməli olmusan?
Bu dəyişikliyə uyğunlaşmaq üçün hansı addımları ata bilərsən?
3. Özündəki gözəl keyfiyyətləri görməyə çalış
Valideynlərinin boşanması səni həddən artıq üzsə də, eyni zamanda sənə özündəki gözəl keyfiyyətləri görməyə də kömək edə bilər. Hətta özündə yeni gözəl keyfiyyətlər də yetişdirə bilərsən. On üç yaşı olanda valideynləri boşanan Ceremi deyir: «Valideynlərim boşanandan sonra daha məsuliyyətli olmağı öyrəndim. Mən evin böyük uşağıyam. Buna görə də anama kömək etməli və kiçik qardaşıma dayaq olmalı idim».
Valideynlərin boşanandan sonra özünün hansı güclü tərəflərini aşkar etmisən?
Hansı xüsusiyyətlərinin üzərində işləmək istəyərdin?
a Daha ətraflı məlumat almaq üçün «Qəzəbimi necə cilovlaya bilərəm?» adlı məqaləni oxu.