Kontentə keç

ERİTREYA

Əqidə məhbusları. Eritreya

Əqidə məhbusları. Eritreya

Uzun illərdir Eritreyada Yehovanın Şahidləri, o cümlədən qadınlar və yaşlılar rəsmi ittiham irəli sürülmədən və məhkəmənin qərarı olmadan dini fəaliyyətə və məlum olmayan digər səbəblərə görə həbs edilir. Prezident Afevorkinin 25 oktyabr 1994-cü il tarixli fərmanı ilə Yehovanın Şahidləri vətəndaşlıqdan məhrum edilib. Buna səbəb onların 1993-cü ildə ölkədə müstəqillik məsələsi üzrə keçirilmiş ümumxalq səsvermədə iştirak etməmələri və əqidələrinə görə hərbi xidmətdən imtina etmələri olub. Əvvəllər Eritreya hökuməti həqiqi mülki alternativ xidmət keçmək imkanı verirdi və bir çox Yehovanın Şahidləri müxtəlif dövlət orqanlarının nəzarəti altında bu xidməti icra edib. Xidmətin sonunda onlara «Milli xidməti bitirmə haqqında şəhadətnamə» verir, çoxlarına gördükləri işə görə minnətdarlıq elan edirdilər. Ancaq prezidentin fərmanını əldə rəhbər tutan təhlükəsizlik qüvvələri Yehovanın Şahidlərini imanlarından döndərmək məqsədilə onları həbsə salır, işgəncə verir və təhqirlərə məruz qoyur.

Altmış dörd Yehovanın Şahidi (34 kişi, 30 qadın) hələ də həbsdədir. 4 dekabr 2020-ci il tarixində əqidələrinə görə həbs edilmiş 28 Yehovanın Şahidi (26 kişi və 2 qadın) azad edildi. Onlar 5 ildən 26 ilədək həbsdə olmuşdu. 29 yanvar 2021-ci il tarixində 12 ildən çox həbsdə olmuş Yehovanın Şahidi olan bir kişi azadlığa buraxıldı. 1 fevral 2021-ci il tarixində isə dörd ildən doqquz ilədək həbsdə olmuş daha üç Yehovanın Şahidi (bir kişi, iki qadın) azadlığa buraxıldı.

Ağır şərait ucbatından Yehovanın Şahidləri həbsdə ölür

Eritreyada Yehovanın Şahidlərindən dörd nəfər həbsdə ikən, üç yaşlı Şahid isə həbsdən buraxılandan qısa müddət sonra olduqca ağır saxlama şəraiti ucbatından vəfat edib.

2018-ci ildə iki Yehovanın Şahidi May Serva həbsxanasına keçirildikdən sonra vəfat edib. 2018-ci il yanvarın 3-ü 76 yaşlı Habtemikael Tesfamariam, martın 6-sı isə 77 yaşlı Habtemikael Mekonen vəfat edib. Onların hər ikisi rəsmi ittiham irəli sürülmədən 2008-ci ildə həbs olunmuşdu.

2011 və 2012-ci illərdə iki Yehovanın Şahidi Mayter həbs düşərgəsində məruz qaldığı qeyri-insani, amansız rəftar nəticəsində həyatını itirib. 62 yaşlı Misgina Qebretinsay 2011-ci ilin iyul ayında «zirzəmi» kimi tanınan cəza zonasında şiddətli istidən ölüb. Təxminən dörd il Mayter düşərgəsində oxşar şəraitdə saxlanılan Yohannes Hayle 16 avqust 2012-ci il tarixində 68 yaşında vəfat edib. Üç yaşlı Yehovanın Şahidi — Kasay Mekonnen, Qoytam Qebrekristos və Tsehaye Tesfariam həbsdən azad edildikdən qısa müddət sonra Mayter düşərgəsində saxlanıldıqları ağır şərait nəticəsində vəfat edib.

