9 AVQUST 2016-CI İL
ERMƏNİSTAN
Ermənistanda Yehovanın Şahidləri ilk dəfə alternativ mülki xidməti başa vurdular
Ermənistanda alternativ mülki xidməti başa vuran ilk Yehovanın Şahidləri dövlət qarşısında öhdəçiliklərini yerinə yetirdilər. Əvvəlki illərdə etiqadına görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidləri həbs olunurdu. Lakin 2013-cü ildə Ermənistan Respublikası hərbi xidmət əvəzinə alternativ mülki xidmət təqdim etmək üçün qanunvericiliyə dəyişiklik etdi. Hal-hazırda 200-dən çox Yehovanın Şahidinin bu proqramda iştirak etməsinə razılıq verilib. 16 Yehovanın Şahidi isə 2016-cı ilin iyun ayında bu xidməti başa vurub.
Uğurlu alternativ mülki xidmət proqramı
Bu proqramı başa vuran ilk Yehovanın Şahidləri hərbi xidmətdən imtina etdikləri üçün əvvəllər həbs edilmişdilər. Yeni qanun qüvvəyə minəndə həmin Yehovanın Şahidləri alternativ mülki xidmətə göndərildilər. 2014-cü ilin yanvar ayından onlar yaşıllaşdırmada, küçə təmizliyində, tibb müəssisələrində və digər yerlərdə işləməyə başladılar.
Alternativ mülki xidməti başa vuran gənclər şəhərin abadlaşmasında və ehtiyacı olan insanlara kömək etmək kimi faydalı işlərdə çalışmaq imkanı yaratdığı üçün hökumətə minnətdarlıqlarını bildirirlər. Bu yeni proqram sayəsində onlar xidmətlərini başa vurduqdan sonra da üzərlərində cinayətkar damğası olmadan cəmiyyətə faydalı insan kimi yaşamağa davam edirlər.
Davit Arakelyan adlı 22 yaşlı gənc qocalar evində təmizlik işçisi olaraq xidmətini başa vurdu. O deyir: «Alternativ xidmət mənə daha ciddi, məsuliyyətli və zəhmətkeş olmağa kömək etdi. Dövlət qarşısındakı öhdəçiliyimi başqalarına kömək etməklə icra etdiyim üçün sevinirəm. Qocalar evinin rəhbərliyi, işçi heyəti və bəzi sakinləri gördüyümüz işə görə bizi təriflədilər». Mikayıl Manasyan adlı 22 yaşlı gənc isə Fövqəladə Hallar Nazirliyinə təyin edilmişdi. O deyir: «Bu iş sayəsində yeni peşəyə yiyələndim. Artıq bu sahədə özümə iş tapa bilərəm. Mən də vicdanımı ləkələmədən dövlət qarşısında öhdəçiliyimi yerinə yetirdiyim üçün xoşbəxtəm».
Ermənistanın alternativ mülki xidməti qəbul etməsini başqa ölkələr üçün çağırış hesab etmək olar?
Bu yaxınlarda Ermənistan bu məsələ ilə bağlı daha bir addım ataraq konstitusiyaya dəyişiklik etdi və etiqada görə hərbi xidmətdən imtina etmək hüququnu qəbul etdiyini göstərdi. 2015-ci ilin dekabr ayında konstitusiyanın yenilənmiş 41.3 maddəsində yazılır: «Etiqadı və ya dini hərbi xidmət keçməsinə yol verməyən hər bir vətəndaş hərbi xidməti qanun çərçivəsində alternativ xidmətlə əvəz edə bilər». Avropa Şurası Venesiya Komissiyası bu addımı atdığı üçün Ermənistanı tərifləyərək deyir: «Bu “Bayatyan Ermənistana qarşı” a məhkəmə işində verilən qərarın yerinə yetirildiyinin bariz göstəricisidir».
Alternativ mülki xidmət proqramı sayəsində Ermənistan beynəlxalq standartlara uyğunlaşdı. Ermənistan hökuməti əvvəllər etiqadına görə hərbi xidmətdən imtina edənləri cəzalandırırdı. Hökumət artıq onların vicdan azadlıqlarına hörmət edir. Ermənistanın bu cür müsbət davranışı etiqadına görə hərbi xidmət edənləri cəzalandıran digər ölkələr üçün bir çağırışdır. Həmçinin bu proqram həm hökumətin, həm də vətəndaşların xeyrinədir.
Ermənistandakı Yehovanın Şahidlərinin adından danışan Tiqran Harutyunyan deyir: «Çox şadıq ki, Ermənistan hökuməti etiqada görə hərbi xidmətdən imtina etmək hüququ da daxil olmaqla, əsas insan hüquqlarının müdafiəsi üçün müsbət addımlar atır. Artıq Ermənistandakı gənc Yehovanın Şahidləri dövlət qarşısındakı öhdəçiliklərini vicdanlarını ləkələmədən və başqalarının rifahına xidmət etməklə yerinə yetirə bilirlər».
a Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının «Bayatyan Ermənistana qarşı» ([GC], no. 23459/03, AİHM 2011) məhkəmə işi barədə çıxardığı qərar dönüş nöqtəsi oldu. AİHM ilk dəfə bu məhkəmədə Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinin (fikir, vicdan və din azadlığı) etiqadına görə hərbi xidmətdən imtina etmək hüququnu müdafiə etdiyinə qərar verdi.