Kontentə keç

Filippin filialında xidmət edən Elnatan Li (yuxarıda) və İsrael Avez qardaş (aşağıda) Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans və festivalda çıxış etdilər

26 APREL 2021
FİLİPPİN

Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans və festivalda Yehovanın Şahidlərinin Filippindəki tərcümə işi ilə tanışlıq

Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans və festivalda Yehovanın Şahidlərinin Filippindəki tərcümə işi ilə tanışlıq

Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans və festival dünyanın 12 ölkəsindən olan müəllimlərin, beynəlxalq siyasətçilərin, tədqiqatçıların, alimlərin qatıldığı akademik konfransdır. Bu tədbir 2021-ci il fevralın 21-dən martın 20-dək videokonfrans vasitəsilə baş tutmuşdu. Filippin Diliman Universitetinin Dilçilik fakültəsinin üzvü və konfransın sədri dok. Rikardo Nolasko Filippin filialının nümayəndələrini konfransa dəvət etmişdi. Filialda tərcüməçi kimi xidmət edən Elnatan Li və İsrael Avez qardaş martın 9-da Yehovanın Şahidlərinin tərcümə işi ilə bağlı çıxış etdilər. Bu tədbirə videokonfrans vasitəsilə 320 nəfər qoşulmuşdu.

Dok. Rikardo Nolasko qeyd etdi ki, əhali arasında aparılan sorğuya əsasən, Filippində məktəb dərslikləri ilə yanaşı ən çox oxunan kitab Müqəddəs Kitabdır. Buna görə də konfransın bir hissəsi «Filippin dillərində Müqəddəs Kitabın tərcüməsi» adlı mövzuya həsr olunmuşdu. Qardaşlarımız bu mövzuda çıxış etdilər.

İsrael qardaşın çıxışı belə adlanırdı: «Dəqiqlik, aydınlıq, yoxsa hər ikisi? Yerli dillər və Müqəddəs Kitabın tərcüməsində qarşılaşdığımız çətinliklər». O qeyd etdi ki, tərcüməçilər «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni həm dəqiq, həm də başa düşülən dildə tərcümə etməyə çalışıblar. İsrael qardaş dinləyicilərlə bu fikirləri bölüşdü: «Yehovanın Şahidlərinin əsas məqsədi Müqəddəs Kitab əsasında təlim verməkdir. Buna görə də çalışırıq ki, “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi” hətta az sayda insanın danışdığı dillərə də tərcümə olunsun. Bu kitabı həm onlayn formatda oxuya bilərsiniz, həm də ərazinizdəki Yehovanın Şahidlərinin yığıncaqlarından çap formatda əldə edə bilərsiniz. İstəyirik ki, tərcüməçilərin Allahın Kəlamını dəqiq və aydın şəkildə tərcümə etdiyinə özünüz əmin olasınız».

Elnatan qardaş isə «Bütün millətlərdən və dillərdən olan insanların toplanması: Yehovanın Şahidlərinin sərhədləri aşan tərcümə işi» adlı çıxışında tərcümə işinin miqyasından danışdı. O bildirdi ki, bu işi bütün dünyada 6000-dən çox tərcüməçi və könüllü görür. Həmçinin dedi ki, təxminən 1890-cı ildə başlayan tərcümə işi son illər daha da sürətlənib və ən çox dildə mövcud olan jw.org saytındakı dillərin sayı 2019-cu ilin noyabr ayında ən yüksək həddə, 1000-ə çatıb.

Elnatan qardaş çıxışını bu sözlərlə yekunlaşdırdı: «Yehovanın Şahidlərinin nəşrlərini tərcümə edənlər bu işə insanlara xidmət etməyin bir üsulu kimi yanaşırlar. Onların məqsədi odur ki, bütün dünyadakı insanlar tərcümə olunan nəşrləri oxumaqdan həzz alsınlar, məlumat almaqla yanaşı, oxuyub ruhlansınlar».

Biz şadıq ki, konfransda iştirak edənləri tərcümə işimizlə tanış etmək imkanımız oldu. Xoş müjdənin «hər xalqa, tayfaya, dilə» car çəkildiyi indi daha aydın görünür (Vəhy 14:6).