Aparıcı insan hüquqları təşkilatlarının tövsiyələrinə məhəl qoyulmur

Eritreya hələ də insan hüquqları üzrə beynəlxalq normalara məhəl qoymur. İnsan hüquqları üzrə tanınmış təşkilatlar əsas azadlıqların pozuntusu hallarını mühakimə edir və Eritreyanı vəziyyəti düzəltməyə səsləyir.

2014-cü ildə BMT-nin İnsan Hüquqları Şurası Eritreyada insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçinin hesabatını dinləyib. Belə ki, xüsusi məruzəçi Eritreya hökumətini əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarına «beynəlxalq normalar çərçivəsində» hörmət etməyə və «bütün məhbusların fiziki toxunulmazlığına zəmanət verməyə, ehtiyacı olanların tibbi yardım almasını təmin etməyə. . . və həbsdə saxlanılanların şəraitini beynəlxalq normalara uyğunlaşdırmaqla yaxşılaşdırmağa» səsləyib. 2015-ci ildə qəbul edilmiş qətnamədə şura Eritreya hökumətini «əqidəyə görə hərbi xidmətdən imtina hüququnu təmin etməyə» çağırıb.

2016-cı ildə Eritreyada İnsan Hüquqlarının Pozuntusunu Araşdıran Komissiya müəyyən edib ki, Eritreya hökuməti Yehovanın Şahidlərini və başqalarını «dini və etnik zəmində təqib etməklə» «insanlığa qarşı cinayət törədib».

2017-ci ildə Uşaqların Hüquqları və Rifahı üzrə Mütəxəssislərin Afrika Komitəsi hüquqi bazanın olmasına baxmayaraq, «Yehovanın Şahidlərinin uşaqlarının» öz hüquqlarından istifadə edə bilməməsi və qəddar rəftara məruz qalması ilə əlaqədar öz narahatçılığını bildirib. Bu komitə Eritreya hökumətini «heç bir ayrı-seçkiliyə yol vermədən uşaqların fikir, vicdan və din azadlığı hüququnu tanımağa və onu tam şəkildə təmin etməyə» çağırıb.

2018-ci ildə İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyası Eritreyanı «Yehovanın Şahidləri də daxil olmaqla, həbsdə saxlanılanların hamısının əsas hüquqlarının pozuntusu probleminin həlli üçün təcili tədbirlər görməyə» və həbsdə olan Yehovanın Şahidlərinin ölüm hallarını araşdırmağa səsləyib. Komissiya xüsusi olaraq qeyd edib ki, Eritreya «onların vətəndaş hüquqlarının saxlanılmasını» təmin etməlidir.

2019-cu ilin may ayında BMT-nin İnsan Hüquqları Komitəsi Eritreyanı vicdan və din azadlığı hüququnun effektiv şəkildə həyata keçirilməsinə zəmanət verməyə və «Yehovanın Şahidləri də daxil olmaqla, din azadlığı hüquqlarından istifadə etdiklərinə görə tutulmuş, yaxud həbsə salınmış insanların hamısını azad etməyə» səsləyib. Bu komitə həmçinin Eritreyadan «əqidəyə görə hərbi xidmətdən imtina hüququnu qanunla tanımağı və əqidəyə görə hərbi xidmətdən imtina edənləri mülki xarakterli alternativ xidmətlə təmin etməyi» tələb edib.

12 may 2021-ci il tarixli hesabatında BMT-nin Xüsusi Məruzəçisi Eritreya hökumətini, «20 nəfər Yehovanın Şahidi də daxil olmaqla, heç bir ittiham irəli sürülmədən və ya məhkəmə araşdırılması aparılmadan iman və ya əqidələrinə görə həbsdə saxlanılan bütün insanları dərhal və qeyd-şərtsiz azad etməyə», eləcə də «Yehovanın Şahidlərinin dini mənsubiyyətlərinə görə vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərarları nəzərdən keçirməyə, Yehovanın Şahidlərinin vətəndaşlıq hüquqlarını qoruyub saxlamalarını təmin etmək üçün İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyasının tövsiyəsinə əməl etməyə və Yehovanın Şahidlərinin həbsdə ölüm hallarını araşdırmağa» səsləyib.

Müddətsiz həbslər

Yehovanın Şahidləri olan kişilərin əksəriyyəti müddətsiz olaraq — ta ölənə və ya ölümcül hala düşənədək heç bir ümid olmadan həbsdə saxlanılır. Daxili effektiv hüquq-müdafiə vasitələrinin olmadığı üçün onların həbsi ömürlük həbsə bərabərdir.

Hadisələrin gedişatı

  1. 17 oktyabr 2024-cü il

    Həbsdə olan Yehovanın Şahidlərinin ümumi sayı: 64

  2. 1 fevral 2021-ci il

    Üç Yehovanın Şahidi həbsdən azad edilir.

  3. 29 yanvar 2021-ci il

    Bir Yehovanın Şahidi həbsdən azad edilir.

  4. 4 dekabr 2020-ci il

    28 Yehovanın Şahidi həbsdən azad edilir.

  5. 6 mart 2018-ci il

    77 yaşlı Habtemikael Mekonen May Serva həbsxanasına keçirildikdən sonra vəfat edir.

  6. 3 yanvar 2018-ci il

    76 yaşlı Habtemikael Tesfamariam May Serva həbsxanasına keçirildikdən sonra vəfat edir.

  7. İyul 2017-ci il

    Yehovanın Şahidlərinin hamısı Mayter düşərgəsindən Əsmərə yaxınlığındakı May Serva həbsxanasına keçirilir.

  8. 25 iyul 2014-cü il

    Aprelin 14-ü həbs edilənlərin çoxu buraxılır; aprelin 27-si həbs edilənlərin 20-si hələ də həbsdə saxlanılır.

  9. 27 aprel 2014-cü il

    Müqəddəs Kitabı araşdıran otuz bir Yehovanın Şahidi dini yığıncaq zamanı həbs edilir.

  10. 14 aprel 2014-cü il

    Məsihin ölümünü anma mərasimi zamanı 90-dan çox Yehovanın Şahidi həbs edilir.

  11. 16 avqust 2012-ci il

    Ağır şəraitdə həbsdə saxlanılan Yohannes Hayle 68 yaşında vəfat edir.

  12. İyul 2011-ci il

    Ağır şəraitdə həbsdə saxlanılan Misgina Qebretinsay 62 yaşında vəfat edir.

  13. 28 iyun 2009-cu il

    Hakimiyyət nümayəndələri dini yığıncaq zamanı Yehovanın Şahidinin evinə reyd keçirir. Yaşı 2-dən 80-dək olan 23 iştirakçının hamısı həbs edilir.

  14. 28 aprel 2009-cu il

    Hakimiyyət nümayəndələri, bir nəfəri çıxmaq şərtilə, polis şöbələrində həbsdə olan Yehovanın Şahidlərinin hamısını Mayter düşərgəsinə keçirir.

  15. 8 iyul 2008-ci il

    Hakimiyyət nümayəndələri Yehovanın Şahidlərinin yaşadıqları evlərə və onların iş yerlərinə reyd keçirir. 24 nəfər həbs edilir. Onların çoxu ailələrini dolandıran kəslərdir.

  16. May 2002-ci il

    Hökumət dörd dövlət dininin nəzdində fəaliyyət göstərməyən bütün dini qrupları qadağan edir.

  17. 25 oktyabr 1994-cü il

    Prezidentin fərmanı ilə Yehovanın Şahidləri vətəndaşlıqdan və əsas vətəndaş hüquqlarından məhrum edilir.

  18. 17 sentyabr 1994-cü il

    Paulos Eyasu, İsaak Moqos və Negede Teklemariam heç bir ittiham irəli sürülmədən həbs olunurlar.

  19. 1950-ci illər

    Eritreyada Yehovanın Şahidlərinin ilk dini icmaları yaradılır.